Məhkəmə qərarları › İş №e-2(011)-2381/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2381/2023

20.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2381/2023 20.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi Bəhrəm qızı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi Bəhrəm qızı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 24 aprel 1995-ci il tarixdə anadan olan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və anası Ərizəçi Bəhrəm qızını onun himayəçisi təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 24 aprel 1995-ci il tarixdə anadan olan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ona qəyyum təyin edilməsi barədə Xətai rayonu İcra Hakimiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Bəhrəm qızı uşaqları ilə birlikdə Bakı şəhəri, Əhmədli qəsəbəsi, 1-ci Əhmədli küçəsində yerləşən 12 saylı evdə yaşayır. Həyat yoldaşı X6 12 aprel 2003-cü il tarixdə vəfat etmişdir. 24 aprel 1995-ci il tarixdə anadan olmuş X7 üçüncü övladıdır. Əliyeva Məsumə çox sakit bir uşaq olsa da, hərəkətlərində bəzi qəribəliklər var, onu mütəmadi surətdə həkim müayinəsinə aparır və həkim ona bildirmişdir ki, bu qəribəliklər epilepsiya xəstəliyinin nəticəsidir. Məktəbdə qızı cox zəif oxuyurdu. 6-cı sinifdən sonra ümumiyyətlə məktəbə getmədi, çünki tez-tez qıc (sudoroqa) olurdu və müəllimlər özlərini itirirdilər, zəif oxuyurdu, dərsləri anlamırdı. Bu səbəbdən də məcbur olub onu məktəbdən çıxartmışdır. Baxmayaraq ki, qızı Məsumənin hal-hazırda 28 yaşı var, lakin o özünü bilmir, özünü uşaq kimi aparır, yəni onda ağıl zəifliyi var, bəzi hərəkətlərinin mənasını nə anlaya, nə də ki, idarə edə bilir. Ərizəçi bildirir ki, həyətdə yerləşən mağazaya çörək almaga da göndərə bilmir, çünki evdən çıxdıqdan sonra, geri qayıdarkən yolu tapa bilmir, özünü itirir, ağlamağa başlayır. O, ildə 2-3 dəfə xəstəxanada epilepsiya diaqnozu ilə X11 stasionar müalicə alır, hər ay o 7-8 dəfə qıcolmaya məruz qalır, 2015-ci ildən epilepsiya xəstəsi kimi 2-ci qrup əlil hesab edilmişdir. Xəstəliyinə görə qızı öz hərəkətlərinin mənasını başa düşə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir və onun başqa şəxsin himayəsinə ehtiyacı vardır. Stasionar müalicə alandan sonra illərdir ki,onu ev şəraitində də müalicə edir. Onu da qeyd edir ki, onun xəstəliyi xroniki xəstəlikdir və halhazıra kimi öz hərəkətlərinin mənasını anlamaq və idarə etmək iqtidarında deyildir. Tərəflərin izahatları: Ərizəçi Bəhrəm qızının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materialında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 24 aprel 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materialında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Bəhrəm qızı xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 1338 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən X1 xəstəliyi nəticəsində meydana gələn ağıl zəifliyi ilə formasında psixi xəstəlik müəyyən edilir. X3 hazırki müayinə zamanı müəyyən edilən Epilepsiya xəstəliyi nəticəsində meydana gələn ağıl zəifliyi ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X7 onda müəyyən edilən Epilepsiya xəstəliyi nəticəsində meydana gələn ağıl zəifliyi ilə diaqnozlu xəstəliklə əlaqədar səhhəti mülki işə məhkəmə iştirakına yol vermir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin nümayəndəsinın və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Bəhrəm qızı X4 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Məhkəmə iclasında X4 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 24 aprel 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X4 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar