Məhkəmə qərarları › İş №e-2(011)-2602/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2602/2023

24.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2602/2023 24.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, bina 11D, 21 nömrəli mənzil üzərinə quraşdırılmış, zavod nömrəsi 0189220D367982 olan sayğaca görə “Azəriqaz İB” tərəfindən əsassız yazılmış 5.234 manat pulun silinməsi və istehlakçı olaraq hüquqlarının bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin mənzilə dair kommunal, işıq, su, qaz, kanalizasiya və digər xərclərini iddiaçı vaxtı-vaxtında ödəmişdir. 24 fevral 2023-cü il tarixdə “Azəriqz” İB-nin əməkdaşları evin qaz sayğacını yenisi ilə əvəz etmişlər və bu barədə ******* nömrəli akt təqdim etmişlər. Lakin sonradan məlum olmuşdur ki, verilmiş rəy əsasında əsassız və qanunsuz olaraq əvvəlki dövrlər üzrə 5.234 manat məbləğində borc hesablanmışdır. Qaz idarəsinin əməkdaşları qanunsuz olaraq evin sayğacını bloka salaraq evin qaz təchizatını tamamilə dayandırmışlar. Halbuki 2020-ci ilin əvvəllərində pandemiya dövründən başlayaraq hal-hazırkı dövrədək Buzovna qəsəbəsində yerləşən bağ evində yaşamışdır. İddiaçı bu barədə dəfələrlə Cavabdeh İB-nin idarələrinə müraciət edərək borcun əsassız olaraq hesablanmasını bildirsə də müraciətlərin heç bir faydası və nəticəsi olmamışdır. Sözügedən mənzil üzərində quraşdırılmış qaz sayğacı hər ay Cavabdeh İBnin əməkdaşları tərəfindən yoxlanılır. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən ünvan 1 ünvanında yerləşən mənzil üzərinə quraşdırılmış, zavod nömrəsi 0189220D367982 olan sayğaca görə əsassız və qanunsuz olaraq hesablanmış 1.598,75 manat cərimənin və 2.034,29 manat məbləğində borc olaraq hesablanmış pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən ünvan 1 ünvanında yerləşən mənzil üzərinə quraşdırılmış, zavod nömrəsi 0189220D367982 olan sayğaca görə əsassız və qanunsuz olaraq hesablanmış 1.598,75 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, bina 11D, 21 nömrəli mənzilə aid olan sayğacla bağlı 2023-cü il üzrə qeyri-ödənişlər qrafasında 1.598,75 manat qeyd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı iş materialları və izahatlar əsasında müəyyən edilmişdir ki, iddiaçı istinad olunan borc məbləğinin yazıldığı vaxtda Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, bina 11D, 21 nömrəli mənzildə yaşamamışdır. İddiaçı tərəfindən istinad olunan halı sübut etmək üçün onun faktiki yaşadığı ünvan 2 ünvanı ilə bağlı abonent saldosu təqdim edilmişdir. İddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, bina 11D, 21 nömrəli mənzildə yerləşən sayğac sonradan X1 adına qeydiyyata alınsa da istinad olunan borc məbləği sayğac hazırkı mülki iş üzrə iddiaçının adına olan vaxt yazılmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, bina 11D, 21 nömrəli mənzildə yerləşən sayğac üzrə 1.598,75 manat iddiaçıdan tələb edilir. Məhkəmə araşdırması zamanı qeyd olunan məbləğin iddiaçıdan hansı əsasla və hansı akta əsasən tələb edilməsini müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş məhkəmə iclasları ilə bağlı cavabdehin məlumatı olmuş, dəfərlərlə məhkəmə iclasının başqa vaxta təxirə salınması ilə bağlı müraciət edilmiş, lakin yazılmış cərimənin əsaslılığı ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut (akt) təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1.598,75 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00750 saylı abunə koduna hesablanmış 1.598,75 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 35.99 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00750 saylı abunə koduna hesablanmış 1.598,75 (bir min beş yüz doxsan səkkiz manat yetmiş beş qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 35.99 (otuz beş manat doxsan doqquz qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar