Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2195/2025 29.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi X4 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlunun, Cavabdeh Aqrar Sığorta Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı ilə "xxxx" MMC-nin adından etibarnamə əsasında çıxış edən MKT-Ağcabədi filialı arasında xx.xx.2023-cü il tarixində 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair ********* nömrəli müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən 50 ha torpaq sahəsində pambıq əkmişdir.
2. Həmçinin cavabdeh Aqrar Sığorta Fondu ilə bağlanmış BS-**********-AS, BS-**********- AS və BS-**********-AS saylı sığorta müqavilələrinə əsasən pambıq əkilmiş 50 ha torpaq sahəsinin hər bir hektar üzrə 40 sentiner pambıq məhsulu sığortalanmışdır. Lakin, yağan intensiv yağışlar səbəbindən ümumilikdə 50 ha sahədən 8,06 sentiner pambıq tədarük edilmişdir. Buna görə də İddiaçı "xxxx" MMC-yə 68.435,75 manat məbləğində borcu yaranmış və pretenziya məktundan da göründüyü kimi həmin məbləğ iddiaçıdan tələb olunur.
3. İddiaçı qeyd edir ki, cavabdeh Aqrar Sığorta Fondu ilə bağlanmış BS-**********-AS, BS- **********-AS və BS-**********-AS saylı sığorta müqavilələrinin tələbinə əsasən pambıq əkilmiş 50 ha torpaq sahəsinin hər bir hektarı üzrə 40 sentiner pambıq məhsulu sığortalandığından və hər hektara 31,94 sentiner olmaqla ümumilikdə 159.700 kq xam pambığın dəyəri olan (hər kq-sı 0,80 AZN) 127.760(bir yüz iyirmi yeddi min yeddi yüz altmış) manat məbləğində sığorta pulu (zərər) ödənilməlidir. Lakin, iddiaçının baş vermiş sığorta hadisəsi ilə bağlı cavabdeh Aqrar Sığorta Fonduna müraciət edərək sığorta ödənişinin edilməsini istəməyinə baxmayaraq xx.xx.2024-cü il tarixli, 12-9/2-Ş-42-969/2024 nömrəli məktubla əsassız olaraq sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Beləliklə İddiaçı sığorta ödənişinin verilməsindən imtina edildiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İddiaçının tələbi:
4. İddiaçı cavabdeh Aqrar Sığorta Fondu ilə bağlanmış BS-**********-AS, BS-**********-AS və BS-**********-AS saylı sığorta müqavilələrinin tələbinə əsasən 127.760 (bir yüz iyirmi yeddi min yeddi yüz altmış) manat məbləğində sığorta pulunun (zərərin), həmçinin hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 420(dörd yüz iyirmi) manat pulun, ümumilikdə 128500 (bir yüz iyirmi səkkiz min beş yüz) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı:
5. Cavabdeh Aqrar Sığorta Fondu tərəfindən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində məhkəməyə ərizə ilə müraciət edərək, hadisənin sığorta müqaviləsinin qüvvədə olduğu ərazidən (Ağcabədi rayonu, Ağcabədi şəhəri) fərqli ərazidə (X3 kəndi) baş verməsi və sığorta təminatının başladığı tarixdən, yəni xx.xx.2023-cü il tarixindən əvvəl baş verməsi səbəbindən (hadisə xx.xx.2023-cü il tarixdə baş vermişdir) 2024-cü il 26 avqust tarixli 12-9/2-Ş-42-969/2024 nömrəli məktub ilə sığortalıya dəymiş zərərə görə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Cavabdeh öz etirazında AR Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 2.3.1-ci yarımbəndinin 10-cu abzasına əsaslanaraq sığorta tələbinin sığorta müqaviləsində göstərilən sığorta predmetinə təminat verilmiş ərazinin xaricində müəyyən edilən zərərlə bağlı olması nəticəsində yaranan zərərlərə görə sığorta təminatı verilmədiyini qeyd etmişdir. Son olaraq cavabdeh məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatı:
6. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədə iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh Aqrar Sığorta Fondunun nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, iddiaçının sığorta ödənişi ilə bağlı müraciətinə imtina edilməsinin iki əsas səbəbi olmuşdur. Bunlardan biri sığorta hadisəsinin baş verdiyi ərizi ilə sığorta müqaviləsində qeyd edilən ərazilərin bir-birindən uzaq məsafələrdə yerləşməsi , yəni fərqli ərazilər olmasıdır. İkinci isə sığorta hadisəsinin baş verdiyi zamandır ki, İddiaçı ilə bağlanmış sığorta müqavilələri xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş, sığorta təminatı isə Qaydaların 1.6.9-cu yarımbəndinə və bağlanmış müqaviləyə uyğun olaraq sığorta haqqı ödənildikdən 7 gün sonra, yəni xx.xx.2023-cü il tarixində başlanmış, hadisə isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2023-cü il tarixli 3-14-20/2-915/2023 nömrəli məktubuna əsasən xx.xx.2023-cü il tarixdə X3 kəndi ərazisində baş vermişdir. Cavabdeh sığorta hadisəsinin nə ərazi, nə də zaman baxımından müqavilə çərçivəsində baş vermədiyini əsas gətirərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
8. İddiaçı ilə "xxxx" MMC-nin adından etibarnamə əsasında çıxış edən MKT-Ağcabədi filialı arasında xx.xx.2023-cü il tarixli ********* nömrəli müqaviləyə əsasən, iddiaçı 50 ha torpaq sahəsinə pambıq əkərək, 15 noyabr 2023-cü il tarixindən gec olmaması şərti ilə hər hektardan 25 sentnerdən az olmayaraq xam pambığı alıcı MKT-Ağcabədi filialına tədarük etməyi öz öhdəsinə götürmüşdür.
9. İddiaçı ilə cavabdeh Aqrar Sığorta Fondu arasında bağlanmış BS-**********-AS, BS- **********-AS və BS-**********-AS saylı sığorta müqavilələrinə əsasən, sığorta predmetinin yerləşdiyi ərazi Ağcabədi şəhəridir, sığortanın qüvvədə olduğu müddət xx.xx.2023-xx.xx.2023cü il tarix aralığıdır, sığorta təminatı müddəti sığorta haqqı ödənildiyi tarixdən 7 gün sonra başlanır və 50 ha torpaq sahəsinin hər bir hektar üzrə 40 sentiner pambıq məhsulu sığortalanmışdır.
10. xx.xx.2023-cü il tarixli Aqrar Sığorta Fondu tərəfindən aparılan ekspertiza zamanı sahədə pambıq əkildiyi və tam yetişmə fazasında olduğu aşkar olunmuş, məhsuldarlıq aparılan sayma və hesablamalar nəticəsində 37.611 s/ha olaraq müəyyən edilmişdir. Sığortalı 13.74 ha pambıq sahəsində aparılan ekspertiza işi nəticəsində məlum olmuşdur ki, 1 ha hissədə selsubasma zərəri vardır və ifrat yağışlar nəticəsində ətrafdakı dağlıq ərazilərdən gələn səth suları sahədə sel subasmaya səbəb olmuşdur. Nəticədə zərər dəymiş ərazidə bitkilərin inkişafı pozulmuş və bitki ölümləri baş vermişdir. Qalan 12.74 ha sahəda təminat daxilində zərər olmadığı aşkarlanmışdır.
11. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2025-ci il tarixli, 9/3605 nömrəli məhkəmə məhkəmə-mühasibətlıq ekspertiza rəyinə əsasən, təqdiqatın nəticəsi: Məhkəmə-mühasibat ekspertizası mühasibat sənədlərinin məlumatları əsasında aparılan tədqiqatdır. Mütəxəssis tərəfindən aparılmış tədqiqatın, BS-**********-AS, BS-**********-AS və BS-**********-AS saylı sığorta müqavilələri üzrə real məhsuldarlığın, onun bazar dəyərinin, yekun zərərin və sığorta ödənişinin doğruluğunu müəyyən etmək ekspert mühasibin xüsusi biliyi xaricindədir. Beləliklə, rəyin tədqiqat hissəsində göstərilənlərə "Hadisələrin tənzimlənməsi və araşdırılması şöbəsi"-nin mütəxəssisi tərəfindən tərtib edilmiş arayışa məhkəmə tərəfindən qiymət verildikdən, BS-**********-AS, BS-**********-AS ve BS-**********-AS saylı sığorta müqavilələri üzrə ödənilməli sığorta məbləği müəyyən edildikdən sonra, məhkəmə-mühasibat ekspertinin qarşısında həmin sığorta məbləğinin konkret olaraq hansı tarixdən hansı dövrədək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 934-cü maddəsinə əsasən hər gecikdirilmiş gün üçün sığorta ödənişinin məbləğinin 0,1 faizi həcmində dəbbə pulu məbləğinin nə qədər təşkil etməsi ilə bağlı sual qoyulduqdan sonra tədqiqat aparıla bilər.
12. “Fame Pro” qiymətləndirmə mərkəzinin xx.xx.2025-ci il tarixli, 01/25-815 saylı qiymətləndirmə rəyinə əsasən, nəticələr aşağıdakı kimi qeyd edilmişdir; 12.1.Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən (BS-**********-AS saylı müqavilə üzrə 5.63 faiz, BS-**********-AS saylı müqavilə üzrə 77.38 faiz və BS-**********-AS saylı müqavilə üzrə isə 75.53 faiz), ümumi məhsuldarlıq 40 sentner olmaqla, 1 sentner məhsulun bazar dəyəri 80 AZN-dən hesablanaraq (əkin sahəsi "ha") bir hektar sahənin sığorta dəyəri( yəni 1 sentner məhsul 80 AZN olduğu üçün 40 senter məhsulun bazar dəyəri 40 X 80 AZN = 3200 AZN) 3200 AZN olmaqla hər bir müqavilə üzrə sığorta məbləğləri aşağıda qeyd edilmişdir:
1. BS-**********-AS saylı müqavilə üzrə sığorta məbləği (əkin sahəsi 13.74 ha) -3200 AZN x 13.7443 968 manat
2. BS-**********-AS saylı müqavilə üzrə sığorta məbləği (əkin sahəsi 26.63 ha) -3200 AZN x 26.6385 216 manat
3. BS-**********-AS saylı müqavilə üzrə sığorta məbləği (əkin sahəsi 12.9 ha) -3200AZN x 12.941 280 manatdır.
12.2. Mülki iş materiallarında olan sənədlərə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 934-cü maddəsinə əsasən hər gecikdirilmiş gün üçün (xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər ümumilikdə 555 gün) sığorta ödəniş məbləğinin 0.1 faiz həcmində dəbbə pulunun müəyyən edilməsi: (nümunə məbləğ x 0,1% x gecikmə müddəti (555 gün))
1. BS-**********-AS saylı müqavilə əsasən ödənilməli 2475,39 manata görə dəbbə pullu : 2475,39 x 0,1% x 555=1373,84 manat
2. BS-**********-AS saylı müqavilə əsasən ödənilməli 65 940,14 manata görə dəbbə pulu: 65 940,14 x 0,1% x 555 = 36 596,77 manat
3. BS-**********-AS saylı müqavilə əsasən ödənilməli 31 178,78 manata görə dəbbə pulu: 31 178,78 x 0,1% x 555 17 304,22 manat təşkil edir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 924.3. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
14. Aqrar sığorta haqqında Azərbaycan Respublikasının Qanunu: 4.1. Bu Qanunun tələblərinə uyğun olaraq aşağıdakılar aqrar sığortanın predmeti sayılır: 4.1.1. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla); 4.1.2. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar; 4.1.3. akvakultura məhsulu. 5.1. Kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır: 5.1.1. təbii fəlakətlər; 5.1.2. yanğınlar; 5.1.3. bitki xəstəlikləri və zərərvericilər; 5.1.4. yoluxucu xəstəliklər və zəhərlənmələr; 5.1.5. vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu; 5.1.6. üçüncü şəxslərin hərəkətləri. 5.2. Aqrar sığortalının sığorta hadisəsinin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətləri aqrar sığortanın riski ola bilməz. 5.3. Bu Qanunun 5.1-ci maddəsində sadalanan aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 7.1. Aqrar sığorta haqqı sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanır və aşağıdakı hissələrdən ibarətdir: 7.1.1. aqrar sığortalı tərəfindən ödənilməli olan hissə; 7.1.2. dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə. 7.2. Aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 7.3. Aqrar sığortalı tərəfindən ödənilməli olan hissə birbaşa aqrar sığorta orqanının bank hesabına ödənilir.
15. “Aqrar sığorta Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixli 431 nömrəli Qərarı: 1.2.1. Bu Qaydalarda aşağıdakı anlayışlardan istifadə edilir:
1. Aqrar Sığorta Fondu (bundan sonra – Fond) - Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən qeyri-kommersiya hüquqi şəxs;
11. şərtsiz gözləmə müddəti - sığorta tələbi və ya sığorta ödənişinin sığorta hadisəsinin baş verməsindən keçən müddət ərzində yaranan itkilərə şamil edilmədiyi müddət; 1.5.1. Sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. 1.5.2. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə ting (şitil) və ağac (kol) təminatına dair sığorta müqavilələrində sığorta predmetinə tam zərər dəyməsi faktı sığorta hadisəsi hesab edilir. 1.5.3. Sığorta təminatı verilməmiş və (və ya) istisna edilmiş risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi hesab edilmir. 1.6.1. Sığorta məbləği bu Qaydaların 1.6.2-1.6.4-cü yarımbəndlərinin tələbləri nəzərə alınmaqla sığorta müqaviləsi ilə müəyyənləşdirilir. 1.6.9. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə 7 gün şərtsiz gözləmə müddəti müəyyən olunur. 1.10.1. Sığorta müqaviləsi sığortalının müraciəti əsasında ASİS vasitəsilə sığortalı ilə Fondun adından idarəedici qurum arasında bağlanılır. 1.10.2. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanılır:
1. tərəflərin bu Qaydalar əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;
2. sığortalının bu Qaydalarla tanış olmasını və onun şərtləri ilə razılaşmasını təsdiq etməsi şərti ilə idarəedici qurum tərəfindən sığortalıya sığorta şəhadətnaməsinin verilməsi yolu ilə. 1.10.3. Sığorta müqaviləsi bu Qaydaların 1.10.2-ci yarımbəndinin 2-ci abzasında nəzərdə tutulmuş qaydada bağlanıldıqda sığorta şəhadətnaməsinin verilməsi sığorta müqaviləsinin bağlanılması faktını təsdiq edir. Sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır. 1.10.4. Sığorta müqaviləsi elektron sənəd formasında da bağlanıla bilər. 1.10.5. Sığorta müqaviləsi ASİS-də qeydə alınır. 1.10.6. Sığorta müqaviləsinin bağlanılma qaydası və müddətləri sığorta predmetlərinin hər biri üzrə bu Qaydaların 2.4-cü, 3.4-cü və 4.4-cü bəndlərində müəyyən edilir. 1.10.7. Sığorta müqaviləsi vasitəçi aqrar sığortaçının vasitəçiliyi ilə bağlanılır. 1.10.8. Sığorta təminatının müddəti sığorta müqaviləsi ilə müəyyən olunur. 2.2.1. Sığorta məhsulunun şərtləri ilə müəyyən olunmuş aşağıda qeyd olunan bir və ya bir neçə risk nəticəsində kənd təsərrüfatı bitkilərinə dəymiş zərərin miqdarına sığorta müqaviləsi ilə təminat verilir: 1. dolu;2. yanğın; 3. zəlzələ; 4. torpaq sürüşməsi; 5. qasırğa; 6. fırtına; 6-1. sel və ya subasma; 6-2. leysan; 6-3. şaxtavurma (donvurma); 6-4. normadan artıq yağan qar yağıntıları; 7. bitki xəstəlikləri və zərərvericiləri; 7-1. vəhşi heyvanların hücumu; 8. xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu; 9. üçüncü şəxslərin hərəkətləri. 2.3.1. Aşağıdakı hallar nəticəsində yaranan zərərlərə görə sığorta təminatı verilmir:
1. biçimi və ya yığımı aparılan məhsulların bağ, bağça və tarlalarda saxlanılması;
2. səbəbindən asılı olmayaraq ASİS-də elan edilmiş biçin və ya yığım tarixindən gec biçinin və yığımın həyata keçirilməsi;
4. təminat altına alınan risklərin baş verib-verməməsindən asılı olmayaraq məhsulla bağlı aqrotexniki tədbirlərin tam və ya düzgün həyata keçirilməməsi;
5. quraqlıq;
6. sığorta tələbi sığortalının cərimə, dəbbə pulu, penya ödəməsi üzrə əmlak mənafeləri, mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;
7. hadisə tətil, lokaut, qiyam, üsyan, xalq hərəkatları, daxili münaqişə və bunların səbəb olduğu hərbi və inzibati tədbirlər ilə bağlı olduqda;
8. hadisə nüvə partlayışı, radiasiya, bioloji, kimyəvi və ya radioaktiv çirklənmə, habelə bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlər ilə bağlı olduqda;
9. sığorta tələbi təminat verilən riskin baş verməsi nəticəsində yaranan dolayı zərərlə bağlı olduqda;
10. sığorta tələbi sığorta müqaviləsində göstərilən sığorta predmetinə təminat verilmiş ərazinin xaricində müəyyən edilən zərərlə bağlı olduqda;
11. sığorta müqaviləsində göstərilən və təminat verilən kənd təsərrüfatı məhsulu, həmin məhsulun növü ilə ərazidə aşkar olunan məhsul və növün fərqli olması faktı;
12. bu Qaydaların 2.2.2-ci yarımbəndi istisna olmaqla, təminat verilən risklər nəticəsində məhsulda yaranan keyfiyyət itkisi;
13. sığorta tələbi qrunt sularının səviyyəsinin artması nəticəsində əmələ gələn zərərlərlə bağlı olduqda;
14. sığorta tələbi sel və ya subasma riskinin baş verməsinin qarşısının alınması məqsədilə quraşdırılan maneələrlə göl, çay, dərə və kanallar arasında qalan ərazilərdə əkilmiş bitkilərin məhsullarına dəyən zərərlə bağlı olduqda;
15. sığorta tələbi günəbaxan bitkisində dən əmələ gəlməsindən əvvəlki fenoloji dövrlərdə quşların vurduğu zərərlərlə bağlı olduqda.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə mülki iş üzrə tərəfin izahını, iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
18. İddiaçı cavabdeh Aqrar Sığorta Fondu ilə bağlanmış BS-**********-AS, BS-**********-AS və BS-**********-AS saylı sığorta müqavilələrinin tələbinə əsasən 127.760 (bir yüz iyirmi yeddi min yeddi yüz altmış) manat məbləğində sığorta pulunun (zərərin) cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tləbindən də göründüyü kimi, hazırki mülki mübahisənin hüquqi əsası sığort müqaviləsi nəticəsinə əmələ gəlmiş öhdəliklərdir.
19. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı ilə "xxxx" MMC-nin adından etibarnamə əsasında çıxış edən MKT-Ağcabədi filialı arasında xx.xx.2023-cü il tarixli ********* nömrəli müqaviləyə əsasən, iddiaçı 50 ha torpaq sahəsinə pambıq əkərək, 15 noyabr 2023-cü il tarixindən gec olmaması şərti ilə hər hektardan 25 sentnerdən az olmayaraq xam pambığı alıcı MKT-Ağcabədi filialına tədarük etməyi öz öhdəsinə götürmüşdür.(§8) İddiaçı ilə cavabdeh Aqrar Sığorta Fondu arasında bağlanmış BS-**********-AS, BS-**********-AS və BS-**********-AS saylı sığorta müqavilələrinə əsasən, sığorta predmetinin yerləşdiyi ərazi Ağcabədi şəhəridir, sığortanın qüvvədə olduğu müddət xx.xx.2023-xx.xx.2023-cü il tarix aralığıdır, sığorta təminatı müddəti sığorta haqqı ödənildiyi tarixdən 7 gün sonra başlanır və 50 ha torpaq sahəsinin hər bir hektar üzrə 40 sentiner pambıq məhsulu sığortalanmışdır. (§9)
20. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı ilə bağlanmış sığorta müqavilələri xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş, sığorta təminatı isə Qaydaların 1.6.9-cu yarımbəndinə və bağlanmış müqaviləyə uyğun olaraq sığorta haqqı ödənildikdən 7 gün sonra, yəni xx.xx.2023-cü il tarixində başlanmışdır. xx.xx.2023-cü il tarixdə sığortalı şəxsdən ona məxsus pambıq sahəsinə intensiv yağışlar nəticəsində sığorta hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olmuşdur.
21. Eyni zamanda, müki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, hadisənin araşdırılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə xx.xx.2023-cü il tarxli, 12- 9-1/2-880/2023 sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq daxil olan xx.xx.2023-cü il tarixli, 3-14-20/2-915/2023 nömrəli məktuba əsasən xx.xx.2023-cü il tarixdə X3 kəndi ərazisindən keçən hissəsində sel baş verməsi göstərilmişdir. Baş vermiş sel hadisəsinin təsdiq olunduğu ünvanın sığorta müqaviləsinin qüvvədə olduğu (Ağcabədi rayonu, Ağcabədi şəhəri) və zərərin qiymətləndirilməsi üçün müstəqil ekspertə təqdim edilmiş əkin sahəsinin sığortalanmış ərazinin ünvanından fərqli ərazidə olması aşkar edilmişdir.
22. Qeyd edilənlərə əsasən, o cümlədən, sığortalı ilə bağlanmış BS-**********-AS, BS- **********-AS, BS-**********-AS nömrəli sığorta müqavilələri xx.xx.2023-cü il tarixində qüvvəyə mindiyindən və müqavilə şərtlərinə görə sığorta təminatının sığorta haqqının ödənilməsindən 7 gün sonra başlandığını əsas gətirərək cavabdeh tərəf iddiaçıya sığorta ödənişinin verilməsindən imtina etmişdir.
23. Məhkəmə hesab edir ki, hadisənin sığorta müqaviləsinin qüvvədə olduğu ərazidən (Ağcabədi rayonu, Ağcabədi şəhəri) fərqli ərazidə (X3 kəndi) baş verməsi və sığorta təminatının başladığı tarixdən, yəni xx.xx.2023-cü il tarixindən əvvəl baş verməsi səbəbindən (hadisə xx.xx.2023-cü il arixdə baş vermişdir) 2024-cü il 26 avqust tarixli 12-9/2-Ş-42-969/2024 nömrəli məktub ilə cavabdehin iddiaçıya dəymiş zərərə görə sığorta ödənişinin verilməsindən imtina etməkdə haqlı olmuşdur.
24. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
Məhkəmə xərcləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçının özünə aid edilməlidir.
27. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilməsin.
2. Ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçının özünə aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova