Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2460/2024 22.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Nazim Hikmət küçəsində yerləşən və abonent kodu **********00150 olan iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış 1602AZ**********68 nömrəli, Smart tipli, G-4 markalı qaz sayğacına xx.xx.2023-cü il tarixində baxış keçirilərkən həmin sayğacın ekranının işləmədiyi aşkar olunmuşdur. Bununla əlaqədar olaraq, abonentin ünvanında ******* №-li Akt tərtib edilərək **********309 nömrəli yeni sayğacla əvəz edilmiş və köhnə sayğac yoxlanışa göndərilmişdir. Lakin, iddiaçıya bu barədə heç bir rəsmi bildiriş və ya akt təqdim edilməmişdir. Daha sonra, yeni sayağaca uyğun olaraq ona yeni smart kart təqdim edildikdən sonra əvvəlki qaydada istifadə etməyə başlasa da 2023-cü ilin ortalarından başlayaraq qaz kartına yüklədiyi 700 manata yaxın məbləğlərdən qanunsuz olaraq, əhali qrupu üçün nəzərdə tutulmuş tariflərə əməl edilmədən hər kub metrdən 4-5 dəfə artıq, təxminən 50-60 qəpiyə yaxın silinmə həyata keçirilmişdir. Bu barədə qaynar xəttə müraciət etdikdə ona bildirmişlər ki, onun əvvəlki sayğacdan qalıq borcu vardır. Halbuki, yeni sayğac quraşdırılarkən bu barədə iddiaçıya heç bir bildiriş və məlumat verilməmiş, hətta borcu olmuş olsaydı belə Asan Kommunaldan ona yeni sayğacın belə kartını verməzdilər. Bununla əlaqədar, xx.xx.2024-cü il tarixdə aidiyyatı üzrə qaz idarəsinə yaxınlaşaraq borcun yazılmasına əsas olmuş sənədlərin surətlərini əldə etmişdirlər. Həmin sənədlərdən, Cavabdeh qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli aktın iddiaçının mənzilinə aid bölməsində 602AZ**********68 saylı sayğac üzrə qeyd edilmişdir ki, sayğac istismar müddətində mənfiyə işləyib, heç bir xəta aşakar edilməyib və istismara yararsızdır. Bu illər ərzində mənzilimdə əvvəlki qaz sayğacı olub və həmin tarixə qədər həmin sayğac işləyib, sayğacın göstəriciləri əsasında iddiaçı təbii qaza görə haqq ödəmişdir. Qeyd olunanlara baxmayaraq, yoxlamanın nəticəsinin əksinə olaraq qanunsuz hesablamalara əsasən, 3110,40 manat borcdan 3-4 ay ərzində 700-800 manata yaxın pul ödəsə də 2024-cü ilin əvvəlinə abonent (**********00150) saldosu 2917,40 manat olaraq qalmaqdadır. İddiaçı hesab edir ki, cavabdehin ondan həmin məbləği heç bir məhkəmə qətnaməsi olmadan məcburi şəkildə yeni sayğac hesabına əsassız olaraq tutulması tamamilə qanunsuzdur və Cavabdeh İB-nin məsul şəxslər üçün cinayət məsuliyyəti belə yaradan faktdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında **********00150 abonent koduna yazılmış 2917,40 manat qanunsuz və əsassız cərimə borcunun silinməsinin Cavabdeh üzərinə qoyulması, eləcə də **********309 saylı qaz sayğacına kart vasitəsilə ödənilmiş və əhali qrupu üçün təbii qazın tarifinə zidd və əsassız olaraq, artıq silinmiş 700 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə həmçinin izahatında bildirmişdir ki, sayğac elektron və mexaniki hissədən ibarətdir. Elektron hissə hamının gözlə görə biləcəyi rəqəmlərdir. Mexaniki hissə yalnız mütəxəssislər tərəfindən müəyyən edilən hissədir. Elektron hissə batareyanın işlək olmamasından dayana bilər. Mexaniki hissə sayğacdan keçən qazı hər bir halda qeydə alır. Qarşı tərəfdə smart sayğac elektron hissənin işləməməsi nəticəsində mexaniki hissəyə keçmişdir. Qazdan istifadə olunmuş, qaz keçmiş, lakin ödənişlər qeydə alınmamışdır. Bu da mənfi kimi qeydə alınmışdır. Beləliklə, qazdan istifadə olunmuş, ödənişlər edilmədiyi üçün borc hesablanmışdır. Borc debitor borcdur, əsassız olaraq yazılmamışdır. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı (abonent kodu: **********00150) 2023-cü il üçün 3110,40 manat borcu yaranmış, borca görə 193 manat tutulma olmuş, 2024-cü ilin yanvar ayında 2917,40 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 aprel 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğacın elementi qida mənbəyi ilə birləşdirən naqil aralı vəziyyətdə aşkarlandı” kimi qeyd edilmişdir. İş materiallarında olan 30 aprel 2023-cü il Dəymiş Ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında sayğaca baxış keçirilmiş, Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5- 3169-1 №-li akta əsasən G-4 markalı 1602AZ**********68 №-li sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafı zədəlidir. Elementi qida mənbəyi ilə birləşdirən naqil aralı vəziyyətdə aşkarlandı kimi qeyd edilmiş, qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış hesabat 6x24x180=25920 m3 kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 aprel 2023-cü il tarixli, ******* saylı aktın surətində “sayğacın elementi qida mənbəyi ilə birləşdirən naqil aralı vəziyyətdə aşkarlandı” kimi qeydlər edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış borcdan iddiaçının silinməsini tələb etdiyi 2917,40 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00150) ünvanına dair hesablanmış borcdan iddiaçının silinməsini tələb etdiyi 2917,40 manat məbləğində borc silinməlidit. Bununla yanaşı iddiaçı əsassız borca görə cavabdeh tərəfindən tutulmuş 700 manatın silinməsini tələb etsə də, abonentin saldosu ilə İddiaçı borca görə 193 manat tutulmanın aparılması təsdiq edidiyi üçün həmin hissədə iddia qismən təmin edilməli, əsassız borca görə cavabdeh tərəfindən tutulmuş 193 manat pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 49.18 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanına (abonent kodu: **********00150) hesablanmış 2917,40 manat məbləğində borcu silmək və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 193 manat pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdehndən 49.18 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2460/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2460/2024
22.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver