Məhkəmə qərarları › İş №e-2(011)-2413/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2413/2023

24.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2413/2023 24.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazova Əli qızı İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehin cərimələnməsi və yazılı qaydada üzr istəməsi və belə əməllərin bir daha təkrarlanmayacağına dair yazılı qaydada iddiaçıya öhdəlik verməsi və belə öhdəliyi müvafiq binanın giriş hissəsində yayması tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehin cərimələnməsi və yazılı qaydada üzr istəməsi və belə əməllərin bir daha təkrarlanmayacağına dair yazılı qaydada iddiaçıya öhdəlik verməsi və belə öhdəliyi müvafiq binanın giriş hissəsində yayması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 149.2.3 iddiaçı iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbi öz ərizəsində göstərməlidir. Prosessual normaların tələbindən müəyyən olunur ki, iddiaçı iddia ərizəsində tələbini dəqiq və aydın göstərməli, tələbini əsaslandırdığı halları şərh etməlidir. 151.1. iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının iddia ərizəsində istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 279-cu maddəsinə əsasən, qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasına, yəni: 279.0.7. qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə- fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. İnzibati xətalar haqqında işlərin məhkəmə aidiyyəti Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsi ilə müəyyən edilir. Bu maddənin tələblərinə əsasən, İXM-nin 279-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilməmişdir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. İddiaçının istinad etdiyi İXM-in maddi hüquq norması üzrə məhkəmə özünü səlahiyyətli hesab etmir. Qeyd edilən normaya görə inzibati məsuliyyətin realizə mexanizmi qanunvericilikdə fərqli təsbit edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehə qarşı yönəlmiş tələb aydın və konkret olmadığından, dövlət rüsumu müəyyən edilmiş məbləğdə ödənilmədiyindən, ümumi məhkəmələr inzibati məsuliyyət məsələləri üzrə səlahiyyətli olmadığından hazırki iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 24, 149, 151, 152, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehin cərimələnməsi və yazılı qaydada üzr istəməsi və belə əməllərin bir daha təkrarlanmayacağına dair yazılı qaydada iddiaçıya öhdəlik verməsi və belə öhdəliyi müvafiq binanın giriş hissəsində yayması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən “Hökumət ödəniş portalı” vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 30 manat dövlət rüsumu geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar