Məhkəmə qərarları › İş №e-2(011)-2535/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2535/2023

11.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2535/2023 11.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720/530 mm diametrli «Qumadası-Bayramzadə» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (5-ci km-də) Xətai rayonu, Naximov küçəsi ünvanından keçən hissəsində 39 T 412927.09 mB; 4466585.28 mC koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş yaşayış evinin boşaldılaraq onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, məhkəməyə qanunsuz tikilinin ünvanının dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720/530 mm diametrli «Qumadası- Bayramzadə» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (5-ci km-də) Xətai rayonu, Zeytunluq sovxozu, 88 C ünvanından keçən hissəsində 39 T 412927.09 mB; 4466585.28 mC koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş yaşayış evinin boşaldılaraq onun hesabına sökülməsi, tikinti malmateriallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi C.V.Dosiyev iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh – Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720/530 mm diametrli «Qumadası-Bayramzadə» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin 5-ci km-də Xətai rayonu, Naximov küçəsindən keçən hissəsində, 39 T 412927.09 mB; 4466585.28 mC koordinatı üzrəqaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə qaz kəmərindən “12” metr məsafədə qanunsuz olaraq fərdi yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikilinin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəfimizdən xx.xx.2022-ci il tarixli MV-01/840 saylı məktubla Xətai Rayon İcra Hakimiyyətinin başçısına, xx.xx.2022-ci il tarixli MV-01/838 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və xx.xx.2022-ci il tarixli MV-01/839 saylı məktubla Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə “yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25 avqust 2022-ci il tarixli **********71 saylı cavab məktubunda bildirilir ki, qeyd olunan məsələ Bakı ərazi şöbəsinin işçiləri tərəfindən yerində monitorinq keçirilən zaman dəqiq ünvanı Zeytunluq sovxozu, 88 “C” olan sözügedən ərazidə dövlət mülkiyyətinə aid təqribən 80.0, kv.m torpaq sahəsində vətəndaş Cavabdeh tərəfindən hüquqmüəyyənedici sənədlər olmadan fərdi yaşayış evinin tikilməsi faktı aşkar edilmiş, bununla bağlı səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə,Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə məktublar göndərilmişdir. (məktubun surəti iddia ərizəsinə əlavə olunur) xx.xx.2022-ci il tarixində Xətai rayonu, Naximov küçəsində 720/530 mm diametrli «Qumadası-Bayramzadə» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında vətəndaş Cavabdehtərəfindən, qaz kəmərindən 12 metr məsafədə fərdi yaşayış evi inşa edilməsi barədə 2 saylı Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən AKT tərtib edilmişdir (aktın surəti iddia ərizəsinə əlavə olunur). Xətai rayonu, Naximov küçəsi ünvanında qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq yaşayış evi inşa edən Cavabdeh onun tərəfindən inşa edilən yaşayış evinin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilsə də o xəbərdarlıq məktubunu qəbul etməmişdir. sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insan həyatına və sağlamlığına təhlükə yarada biləcək partlayışa, yanğına və kütəvi insan tələfatına səbəb ola bilər, cavabdehin inşa etdiyi tikili onun özü və ətrafdakılar üçün yüksək təhlükə mənbəyi olması cavabdehin həmin tikili üzərində mülkiyyət hüququnu istisna edir, çünki həmin sahə hazırda iddiaçının qanuni istifadəsindədir, cavabdeh səlahiyyətli orqanların müvafiq icazəsini almadan və tikinti normaları və qaydalarını kobud şəkildə pozmaqla orada qanunsuz tikili inşa etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, magistral qaz kəmərlərininmühafizə zonalarında hər hansı bir tikintiquraşdırma işlərinin aparılması qəti qadağandır. Ona görə də, inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin (mansardan ibarət) cavabdeh tərəfindən onun hesabına sökülməli, tikinti malmateriallarının magistral kəmərin mühafizə zonasından çıxarılmalıdır. Həmçinin o, cavabdehin təqdim etdiyi dəlillərə münasibət bildirərək qeyd etdi ki, qaz kəmərinin mühafizə zonasında yerləşən bütün qanunsuz tikililərin sökülməsi məqsədilə məhkəməyə müraciət edilir, lakin bütün tikililərin kütləvi şəkildə sökülməsi məqsədilə müraciət edilməsi mümkün deyil, yəni vətəndaşa qarşı hər hansı yrı-seçkilik və ya qərəzli davranışdan söhbət gedə bilməz. Sonda C.V.Dosiyev iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onun əvvəlki evi plana düşdükdən sonra hazırkı ünvana gələrək buradan torpaq sahəsi alaraq yaşaması üçün ev tikmişdir, evin tikintisi bir neçə ilə əvvəl başlamışdır, evi bir gündə tikməmiş, tikilmə bir neçə ay ərzində davam etmiş, bu müdət ərzində də heç kim ona bu ərazinin təhlükəli zona olduğunu və bu ərazidə ev tikilməsinin qadağan olunduğunu deməmişdir, ev tikilən vaxt qaz idarəsində işləyən Orxan adlı şəxs də ev tikilən əraziyə gəlmiş, hasar ilə qaz borusu arasından maşın keçməsi üçün 6-7 metrlik məsafə qoymasını bildirmiş, lakin həmin ərazidə evin tikintisinin qadağan olunması barədə heç nə deməmişdir, həmçinin kommunal xətlər çəkilərkən də ona bununla bağlı heç nə deyilməmişdir, onun evə dair sənədləri texniki pasport, kommunal xətlərə dair sənədlərdir, bu ərazidə ondan başqa digər şəxslər də ev tikmişdir və tikilməkdə də davam edir, digər evlər qaz xəttinə onun evindən daha yaxın olmağına baxmayaraq qaz idarəsi ancaq onun evinin sökülməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Əgər həmin ərazidə ev tikilməsi qadağan idisə, əvvəldən bu barədə ona məlumat verilməli, həmçinin həmin ərazidə olan digər yaşayış evlərinə də bu barədə xəbərdarlıq edilməli idi. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Qaz İxrac” İdarəsi Abşeron MQKS-in xx.xx.2022-ci il tarixli Ş.İbrahimov, O.Əhmədov, M.Xudiyevun iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Naximov qəsəbəsi ünvanında yaşayan naməlum şəxs tərəfindən 720-530 mm-lik 12 təzyiqli “Qum adası-Bayramzadə” magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 12 metr məsafədə təyinatı bilinməyən qeyri-qanuni tikinti işləri aparılmış, tikili sahibi iddia etdiyi torpaq sahəsini və onun üzərində tikinti aparmağa icazəni əsaslandıra biləcək heç bir sənəd təqdim edə bilməmişdir. İş materiallarında olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində Naməlum şəxsə ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh kəmərin mühafizə zonasında olmaqla vətəndaşların həyatına və qaz kəmərinin gələcək iş fəaliyyətinə təhlükə yaratdığı üçün təcili surətdə tikintini ləğv edərək magistral qaz kəmərindən 10-15 metr uzaqlaşdırmaq barədə xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış MV-01/838 nömrəli, Fövqəladə Hallar Nazirliyi X1 Görülməsi və X3 Agentliyinə ünvanlanmış MV-01/839 nömrəli və Xətai rayon İcra Hakimiyyətinə ünvanlanmış MV-01/840 nömrəli “Mühafizə zonasının pozulması barədə” məktublardan görünür ki, «Qumadası-Bayramzadə» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin 5-ci km-də Xətai rayonu, Naximov küçəsi ərazisində qaz kəmərindən “12” metr məsafədə, yəni qaz kəmərinin mühafizə zonasında (39 T 412927.09 MB; 4466585.28 MC koordinatı üzrə) naməlum şəxs tərəfindən bünövrə qazılmış, betonlama işləri aparılmış və tikinti işləri üçün əraziyə mişar daşları tökülməsi barədə məlumat verilərək baş verə biləcək xoşagəlməz halların qarşısının vaxtında alınması, qeyd edilən qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədilə tikintinin dayandırılması (Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış məktubda həmçinin tikinti aparılan torpaq sahəsinə dair mülkiyyət hüqunu təsdiq edən sənədlərin olubolmamasının müəyyən edilməsi) üçün müvafiq köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göndərilmiş **********71 nömrəli məktubdan görünür ki, Xətai rayonu ərazisində növbəti monitorinq zamanı dəqiq ünvanı Zeytunluq sovxozu, 88 C olan sözügedən ərazidə dövlət mülkiyyətinə aid təqribən 80 kv.m orpaq sahəsində vətəndaş Cavabdeh tərəfindən hüquqmüəyyənedici sənədlər olmadan fərdi yaşayış evinin inşa edilməsi faktı aşkar edilmiş, həmçinin həmin ünvanda sonradan keçirilən monitorinq nəticəsində dövlət mülkiyyətində olan təqribən 200 kv.m torpaq sahəsində Cavabdeh tərəfindən hasarlama işlərinin aparılması faktı aşkar edilmişdir. İş materiallarından görünür ki, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 10/3326 saylı rəyi ilə Bakı Şəhəri Xətai rayonu Zeytunluq sovxozu 88 “C” ünvanında yerləşən 720/530 mm diametrli yüksək təzyiqli magistral qaz kəmərindən daş hasara qədər olan məsafənin 7,6 metr, fərdi yaşayış evi arasında məsafənin 20,8 metr müəyyən edildiyini nəzərə alaraq həmin daş hasar və fərdi yaşayış evinin qaz kəmərinin AR NK-nin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”-nın 2.7-ci bəndində göstərilən 50.0 m-lik mühafizə zonasına düşdüyününün müəyyən edilməsi nəticəsinə gəlinmişdir. Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İş materiallarında olan 2 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Xətai rayonunun 2 saylı MKİS-in ərazisində yerləşən P.Həşimov küçəsində 293S evdə özünəməxsus qeydiyyatsız yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində rüsum ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddia tələbi üzrə mübahisələndirilən Bakı Şəhəri Xətai rayonu Zeytunluq sovxozu 88 “C” ünvanında yerləşən tikili Cavabdeh tərəfindən hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmişdir, həmin əmlak Abşeron Magistral X4 balans və istismarında olan 720/530 mm diametrli “Qum Adası-Bayramzadə” Yüksək təzyiqli yerüstü magistral qaz boru kəmərindən 20,8 metr məsafədə inşa edilməklə qaz kəmərinin mühafizə zonasına düşür və özbaşına tikilidir. Bununla belə, cavabdehin mübahisələndirilən əmlaka mülkiyyət hüququna əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara aiddir. “Qaz təchizatı haqqında” AR qanununun 19.1-ci maddəsinə əsasən, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Həmin Qanunun 22-ci maddəsinə əsasən, bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının balansında və istismarında olan 720/530 mm diametrli, “Qum Adası-Bayramzadə” Yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin Bakı şəhəri, Xətai rayonu, Zeytunluq sovxozu, 88 “C” ünvanından keçən hissəsində, magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evi cavabdeh tərəfindən onun hesabına sökülməli, tikinti mal-materialları magistral kəmərin mühafizə zonasından çıxarılmalıdır. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməli, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720/530 mm diametrli «Qumadası-Bayramzadə» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (5-ci km-də) Xətai rayonu, Zeytunluq sovxozu, 88 C ünvanından keçən hissəsində 39 T 412927.09 mB; 4466585.28 mC koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş yaşayış evi boşaldılaraq onun hesabına sökülsün və tikinti materialları magistral kəmərin mühafizə zonasından çıxarılsın. Dövlət rüsumunun əvəzi kimi ödənilmiş 100 (yüz) manat Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğ Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar