Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-266/2024 03.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X3 Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində Heydər Əliyev adına X4 məxsus neft məhsulu nəql olunan Dş-500, Dş-400, Dş-300 və Dş-250 (iki ədəd) mm neft boru kəmərlərinin ”Mühafizə Zonası”nda aparılan tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində Heydər Əliyev adına X4 məxsus neft məhsulu nəql olunan Dş-500, Dş-400, Dş-300 və Dş-250 (iki ədəd) mm neft boru kəmərlərinin ”Mühafizə Zonası”nın 25-30 metrliyində Cavabdeh tərəfindən köhnədən hər tərəfi hasarlanmış ərazidə (içərisində 1 ədəd 6x3 metr ölçülərində dam örtüyü vurulmuş təmirsiz tikili mövcuddur) tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Tikinti işlərinin mühafizə zonası daxilində aparıldığı və bu səbəbdən qanunazidd olduğu SOCAR-ın Təhlükəsizlik İdarəsinin və Zavodun obyektlərini mühafizə edən müvafiq Polis İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh izah olunmuş və görülən işlərin dayandırılması, həmçinin əlavə işlərin aparılmamasına dair ona xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. NEZ-ə məxsus magistral boru kəmərlərinin mühafizə zonası yəni borulardan sağa və sola normativ sənədinə əsasən, (AR NK-nin xx.xx.2004-cü il tarixli 167 N-li Qərarı) azı 50 metr olmalıdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-300 mm-lik neft boru kəmərinin “Mühafizə Zonası”nda Cavabdeh tərəfindən inşa edilmiş bütün tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi və vəkili X1 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində yerləşən torpaq sahəsi Cavabdeh icarə hüququ əsasında istifadəsindədir. Həmin torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti ilə cavabdeh arasında 15 avqust 2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. 01 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində yerləşən ərazidə Cavabdeh tikinti işlərinin aparılması icazə verilmişdir. Məhkəmə işin hallarının araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 aprel 2024-cü il tarixli rəydən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində yerləşən, qərardadda ekspert qarşısında qoyulmuş sualda qeyd olunan tikilinin yerində faktiki olaraq inşa edilmiş qeyri-yaşayış binasının 877 kv. m hissəsinin Heydər Əliyev adına X4 məxsus neft məhsulu nəql olunan Dş-500, Dş-400, Dş-300 və Dş-250 mm-lik neft borularının mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən 03 iyun 2024-cü il tarixdə keçirilmiş yerli baxış nəticəsində müəyyən edilmişdir ki, iddia ərizəsində sözügedən ərazidə tikinti işləri aparılmış və bir böyük, bir də əlavə tikili inşa edilmişdir. Bu tikililər zavodun neft çıxarma sahəsinin sağ hissəsində yerləşməklə həmin zavoda gedən boru xətlərinin yaxınlığında yerləşir. Eyni zamanda həmin ərazinin yaxınlığında suyun nəql edildiyi borular da yerləşir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh tərəfindən sözügedən ünvanda tikinti işlərinin aparılması müvafiq qurumlar tərəfindən razılaşdırılmış qaydada həyata keçirilir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 14 iyun 2022-ci il tarixdə göstərilən ünvanda qeyri-yaşayış obyektinin tikintisi üçün yer quruluşu planı işlənib hazırlanmışdır və təsdiq edilmişdir. Həmin yer quruluşu planı eyni zamanda Bakı şəhəri İcra hakimiyyətinin Ərazi Planlaşdırılması və İnkişafı şöbəsi tərəfindən razılaşdırılmışdır. Cavabdeh tərəfindən layihə sənədləri və digər sənədlər hazırlanmış, müvafiq qaydada təqdim edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 01 iyun 2023-cü il tarixdə cavabdehə ETİ-32/23 saylı Obyektin Tikintisinə İcazə sənədi verilmişdir. Həmin İcazə sənədində QR kod qeyd olunmuşdur ki, bu kod vasitəsilə bütün sənədləşmə prosesini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron bazasında görmək mümkündür. Cavabdeh həmin torpaq sahəsi üzərində tikinti işlərinin aparılmasına tam səlahiyyətli olduğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” 3232 saylı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində 0,2032 ha torpaq sahəsi 5 il müddətinə icarə şərtləri əsasında Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. Bundan sonra Xidmət tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və onun icarə hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq ona bu barədə çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixdə isə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən həmin sahə üzərində obyektin tikintisinə icazə verilmişdir. Qeyd edilən sənədlər hazırda qüvvədədir. Torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması, icarə hüququnun dövlət reyestrində qeydə alınması və tikintiyə icazə verilməsi həmin torpaq sahəsi üzərində məhz bu sənədləri verən və rəsmiləşdirmə aparan qurumların səlahiyyətli olmasını təsdiq edir. Yuxarıda istinad olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı mərhələdə iddiaçının irəli sürdüyü tələb təmin edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı sözügedən ərazinin rəsmi şəkildə cavabdehin istifadəsinə verildiyi aşkar olunmuş və cavabdehin həmin ərazidə tikinti işləri aparmasına rəsmi icazələr verilmişdir. Tikilinin sökülməsi üçün həmin tikilinin qanunsuz olması, yəni lazımi icazələr əsasında tikilmədiyi aşkar edilməli idi. Hazırkı iş üzrə belə bir halı aşkar etmək mümkün deyil. Odur ki, cavabdehə dövlət orqanları tərəfindən verilmiş icazələr mübahisələndirilmədən və istinad olunan icazələr qüvvədən düşmədən hazırkı iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin, iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçı Heydər Əliyev adına X2 alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Heydər Əliyev adına X3 Cavabdeh qarşı – Bakı şəhəri, Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-300 mm-lik neft boru kəmərinin “Mühafizə Zonası”nda Cavabdeh tərəfindən inşa edilmiş bütün tikililərin sökülməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı Heydər Əliyev adına X3 özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı Heydər Əliyev adına X2 alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-266/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-266/2024
03.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver