Məhkəmə qərarları › İş №e-2(011)-2739/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2739/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2739/2023 11.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50.000 manat məbləğində borcun və ödənilmiş 240 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanan 03 mart 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 50.000 manat məbləğində borcu faizsiz götürmüşdür. Həmin kredit müqaviləsi Bakı şəhəri 5 saylı notariat kontorunda 3M-333 reyestr nömrəsi üzrə qeydə alınmışdır. Müqavilənin 3-cü bəndinə əsasən cavabdeh 03 mart 2023-cü il tarixinədək kredit öhdəliyini yerinə yetirməli və pulu geri qaytarmalı olmuşdur. İddiaçı cavabdeh ilə uzun illər iş yoldaşı olmuşdur. Bu səbəbdən ona inamı tam olmuşdur. Hazırkı müqavilə üzrə müddətlərin tamam olmasına və dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq cavabdeh kredit öhdəliklərini yerinə yetirmir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 03 mart 2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı borclu Cavabdeh 50.000 manat məbləğində borc vermişdir. İş materiallarında olan 03 mart 2022-ci il tarixli xəzinə mədaxil orderinə əsasən həmin tarixdə İddiaçı tərəfindən 50.000 manat pul vəsaiti cavabdehin hesabına ödənilmişdir. Borc alan krediti 03 mart 2023-cü il tarixinədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə borcun geri qaytarılması barədə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(011)-6439/2022 saylı qətnaməsindən görünür ki, 14.000 manat məbləğində borc və 132 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh öhdəliyini pozaraq iddiaçıya olan borcunu geri qaytarmamışdır. Mülki Məcəllənin tələblərinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə əsasında iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh 03 mart 2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi əsasında borc aldığı 50.000 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 240 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 240 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 50.000 (əlli min) manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 240 (iki yüz qırx) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar