Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2255/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və yetkinlik yaşına çatmayan X16 mülkiyyətində olan ünvan 1 evin, 108 saylı ünvanda olan mənzildən istifadə hüququnun 10000 manat kompensasiya ödənilməsi ilə itirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçının oğlu X28 ilə Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-507/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə nikahı pozulmuş və onların nikahından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X29 anası Cavabdeh yanında qalması qət edilmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2079/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh azyaşlı uşağı ilə Bakı şəhəri, R.Məmmədov küçəsi, 26 saylı evin, 108 saylı mənzilinə köçürülməsi qət edilmişdir, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(011)-2969/2009 saylı qətnaməsi ilə AslanovaSevda Tarzan qızının cavabdehlər İddiaçı, X22, X6, X17, X18 qarşı mənzildən istifadə qaydasının müəyyən olunması, cavabdehlərin qanunazidd əməllərinə qadağa qoyulmasına dair iddia tələbi qismən təmin edilmiş və İddiaçı X8 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 26 saylı evin, 108 saylı mənzilinə istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması vəzifəsi tapşırılmışdır. Cavabdeh yetkinlik yaşına çatmayan övladı ilə birgə artıq 2007-ci il tarixindən bu günkü günədək bir gün belə olsa iddiaçının mülkiyyətində olan Bakı şəhəri, R.Məmmədov küçəsi, 26 saylı evin, 108 saylı mənzilində yaşamamışdır, həmçinin iddiaçının oğlu 2010-cu il tarixində ailə həyatı qurub və həmin evlilikdən iki övladı vardır, hal-hazırda evdə 8 nəfər (İddiaçı, X9, X26, X3, X4, X28, X33, X27) yaşayır, mənzilin bir otağının qapısı hal-hazırdada bağlı vəziyyətdə saxlanılır və Cavabdeh yaşamaq icazəsi olduğu halda nə o evdə yaşamır, nə də ki, həmin otağın istifadə olunmasına razılıq verir, cavadeh Cavabdeh qərəzli şəkildə etdiyi bu hərəkət iddiaçının mülkiyyət hüququmu məhdudlaşdırır və evdə yaşayan 8 nəfər şəxsin də həmin otaqdan istifadə hüququnu məhdudlaşdırır, həmçinin, cavabdeh evdə 2007-ci il tarixindən bir gün belə yaşamamaqla yanaşı kommunal ödənişlərin həyata keçirilməsində belə iştirak etməmişdir, dəfələrlə şifahi formada kompensasiya ödənilməsi şərti ilə istifadə hüququna xitam verilməsi ilə bağlı təklifi bildirilsə də razılıq olmamışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunmasını, məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə yazılı ərizə ilə müraciət edərək və ərizəsinə uyğun olaraq bildirmişdir ki, iddia tələbini qəbul edir, birdəfəlik 10000 manat kompensasiya ödəməklə istifadə hüququna xitam verilməsinə, həmçinin qeydiyyatdan çıxarılmasına razıdır. Sonda Cavabdeh qeyd etdiklərinin məhkəmə tərəfindən nəzərə alımasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xətai rayon Məhkəməsinin 2-507 2007 saylı 16 avqust 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Anar Aydın oğlu X2 arasında 2005-ci il tarixdə oktaybrın 11-də Bakı şəhərinin Xətai rayon VVADQ şöbəsində bağlanmış və 1292 № ilə qeyd edilmiş nikahın pozulması, Anar Aydın oğlu X1 nikahından anadan olmuş 2006-cı il 20 iyul təvəllüdlü X21 anası X7 yanında qalması qət edilmişdir. İş materiallarında olan Xətai rayon Məhkəməsinin 2-2079/2007 saylı 22 oktyabr 2007-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh azyaşlı övladı ilə Bakı şəhəri, R.Məmmədov küçəsi ev 26, mənzil 108-ə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2969/09 saylı 28 oktyabr 2009-cu il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 26 saylı evin, 108 saylı mənzilinə istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması vəzifəsinin tapşırılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Kollegiyasının 2(103)-73/2010 saylı 24 fevral 2010-cu il tarixli Qətnaməsinin surətindən görünür ki, hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 oktyabr 2009-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2010-cu il tarixli 2(102)-2240/10 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi MİÜK-nın 24 fevral 2010-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı və onun vəkili X35 oğlunun kassasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi MİÜK-nın 24 fevral 2010-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası “X11” tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli 14 №-li hesabatdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən ümumi sahəsi 50 kv.m-dən ibarət olan orta təmirli mənzilin qiymətləndirmə tarixinə olan aylıq kirayə haqqı 320 manat müəyyən edilir. İş materiallarında olan Müdafiə Nazirliyi Bakı Qarnizonu 9 №-li Mənzil-istismar Sahəsi tərəfindən verilmiş 137 №-li xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayon, 7-ci dairəvi küçəsi 10 saylı evində X23, X24, X13, X14 və X19 yaşayırlar. İş materiallarında olan Qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi 26 saylı evin, 108 saylı mənzil xx.xx.1994-cü il tarixdən tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, cavabdeh və iddiaçının oğlu arasında bağlanmış nikah Xətai rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan anadan olmuş uşağın anası X7 yanında qalması qət edilmişdir, Xətai rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə, Cavabdeh azyaşlı övladı ilə Bakı şəhəri, R.Məmmədov küçəsi ev 26, mənzil 108-ə köçürülməsi qət edilmişdir, Xətai rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 26 saylı evin, 108 saylı mənzilinə istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması vəzifəsinin tapşırılması qət edilmişdir, cavabdeh xx.xx.2005-ci il tarixdən həmin ünvanda pasport qeydiyyatındadır, istifadə hüququnun itirilməsi məqsədilə təklif edilən kompensasiya məbləği 10000 manatdır, cavabdeh iddia tələbini qəbul edir və həmin 10000 manat məbləğində kompensasiya ödəniləcəyi halda mənzilə istifadə hüquqlarına xitam verilməsinə və mənzildən qeydiyyatdan çıxarılmasına etiraz etmir. Bununla belə, cavabdehin yetkinlik yaşına çatmayan övladı ilə birlikdə kompensasiya verilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan Cavabdeh və onun övladına qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, kompensasiya məbləğinə münasibətdə qeyd edir ki, bu məbləğ müəyyən olunarkən, mənzilin şəraiti, həmin ərazidə olan yaşayış sahələrinin kirayə haqlarının məbləği, cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, habelə tərəflərin arasında bu barədə razılığın olması nəzərə alınmalı, bu məqsədlə də təklif edilən 10000 manat məbləğdə kompensasiya ağlabatan həddə hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyə görə, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarda təsbit olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin tətbiq edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə xx.xx.2015-ci tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub, maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. Mülkiyyət anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh və yetkinlik yaşına çatmayan X16 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 26 saylı evin, 108 saylı mənzilindən istifadə hüququna İddiaçı tərəfindən 10.000 manat kompensasiya verilməklə xitam verilməlidir. Bununla bərabər məhkəmə qeyd edir ki, Cavabdeh və yetkinlik yaşına çatmayan X16 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi ev 26, mənzil 108-dən istifadə hüquqlarına xitam verilməsi onların həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh və yetkinlik yaşına çatmayan övladı X16 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi ev 26, 108 saylı mənzilindən istifadə hüququna İddiaçı tərəfindən 10000 (on min) manat kompensasiya ödənilməklə xitam verilsin. Qətnamə eyni vaxtda icra edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2255/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2255/2023
13.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver