Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2185/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən evinə (kod:**********04110) hesablanmış 4000 (dörd min) manat əsassız borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 30 dekabr 2020-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən yaşadığı ünvan barəsində (abonent kodu: **********04110) qeyri-qanuni olaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı Akt tərtib olunmuşdur. Daha sonra isə 30 dekabr 2020-ci il tarixdə onlara guya qanunsuz sərf olunmuş 22680 kub.metr qazın ödənilməsi barədə tələb irəli sürülmüşdür. Lakin onlara son günlərədək bu barədə heç bir məlumat verən də olmamışdır. Bu barədə məlumatı bir neçə gün əvvəl Cavabdeh İB-nin nəzarətçisi məlumat vermişdir. Bununla bağlı cavabdeh təşkilata müraciət etmiş və ona cavab olaraq bildirilmişlər ki, guya tərəflərindən xx.xx.2020-ci il tarixdə qaz sayğacının üfüqi vəziyyətə qaldırıldığı aşkar olunduğu üçün onlara 4000 manat məbləğində borc hesablanmışdır. Onlar istifadələrində olan qaz xəttinə və sayğacına heç vaxt müdaxilə etməmişlər və istifadə etdikləri qazın dəyərini artıqlaması ilə daim ödəmişlər. Bütün bunların qanunsuz və əsassız olmasını bildirmələrinə baxmayaraq cavabdeh təşkilatın əməkdaşları onların bu iradlarına və tələblərinə məhəl qoymamışlar. Ən önəmli hal da ondan ibarətdir ki, bütün bu aktlar barədə onlara heç bir rəsmi məlumat verilməmişdir. O, həmin aktları tələb edib alarkən orada vəfat etmiş atasının adının önündə (istehlakçının nümayəndəsi bölümü) “İmtina” sözünün yazıldığını müəyyən etmişdir. Bu da onu sübut edir ki, həmin aktlar saxtadır və heç bir hüquqi qüvvəsi yoxdur. Bundan başqa onlara məxsus sayğac mexaniki tiplidir. Bu cür sayğaclara hər ay bir dəfədən az olmayaraq cavabdeh təşkilatın nəzarətçisi baxış keçirir. Ona hesablanmış 4000 manat borc isə 10 il üçün hesablanmış borcdur. Bundan başqa, aktda qeyd olunmuşdur ki, sayğac üfüqi vəziyyətə gətirilib. Əvvəla qeyd edirəm ki, sayğac həmişə üfüqi vəziyyətdə olur. Aktda nəzərdə tutulan üfüqi vəziyyətin isə nəyə səbəb olması müəyyən deyil. Eyni zamanda tərtib olunmuş saxta aktlara əsasən cərimənin hesablanması hansı normativ hüquqi akta, qanuna əsasən aparıldığı müəyyən deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsinə əlavə təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən evinə (kod:**********04110) hesablanmış 5000 (beş min) manat əsassız borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-nə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş abonentə aid hesabdan çıxarışdan məlum olur ki, İddiaçı ayın sonuna borc 2021-ci il üçün 4673.07 manat təşkil edir. İş materiallarında olan Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ünvanında qaz sayğacına baxış keçirilmiş və “abonentin qaz sayğacının üfüqi vəziyyətə qaldırıldığı aşkar olundu” qeyd edilmişdir. İş materiallarında olan Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ünvanında qaz sayğacına baxış keçirilmiş və “abonentin sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ünvanında qaz sayğacına baxış keçirilmiş və “abonentin sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ünvanında qaz sayğacına baxış keçirilmiş və “sayğacdan kənar xətt, qeyri-qanuni birləşmə aşkar olundu” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/4446 saylı, 15 iyul 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatdan görünür ki, kommunal xidmət (qaz, su, elektrik) xətlərinə hər hansı qanunsuz qoşulmaların olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertiza fəaliyyətinin vəzifəsinə aid deyil. Əvvəllər qanunsuz (sayğacdankənar) qoşulma halalrının mövcudluğunun müəyyən edilməsi istiqamətində ekspert tərəfindən hər hansı tədqiqat aparılması metodiki baxışmdan mümkün deyildir. Bundan başqa, kənar qoşulmanın mövcud olması faktı məhkəmə tərəfindən sübut olunarsa, mühəndis-texniki ekspertizası qarşısında qanunsuz (hesabat sayğacından keçməyən və ya müqavilədə nəzərdə tutulmayan) qoşulma yolu ilə sərfiyyatın müəyyən edilməsi barədə sual qoyula bilər. Göstərilənlərə əsasən, hazırki ekspertizanın aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) müvafiq olaraq qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir (3.1.7). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5.5, 5.6). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər (6.1.4). Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.”. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB-si tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müxtəlif tarixli aktlarda “abonent təbii qazdan sayğacdan kənar istifadə edir” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 5000 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulduğundan Cavabdeh İB-yi bu sahəyə nəzarəti həyata keçirən səlahiyyətli orqan olaraq qazdan qeyri-qanuni istifadə edilməsi faktı ilə bağlı müvafiq protokol tərtib etməklə iddiaçının inzibati məsuliyyətə cəlb olunmasını təmin etməli, hazırki mülki işlə bağlı həmin sübutu məhkəməyə təqdim etməli idi. Bununla yanaşı, məhkəmə tərəfindən iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğacdan kənar qaz xətti çəkilməsinin və yaxud əvvəllər çəkilməsinin izlərinin mövcud olmasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/4446 saylı, 15 iyul 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla sözügedən qərardad icra edilmədən məhkəməyə geri qaytarılmış, kənar qoşulmanın mövcud olması faktının məhkəmə tərəfindən sübut olunduğu təqdirdə mühəndis-texniki ekspertizası qarşısında qanunsuz (hesabat sayğacından keçməyən və ya müqavilədə nəzərdə tutulmayan) qoşulma yolu ilə sərfiyyatın müəyyən edilməsi barədə sualın qoyulması mümkünlüyü barədə qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, sübutetmə yükü cavabdeh tərəfin üzərində olduğu halda cavabdeh tərəf iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsini mötəbər sübutlarla təsdiq edə bilmədiyinə görə iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçıya məxsus evə dair hesablanmış 5000 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evi ilə bağlı hesablanmış 5000 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2185/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2185/2022
23.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver