Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-258/2024 30.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Vahid qızının iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X2 Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına X4 Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 67/20 (8 Noyabr prospekti) ünvanında Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-300 və Dş-500 mm neft boru kəmərlərindən 5 metr məsafədə, kəmərlərin “Mühafizə zona”sında vətəndaş Cavabdeh tərəfindən 2 metr hündürlüyündə, 6 metr uzunluğunda, 5 metr enində dəmir konstruksiya və ona bərkidilmiş dəmir lövhələrdən ibarət hasarlanma işlərinin görülməsi faktı aşkarlanmışdır. Tikinti işlərinin neft boru kəmərinin mühafizə zonası daxilində aparıldığı və bu səbəbdən də qanunazidd olduğu SOCAR-ın Təhlükəsizlik İdarəsinin və Zavodun obyektlərini mühafizə edən müvafiq Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaş Cavabdeh izah olunmuş və görülən işlərin dayandırılması, həmçinin əlavə işlərin aparılmamasına dair ona xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. İddiaçı hesab edir ki, özbaşına aparılmış tikili sökülməlidir. İddiaçı iddia ərizəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən Xətai rayonu, Nobel prospekti 67/20 (8 Noyabr prospekti) ünvanında Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-300 və Dş-500 mm neft boru kəmərlərinin “mühafizə zona”sında quraşdırılan dəmir konstruksiya və ona bərkidilmiş dəmir lövhələrdən ibarət hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Vahid qızı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Heydər Əliyev adına X4 tərəfindən verilmiş 25 sentyabr 2020-ci il tarixli arayışın surətindən görünür ki, Heydər Əliyev adına X1 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm.(nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. İş materiallarında olan SOCAR Downstream Management MMC tərəfindən tərtib edilmiş, (SDM üzrə verilmiş 18 avqust 2022-ci il tarixli SOCAR22SOCAR Downstream**********20A00057 saylı əmrə əsasən yaradılmış komissiyanın üzvləri SDMin Mühafizənin təşkili və hərbi səfərbərlik üzrə menecer Zaur Əliyev, Mühafizənin təşkili və hərbi səfərbərlik üzrə supervisor Samir Nəzərov, Böyük hüquq məsləhətçisi Rövşən Məmmədov, Layihələr üzrə böyük mühəndis Suliddin Məmmədəliyev və istehsalat üzrə mühəndis Süleyman Əliyev tərəfindən imzalanmış) 25 may 2023-cü il tarixli aktın surətindən görünür ki, qeyd olunan tarixdə saat 12:00 radələrində Xətai rayonu, Nobel prospekti 67/20 ünvanından keşən NEZ-in 12 saylı istehsalata məxsus Dş-300 mm, 500 mm neft məhsullarını nəql edən boru xətlərinin mühafizə zonasına baxış keçirilmişdir. Keçirilən baxış zaman vətəndaş Cavabdeh tərəfindən boru xətlərinin 5 metr məsafəsində, 2 metr hündürlüyündə, 6 metr uzunluğundan, 5 metr enində dəmir konstruksiya və ona bərkildilmiş dəmir lövhələrdən ibarət hasarlanma işləri aşkarlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/9770 saylı, 16 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, (8 noyabr) ünvanında yerləşən, mübahisə predmeti olan, metal lövhələrdən ibarət hasar tikilisi ilə neft borusu arasındakı məsafənin 12 metr təşkil etdiyini nəzərə alaraq həmin hasar tikilisinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin “18” dekabr 2002-ci il tarixli 45 №-li Əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “03” yanvar 2003-cü il tarixli 2951 nömrəsi ilə Dövlət qeydiyyatına alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının müvafiq bəndlərinə əsasən Heydər Əliyev adına X3 məxsus neft borusunun mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4-cü maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəyə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Eyni Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. (Maddə 180.2.) Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. (Maddə 180.3.) Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 180.4.) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə və Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar, dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları, meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla), Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqları, təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları, dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sortsınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları, dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar, dövlət ehtiyat fondu torpaqları daxildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli 45 №-li əmri ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.2-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Həmin qaydaların 6.3-cü bəndinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çox saylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərlərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır. Neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. Həmin qaydaların 6.4-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Həmin qaydaların 6.6-cı bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında yerləşdirilmiş, suvarılan torpaqların müvəqqəti su altında qalması ilə əlaqədar görülən işlər, torpaq istifadəçiləri, mülkiyyətçilər və icarəçilər ilə boru kəmərlərini istismar edən hüquqi şəxslər arasında razılaşma ilə aparılır. Həmin qaydaların 6.7-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 67/20 (8 Noyabr prospekti) ünvanında inşa edilmiş metal lövhələrdən ibarət hasar tikili Heydər Əliyev adına X3 məxsus Dş-300 və Dş-500 mm neft boru kəmərlərinin “Mühafizə Zonası” nın 12 metrliyində qanunsuz olaraq inşa edilmişdir. Həmin tikilinin Dş-300 və Dş-500 mm neft boru kəmərlərinin mühafizəsi zonasının hüdudları daxilində yerləşməklə inşa edilməsi ətrafdakılar üçün yüksək təhlükə mənbəyi hesab olunur. Odur ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, cavabdeh tərəfindən Xətai rayonu, Nobel prospekti 67/20 (8 Noyabr prospekti) ünvanında Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-300 və Dş-500 mm neft boru kəmərlərinin “mühafizə zona”sında quraşdırılan dəmir konstruksiya və ona bərkidilmiş dəmir lövhələrdən ibarət hasar Cavabdeh öz hesabına sökülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Xətai rayonu, Nobel prospekti 67/20 (8 Noyabr prospekti) ünvanında Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-300 və Dş-500 mm neft boru kəmərlərinin “mühafizə zona”sında quraşdırılan dəmir konstruksiya və ona bərkidilmiş dəmir lövhələrdən ibarət hasar Cavabdeh hesabına sökülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-258/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-258/2024
30.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver