Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2275/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, yaşadığı ünvanda ona məxsus evdə uzun müddətdir qanunauyğun sənədləşdirilməklə sayğac vasitəsilə qazdan istifadə olunur, mənzildə istifadə edilən qazın dəyərinin ödənilməsi üçün **********02610 nömrəli abonent kodu verilmişdir. 12 oktyabr 2023-cü ildə Cavabdeh İB-nin nümayəndələri iddiaçının iştirakı və məlumatı olmadan tam işlək vəziyyətdə olan 11460984 nömrəli sayğac açılmış, əvəzində yeni qaz sayğacı quraşdırılmış və bu barədə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib etmişlər. Bir neçə gün sonradan iddiaçı yaşadığı evə nəzarətçi tərəfindən təqdim edilmiş bildirişdə onun istifadə etdiyi qazın dəyərindən çox borc yazıldığını müəyyən etmişdir. Bununla bağlı cavabdeh müəssisənin satış bazası ilə maraqlandıqda iddiaçıya bildirilmişdir ki, yaşadığı ünvandan çıxarılmış sayğac laboratoriyada yoxlamadan keçirilmiş və sayğacın yararsız olduğu aşkar edilmişdir. Halbuki yoxlama aparılarkən istehlakçı kimi iddiaçıya yoxlamanın keçirildiyi yer və vaxt barədə məlumat verilməmiş və onun iştirakı təmin olunmamışdır. Daha sonra iddiaçının cavabdeh müəssisədən əldə etdiyi sənəddən məlum olmuşdur ki, iddiaçının məlumatı və iştirakı olmadan 30 oktyabr 2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. MS-14-2-2/3-5-10709/Q001 nömrəli rəyinə əsasən bildirilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı deşikdir. Həmin akt iddiaçı tərəfindən imzalanmamış və “aktın imzalanmasından imtina etdi” kimi qeyd edilmişdir. Bundan başqa xx.xx.2023-cü ildə sayğac götürülsə də, bir neçə gün sonra birtərəfli qaydada iddiaçının iştirakı və məlumatı olmadan xx.xx.2023-cü il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmişdir. İddiaçının istifadəsində olan sayğacın götürülməsinə qədər və ondan sonra da cavabdeh müəssisənin nəzarətçisi hər ay sayğaca baxış keçirmiş, göstəricisi qeydiyyata alaraq bildiriş vermiş və sayğacda heç bir qüsur aşkar etməmişdir. İddiaçı hər ay nümunəvi vətəndaş kimi təbii qazdan istifadəyə görə sayğacda göstərilən və nəzarətçi tərəfindən təqdim edilmiş bildirişdə göstərilən sərfiyyata uyğun məbləği cavabdehin ünvanına ödəmişdir. İddiaçı qeyd edir ki, sayğac onun mülkiyyətində olan ərazidə yox, yolda və həyətyanı sahədən kənarda quraşdırılmışdır, iddiaçının ona müdaxilə etməyi və onu kənar müdaxilələrdən güdməyi qeyri-mümkündür. Bundan əlavə qaz paylayıcısı sayğacın üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə (qutu ilə) örtməmişdir. Həmçinin cavabdeh 30 oktyabr 2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt əsasında Zaqatala RQİİ 30 oktyabr 2023-cü il tarixdə qərar qəbul etmişdir, akta əsasən itirilmiş qazın bərpası üzrə 90 gün (3 ay) üçün 6480 m3 (777,60 manat) və sayğacın dəyərinin ödənilməsi tələb edilmişdir. Dəymiş ziyanı nəzərdə tutan 777,60 manat və sayğacın dəyəri heç bir normativ hüquqi akta əsaslanmadan, eləcə də “Qazın alqı-satqı” müqaviləsinin şərtlərinə zidd olaraq cavabdeh tərəfindən birtərəfli qaydada hesablanmış və məcburi qaydada ödənilməsi üçün istehlakçıya təqdim edilmişdir. İddiaçı hesab edir ki, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və onun əsasında qərarın qəbul edilməsi qanunvericiliyin tələblərinə tamamilə ziddiyət təşkil edir və ona görə də ******* nömrəli akt, onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli qərar özü özlüyündə etibarsızdır və əsassız hesablanmış borc onun qaz hesabından silinməlidir. İddiaçı qeyd edir ki, “Qazın alqı-satqı” müqaviləsində paylayıcının və istehlakçının həmin müqavilə üzrə vəzifələri və hüquqları müəyyən edilmişdir və həmin müqavilə şərtlərində qaz paylayıcısının heç bir halda istehlakçıya münasibətdə güc və ya məcburetmə tətbiq olunması hüququ, eləcə də istehlakçının məcburetmə tələbləri ilə müəyyən hərəkətlərin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır, əksinə müqavilənin 3.6-cı bəndində göstərilmişdir ki, istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Cavabdeh tərəfindən birtərəfli qaydada istehlakçı barədə hər hansısa məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçıdan tələb edilməsi “Qazdan istifadə Qaydaları”nın tələblərinə, tərəflər arasındakı “Qazın alqı-satqı” müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə birbaşa ziddir, güc və ya məcburetmə tətbiq olunması yalnız dövlətin inhisarındadır və bu məqsədlə mülki-prosessual qanunla və İcra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edilir. Habelə, paylayıcı yalnız qaz sayğacının göstəricisinə əsasən istifadə olunan qazın həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmalıdır, mülki işdə olan sənədlərdən göründüyü kimi iddiaçının istifadəsindəki sayğac xx.xx.2023cü ildə götürülmüş, xx.xx.2023-cü ildə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, həmin akt əsasında verilmiş xx.xx.2023-cü il tarixli qərarla itirilmiş təbii qazın həcmi 6480 m müəyyən edilmiş, onun pul dəyəri isə 0,12 qəpiklə hesablanaraq 3 ay ərzində fantastik bir rəqəm olan 777,60 manat tələb edilmişdir. Mövcud qanunvericilik fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sayğacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qay paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu baxımdan Cavabdeh İB-nin Zaqatala RQİİ-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda 11460984 nömrəli sayğaca baxış zamanı “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib” qeydi, eləcə də istehlakçı barəsində 777,60 manat məbləğində maliyyə-pul sanksiyasının tətbiq edilməsi və qaz sayğacının dəyərinin ödənilməsi tələbi qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası DNŞ-i Cavabdeh İB-nin rəy aktında göstərilən “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib” qeydləri də qətiyyən həmin əməllərin bilavasitə özü tərəfindən törədilməsi, eləcə də qaz sayğacından keçən qazın sayğac tərəfindən qeydə alınmaması anlamına gələ bilməz. İddiaçı bildirir ki, mübahisəli aktda iddiaçı tərəfindən qazdan istifadə zamanı pozuntuya yol verilməsi göstərilməsinə baxmayaraq həmin akt qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edildiyindən qanunu pozmaqla əldə edilmiş sübut kimi iş üzrə hər hansı bir halın təsdiq və təkzib edilməsində istifadə edilə bilməz və aktda istehlakçının aktı imza etməkdən imtina etməsi ilə bağlı imza qeydiyyatı aparılmasına baxmayaraq, istehlakçının həmin aktı həqiqətən də imzalamaqdan imtina etməsi (“İstehlakçı öldüyündən imza etməsi mümkün deyildir”) mübahisənin həllində maraqlı olan cavabdehin əməkdaşlarının imzasından başqa heç bir sübutla təsdiqlənməmişdir. İddiaçı qeyd edir ki, onun evində yerləşən qazdan istifadə edilməklə işlədilən, qızdırılan və s. məişət əşyalarının qızdırılması üçün sərf edilməli olan qaz həcmi ilə bağlı qeyd edilənlər də subyektiv fikirlərdir, belə ki, həmin əşyaların hamısının qış vaxtı və s. vaxtlarda mütəmadi olaraq işləməsi, yaxud hərdən bir işlədilməsi, həmin əşyaların hansı intensivlikdə istifadə olunması barədə sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir, həmçinin sayğacın götürülməsi zamanı birtərəfli şəkildə aparılan qeydləri təsdiq edən foto-şəkillər və video-görüntülər akta əlavə edilməmiş, şahidlər cəlb olunmamışdır. Fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının cavabdehliyini birmənalı şəkildə qaz paylayıcısı daşıdığından,qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericilikdə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar edilən hər hansısa nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tətbiq edilə bilməz. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən istehlakçı barəsində birtərəfli qaydada, heç bir müvafiq araşdırma aparmadan pul sanksiyasının tətbiq edilməsi və sayğacın dəyərinin ödənilməsinin ondan tələb edilməsi onun təqsirsizlik prezumpsiyası hüququnun da pozulması ilə nəticələnmişdir və mövcud qanunvericiliyə, “Qaz təchizatı haqqında” Qanuna və “Qazdan istifadə Qaydaları”na əsasən, qaz paylayıcısı olaraq Cavabdehnə ümumiyyətlə istehlakçılar barəsində hər hansısa məsuliyyət tədbiri tətbiq edilməsi səlahiyyəti və ya hüququ verilməmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh Zaqatala X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 oktyabr 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış itirilmiş qazın bərpasına dair 6480 m3 qazın dəyəri olan 777,60 manat borcun **********02610 saylı abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı (abonent kodu: **********02610) 2023-cü il üçün 777,60 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 oktyabr 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir” kimi qeyd edilmişdir. İş materiallarında olan Dəymiş ziyanın bərpasına dair 30 oktyabr 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, İddiaçı istifadəsində olan Qəbələ rayonu, Mıxlıqovaq kəndində qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan “6x12x90=6480 m3” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 oktyabr 2023-cü il tarixli ******* nömrəli aktın surətində “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir” qeyd edilsə də, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış iddiaçının silinməsini tələb etdiyi 777,60 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********02610) ünvanına dair hesablanmış 777,60 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********02610) hesablanmış 777,60 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2275/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2275/2024
12.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver