Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2469/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. xx.xx.2023-cü il tarixdə tərəflər arasında ALY-1800 saylı daxili lizinqi müqaviləsi (bundan sonra – Lizinq müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə və müqavilənin 1 saylı Əlavəsinə əsasən iddiaçı mülkiyyətində olan “Chevrolet Cobalt” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra - Avtomobil) illik 18 % olmaqla, 4500 manat lizinq ödənişini etdikdən sonra, aylıq 488,82 manat ödəmək şərti ilə, 60 ay müddətinə cavabdehə lizinqə verilmişdir. Lizinq müqaviləsinin əsas məbləği (lizinq əmlakının ümumi dəyəri) 33 829 manat müəyyən edilmişdir. Avtomobil xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
2. Avtomobilə dair ödəniş qismən (xx.xx.2023-cü il tarixdə 490 manat, xx.xx.2023-cü il tarixdə 489 manat, xx.xx.2023-cü il tarixdə 490 manat və xx.xx.2023-cü il tarixdə 500 manat) edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Akta əsasən Avtomobilin qəza zamanı zərbənin təsirindən mühərrik salona daxil olub, təmir xərclərini nəzərə alaraq avtomobilin təmiri məqsədə uyöun hesab edilmir.
3. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdə verilmiş Arayışa əssən Lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə cavabdehin əsas borcu 18408,42 manat, mükafat borcu 239,31 manat olmaqla, cəmi borcu 18647,73 manata bərabərdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı Lizinq müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına, xx.xx.2023-cü il tarixə 18408,42 manat əsas, 239,31 manat gecikdirilmiş mükafat olmaqla, ümumilikdə 18647,73 manat borcun və ödənilmiş 146,34 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə aralarında bağlanmış 20 aprel 2023-cü il tarixli ALY-1800 saylı “Daxili lizinq” müqaviləsinə əsasən cavabdehin sifarişi ilə Avtomobil 23750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən cavabdeh illik 18% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 488.82 manat, ümumilikdə isə 33829 manat məbləğində pulu iddiaçının hesabina ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan Avtomobil 14 sentyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində istifadəyə yararsız vəziyətə düşmüşdür. Servis mərkəzi əməkdaşı tərəfindən baxış kecirərək tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətdədir. “Daxili Lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. Cavabdehin lizinq şirkətinə ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olunması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərq 14 sentyabr 2023-cü il tarixə 18647.73 manat olmuşdur.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Cavabdeh məhkəmə baxışı zamanı ekspert rəyi ilə razı olduğunu, iddiaçıya olan borcunu ödəməkdən yayınmağını bildirdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
8. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
10. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
11. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 462.1 Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
14. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
İşə baxan məhkəmənin mövqeyi:
17. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
18. Yuxarıda qeyd olunan maddi hüquq normalarında lizinq müqaviləsinin tərəflərinin öhdəlikləri konkret olaraq göstərilmişdir. İşin halları ilə müəyyən edilir ki, iddiaçı lizinq obyektini cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh lizinq obyekti olan Avtomobili istifadə etməklə bağlı hüququndan istifadə etmiş, lakin müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini vaxtında qaytarmaq vəzifəsini pozaraq öhdəliyini tam yerinə yetirməmişdir.
19. Həmçinin, iddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir.
20. İddiaçının verdiyi xx.xx.2024-cü il tarixli Maliyyə arayışında xx.xx.2023-cü il tarixə cavabdehin 18 408,42 manat əsas, 239,31 mükafat olmaqla, cəmi 18 647,73 manat məbləğində borcunun olması göstərilmişdir.
21. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair üzərinə öhdəlik götürsə də, müqavilə ilə müəyyən edilmiş lizinq məbləğin tam qaytarmayaraq öhdəliyini pozmuşdur.
22. Lakin məhkəmə hesab edir ki, iddia tələbi 239,31 manat mükafatın cavabdehdən tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının xx.xx.2024-cü il tarixli, 9/4160 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2023-ci il tarixli daxili lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya ödəməli gecikdirilmiş əsas və mükafat borcu müəyyən edilməmişdir.
23. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında izahatında ekspert rəyi ilə razı olduqlarını bildirmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
24. Məhkəmə həmçinin iddianın 146,34 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).
25. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 200 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, ALY-1800 saylı "Daxili lizinq” müqaviləsinə görə 18 408,42 manat əsas borc və 146,34 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri kimi hesablanmış 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı