Məhkəmə qərarları › İş №e-2(011)-261/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-261/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-261/2025 13.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 may 2022-ci il tarixli ALY-981 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2022-ci il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9NA058634 ban, qara metallik rəngli avtomobil 22850 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 15% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 455.58 manat, ümumilikdə isə 31035 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 iyun 2024-cü il tarixə 813.14 manat gecikdirilmiş əsas, 0 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 29.27 manat dəbbə pulu, cəmi 842.41 manat borcu yaranmışdır..

İddiaçının tələbi:

3. İddiaçı MMC ilə bağlanmış 21 may 2022-ci il tarixli ALY-981 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9NA058634 ban, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılsı, Cavabdeh 21 may 2022-ci il tarixli ALY-981 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 iyun 2024-cü il tarixə 813,14 manat gecikdirilmiş əsas, 0 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 29,27 manat dəbbə pulu, cəmi 842,41 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir.

4. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 863 №-li iddia tələbinin dəqiqləşməsinə dair ərizəyə əsasən, İddiaçı MMC ilə bağlanmış 21 may 2022-ci il tarixli ALY- 981 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 21 may 2022-ci il tarixli ALY- 981 saylı “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin geri qaytarıldığı 06 sentyabr 2024-cü il tarixə 1138, 29 manat gecikdirilmiş əsas, 317,58 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 641,48 manat dəbbə pulunu, lizinq obyekti olan avtomobilə 3066,40 manat dəymiş zərər və X3 əsasən, İddiaçı MMC tərəfindən ödənilmiş 97,30 manat məbləğində pul, ümumilikdə 5261,05 manat borc və ödənilmiş 100,40 manat dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 öz izahatında ekspertiza rəyi ilə razı olmadığını bildirmişdir. İddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

8. ALY-981 saylı, xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən, lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür.

9. ALY-981 saylı, xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsinə 1 saylı əlavəyə əsasən, təchiz ediləcək əmlakın ümumi dəyəri 22850 manat təşkil edir.

10. ALY-981 saylı, xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsinə 3 saylı əlavəyə əsasən, lizinq 60 ay müddətinə, illik 15 % dərəcəsi ilə 22,850 manat olmaqla müəyyən edilmişdir.

11. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı.

12. 06 sentyabr 2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu haqqında akt.

13. xx.xx.2024-cü il tarixli, 542 №-li arayışa əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixinə gecikdirilmiş əsas borcu 813,14 manat, mükafat borcu 0 manat, cərimə borcu 29,27 manat olmaqla, cəmi borc məbləği 842,41 manat məbləğindədir.

14. xx.xx.2024-cü il tarixli, 862 №-li arayışa əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixinə gecikdirilmiş əsas borcu 1138,29 manat, mükafat borcu 317,58 manat, cərimə borcu 641,48 manat olmaqla, cəmi borc məbləği 2097,35 manat məbləğindədir.

15. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-xx.xx.2024-cü il tarixlərini əhatə edən hesabdan çıxarış.

16. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-xx.xx.2024-cü il tarixlərini əhatə edən hesabdan çıxarış.

17. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli akta əsasən, “Chevrolet Ravon” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış ümumi nasazlığın aradan qaldırılması üçün çəkilən xərc 1025 manat ehtiyat hissələrinin məbləği, 2041,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 3066,40 manat məbləğindədir.

18. xx.xx.2024-cü il tarixli, 476 №-li xəbərdarlıq (pretenziya) məktubuna (xx.xx.2024-cü il tarixli poçt qəbzi) əsasən, Cavabdeh “Daxili Lizinq” müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyi üçün 22 may 2024-cü il tarixinə İddiaçı MMC-yə ALY-981 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 1442,68 manat gecikmə borcu yaranmışdır. Yuxarıda göstərilənləri rəhbər tutaraq yaranmış borcu dərhal ödənilməsini və lizinq obyektinə istifadə hüququ verən sənədin alınması tələb edilmişdir. Əks təqdirdə müqavilə 15 gün ərzində birtərəfli qaydada ləğv ediləcək, yaranmış borcun və lizinq obyektinin qaytarılması məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir.

19. İş materiallarına əlavə edilmiş çıxarışa əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli, İXP6417369 №-li protokola əsasən, 42,80 manat məbləğində cərimə edilmişdir.

20. xx.xx.2024-cü il tarixli, 65060486 №-li ödəniş qəbzinə əsasən, İXP6417369 №-li protokol üzrə Daxili İşlər Nazirliyinə 42,80 manat məbləğində pul vəsaiti ödənilmişdir.

21. İş materiallarına əlavə edilmiş çıxarışa əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli, EQ22224343 №-li protokola əsasən, 54,50 manat məbləğində cərimə edilmişdir.

22. xx.xx.2024-cü il tarixli, 65060541 №-li ödəniş qəbzinə əsasən, EQ22224343 №-li protokol üzrə Daxili İşlər Nazirliyinə 54,50 manat məbləğində pul vəsaiti ödənilmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli 3-16-16/2-9/10240-9/10288/2025 №-li ekspert rəyinə əsasən, məhkəmə-mühasibat ekspertizası üzrə aparılan tədqiqatın nəticəsi: Rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim edilmiş iş materiallarında olan məlumatlara əsasən, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli ALY-981 saylı "daxili lizinq” müqaviləsi üzrə xx.xx.2024-cü il tarixədək ödənilməli olan lizinq məbləğindən qalıq məbləği 1.051,98 manat əsas məbləğ, 168,89 manat mükafat məbləği, 131,52 manat cərimə borcu olmaqla ümumilikdə 1.352,39 manat müəyyən edilmişdir. məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılan tədqiqatın nəticəsi: "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilən 2022-ci il buraxılışlı "Chevrolet Cobalt" markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin 5 adda ehtiyyat hissələrinin orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 940,00 manat müəyyən edilir. Həmçinin avtoehtiyyat hissələrinin təmir-bərpa xərclərinin dəyəri avtoservislərin xidmət səviyyəsindən və s. asılı olaraq müxtəlif qiymətlərdə olur. Belə ki, avtoehtiyyat hissələrinin təmir-bərpa xərclərinin məbləği sifarişçi ilə sifarişi yerinə yetirən tərəf arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Həmçinin, yerli internet saytlarında bu barədə məlumat mövcud deyil. Mülki iş materiallarına əlavə edilmiş sənədlərə, fotoşəkillərə və tədqiqat obyektinə əsasən "Chevrolet Cobalt" minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hansı ehtiyat hissələri zədələnməsini və həmin ehtiyat hissələrindən hansıları dəyişdirilməli, hansıları təmir oluna bilməsini müəyyən etmək əmtəəşünaslıq ekspertizasının predmentinə aid deyil.

Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikasının Konstitusiyası:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 747-2. Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 747-3.2. Daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

27. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali MəhkəməsininPlenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı:

1. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Məhkəmənin mövqeyi:

28. Məhkəmə mülki iş üzrə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

29. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada daxili lizinq müqaviləsi bağlanılmış (MM m. 747.1.), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd edilənlər məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş sənədlərdə də öz təsdiqini tapır.

30. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh (lizinq alan) tərəflər arasında bağlanmış müqavilə əsasında müəyyənləşdirilmiş əşyadan müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) istifadə hüququna malik olduğu kimi, eyni zamanda müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyadan istifadəyə dair hüququndan istifadə etmiş, lakin muzd ödəmək vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır.

31. İddiaçı iddia ərizəsində 21 may 2022-ci il tarixli ALY-981 saylı “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin geri qaytarıldığı 06 sentyabr 2024-cü il tarixə 1138, 29 manat gecikdirilmiş əsas, 317,58 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 641,48 manat dəbbə pulunu Cavabdeh tutularaq iddiaçıya qaytarılmasını xahiş etmişdir. Lakin, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli 3-16-16/2-9/10240-9/10288/2025 №-li ekspert rəyinə əsasən, xx.xx.2022-ci il tarixli ALY-981 saylı "daxili lizinq” müqaviləsi üzrə xx.xx.2024cü il tarixədək ödənilməli olan lizinq məbləğindən qalıq məbləğ 1051,98 manat əsas məbləğ, 168,89 manat mükafat məbləğ, 131,52 manat cərimə borcu olmaqla ümumilikdə 1352,39 manat müəyyən edilmişdir. (§23) Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, tələb edilən borc məbləği ekspertiza rəyinə mütənasib olaraq azaldılmalıdır.

32. İddiaçının iddia ərizəsində qeyd edilmiş digər bir tələbi isə lizinq obyekti olan “Chevrolet Cobalt” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 3066,40 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi olmuşdur. “Chevrolet Cobalt” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərərin cavabdehin təqsirli hərəkətləri nəticəsində dəyməsi iş materiallarına əlavə edilmiş sənədlərdə öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdehin təqsirli, hüquqazidd hərəkəti nəticəsində iddiaçının əmlakına zərər dəymişdir.

33. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli akta əsasən, “Chevrolet Cobalt” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 3066,40 manat (1025 manat ehtiyat hissələrinin məbləği, 2041,40 manat xidmət haqqı) məbləğindədir. (§17) Lakin, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli 3-16-16/2-9/10240-9/10288/2025 №-li ekspert rəyinə əsasən, "Chevrolet Cobalt" markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin 5 adda ehtiyyat hissələrinin orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 940 müəyyən edilmişdir. (§23) Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə ekspertiza rəyinə mütənasib sürətdə azaldılmalıdır.

34. İddiaçının digər bir tələbi isə X3 əsasən, İddiaçı MMC tərəfindən ödənilmiş 97,30 manat məbləğində pul vəsatinin Cavabdeh tutularaq iddiaçıya qaytarılması olmuşdur. İş materiallarına əlavə edilmiş 65060486 №-li və 65060541 №-li ödəniş qəbzlərinə əsasən, iddiaçı tərəfindən İXP6417369 №-li və EQ22224343 №-li protokollar əsasında Daxili İşlər Nazirliyinin hesabına ümumilikdə 97,30 manat (54,50 manat + 42,80 manat) məbləğində pul vəsaiti ödənilmişdir. (§19,§20,§21,§22) Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.

35. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli ALY-981 saylı "daxili lizinq” müqaviləsi üzrə xx.xx.2024-cü il tarixədək ödənilməli olan lizinq məbləğindən qalıq məbləğ 1051,98 manat əsas məbləğ, 168,89 manat mükafat məbləğ, 131,52 manat cərimə borcu olmaqla ümumilikdə 1352,39 manat, lizinq obyekti olan "Chevrolet Cobalt" markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün 940 manat ehtiyat hissələrinin məbləği, 2041,40 manat avtomobilin təmir-bərpa xidmət haqqı olmaqla, ümumilikdə 2981,40 manat, həmçinin X3 əsasən, İddiaçı MMC tərəfindən ödənilmiş 97,30 manat, bütövlükdə 4431.09 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

Məhkəmə xərcləri:

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64,31 (altmış dörd manat otuz bir qəpik) manat Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflərin siyahısına həmçinin ekspertlərə verilməli olan məbləğlər aid edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğu üçün, mülki iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 145 (yüz qırx beş) manat məbləğində olmaqla, ekspertiza tədqiqatının dəyəri Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.

38. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi qismən təmin edilsin.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli ALY-981 saylı "daxili lizinq” müqaviləsi üzrə xx.xx.2024-cü il tarixədək ödənilməli olan lizinq məbləğindən qalıq məbləğ 1051,98 manat əsas məbləğ, 168,89 manat mükafat məbləğ, 131,52 manat cərimə borcu olmaqla, ümumilikdə 1352,39 manat, lizinq obyekti olan "Chevrolet Cobalt" markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 2981,40 manat, həmçinin X3 əsasən, İddiaçı MMC tərəfindən ödənilmiş 97,30 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 4431,09 (dörd min dörd yüz otuz bir manat doqquz qəpik) manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin.

3. Ekspertiza tədqiqatlarının dəyəri 145 (yüz qırx beş) manat Cavabdeh tərəfindən X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.

4. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64,31 (altmış dörd manat otuz bir qəpik) manat pul məbləği tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin.

5. İddia qalan hissədə təmin edilməsin.

6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar