Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2542/2024 29.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh İB-yə “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında yerləşən 1 və 1,5 ha olmaqla 2 hissədən ibarət torpaq sahəsi icarə hüququ ilə iddiaçıların istifadəsi və sahibliyindədir. Həmin sahəyə dair icarə hüquqları iddiaçılar tərəfindən 2022ci il tarixində alqı-satqı yolu ilə alınmışdır. Bu haqda müvafiq alqı-satqı müqaviləsi və reyestrdan çıxarış hazırki ərizəyə əlavə edilmişdir. Həmin torpaq sahəsi və üzərində olan yüngül konstruksiyalı tikili cari ilə qədər heç bir halda istifadə edilməmişdir. Yalnız 2023-cü ildə, yəni qısa müddət öncə iddiaçılar adıçəkilən həmin torpaq sahəsi və üzərində olan tikilini icazə verməyə hazırlaşmışdır. Həmin şəxslər iddiaçıların istifadə və sərəncamında olan torpaq sahəsini müxtəlif bitki məhsullarının əkilməsi üçün icarəyə götürmək istəyirlər. Lakin qısa müddət öncə icarəçilərin tələbi ilə əraziyə qaz verilişini təmin etmək üçün Cavabdeh İB-yə müraciət etdikdə məlum olmuşdur ki, iddiaçılardan öncəki keçmiş mülkiyyətçilərin 136998,4 manat adıçəkilən təşkilata borcu mövcuddur. Halbuki alqı-satqı müqaviləsi zamanı bütün kommunal xidmətlərdən borcun olmaması haqqında müvafiq arayış notariat orqanına təqdim edilir. Belə ki, iddiaçıların borcun olması haqqında hər hansı bir məlumatı olmamışdır və bu səbəbdən daşınmaz əmlakı icarəyə verməyə razılaşmışdır. İddiaçılar hesab edirlər ki, borc məbləği istifadə edilməyən sahə üçün əsassız hesablanmışdır və onların sahibliyində olan əmlaka dair abonent kodundan silinməlidir. Çünki onlardan öncə torpaq sahəsinə sahiblik etmiş şəxslər də uzun illər ərzində daşınmaz əmlakdan hər hansı bir məqsədlə istifadə etməmişlər. Lakin hazırda cavabdehin əsassız borc hesablanması nəticəsində faktiki olaraq, iddiaçıların istifadə və sahiblik hüququ olan daşınmaz əmlak qaz istehlakından məhrum edilmiş və mülki hüquqları pozulmuşdur. İddia tələbini əsaslandırmaq üçün hazırki ərizəyə dövlət reyestrindən çıxarışlar, icarə hüquqlarının 2014-cü ilə qədər alqı-satqı müqaviləsi və sairə sənədlər əlavə edilir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında yerləşən 1 və 1,5 ha olmaqla, 2 hissədən ibarət onların istifadə və sahibliyində olan torpaq sahəsinə dair **********00000 saylı abonent kodundan 136998,4 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı X1 ilə alıcılar İddiaçı2 və İddiaçı1 arasında bağlanan 17 oktyabr 2022-ci il tarixli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinin surətindən müəyyən edilir ki, satıcı özünün icarəsində olan Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən 1.50 ha torpaq sahəsinin icarə hüquqlarını alıcılara 60000 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında yerləşən 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq icra hüququnun alqı-satqısı üzrə İddiaçı2 və İddiaçı1 adına ********** nömrə ilə xx.xx.2022-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq icarə hüququnun alqı-satqısı üzrə İddiaçı2 və İddiaçı1 adına ********** nömrə ilə xx.xx.2022-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan icarəyə verən İddiaçı2 ilə İddiaçı1 ilə icarəçi "xxxx" MMC arasında bağlanan 05 aprel 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında yerləşən, ümumi sahəsi 1 ha olan torpaq sahəsinin birgə mülkiyyət hüququ üzrə onlara məxsus hissədə İddiaçı2 (1/2 hissə, 0.5 ha), İddiaçı1 Rza qızı (1/2 hissə, 0.5 ha) icarəyə vermişdir. İş materiallarında olan Cavabdeh ilə fiziki şəxs Qurbanov Sultanəlinin nümayəndəsi X2 (abonent kodu **********00000) arasında bağlanan debitor borcun ödənilməsi haqqında 13 noyabr 2020-ci il tarixli razılaşma protokolundan görünür ki, tərəflər istehlakçının istifadə etdiyi təbii qaza görə Cavabdeh İB qarşısında 120146,60 manat məbləğində yaranmış debitor borcun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmişlər. İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı1 (abonent kodu: **********00000) 2011-ci il üzrə 22986 manat, 2012-ci il üzrə 69980 manat, 2013-cü il tarixli 56622,90 manat, 2014-cü il üzrə 88490,70 manat, 2015-ci il üzrə 45531,80 manat, 2016-cı il üzrə 41879,30 manat, 2017-ci il üzrə 154144,60 manat, 2018-ci il üzrə 93279,60 manat, 2019-cu il üzrə 57153,60 manat, 2020-ci il üzrə 130387,60 manat, 2021-ci il üzrə 67439,80 manat, 2022-ci ilin sonuna 136998,4 manat, 2023-cü il üzrə 0 manat, 2024-cü il üzrə 4364,80 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsində müəyyən edilmişdir ki, istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən iddiaçılara icarə hüququ əsasında məxsus Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında yerləşən 1 və 1,5 ha olmaqla, 2 hissədən ibarət onların istifadə və sahibliyində olan torpaq sahələrinə hesablanmış silinməsi tələb edilən 136998,4 manat məbləğində borcun iddiaçılardan tələb edilməsinin əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan borc məbləği həmin torpaq sahəsində əvvəlki istehlakçıya (abonent kodu **********00000) məxsus olmuş, xx.xx.2022-ci il tarixdən Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında yerləşən 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq icarə hüququnun alqı-satqısı üzrə İddiaçı2 və İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin tarixədək 2022-ci ilin sonuna 136998,4 manat, 2023-cü il üzrə 0 manat, 2024-cü il üzrə 4364,80 manat borc mövcuddur. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh İB-si tərəfindən iddiaçılara icarə hüququ əsasında məxsus olan Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında yerləşən 1 və 1,5 ha olmaqla, 2 hissədən ibarət torpaq sahəsinə (Abonent kodu: **********00000) dair hesablanmış iddiaçılardan tələb edilən 136998,4 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 427 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 icarə hüququ əsasında məxsus olan Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında yerləşən 1 və 1,5 ha olmaqla, 2 hissədən ibarət torpaq sahəsinə (abonent kodu: **********00000) hesablanmış 136998,4 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 427 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2542/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2542/2024
29.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver