Məhkəmə qərarları › İş №e-2(011)-2764/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2764/2025

01.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2764/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı məcburi pay hüququndan məhrum edilməsi barədə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Cavabdeh iddiaçının oğludur. Onun 69 yaşı var, səhhətində ciddi problemlər var. Oğlu Cavabdeh ona heç bir köməklik etmir. Cavabdeh mütəmadi olaraq onu təhqir edir, hətta onu vurur. Bununla əlaqədar olaraq dəfələrlə polis orqanlarına da müraciət etmişdir.

İddiaçının tələbi:

2. Cavabdeh onun miras əmlakından məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

3. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2826305Vəkil1 öz izahatında qeyd etmişdir ki, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O həmçinin mirasdan məhrum etmənin hallarını qeyd etdiyini və bununla bağlı Konstitutsiya Məhkəməsinin qərarının mövcud olduğunu bildirmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 öz izahatında iddia tələbini qəbul etmədiyini, tələbin hüquqi əsasının olmadığını, iddia ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1203-cü maddəsinə istinad edildiyini, qanunvericiliyin tələbinə əsasən şəxsin sağlığında məhkəməyə müraciət etmək hüququnun mövcud olduğunu, həmin maddədə birbaşa olaraq məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkün olduğunu göstərdiyini, araşdırma apardığını yalnız 1164-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bildiyini, başqa hər hansı bir halın mövcud olmadığını, ailə məcəlləsinə əsasən əgər valideynin ehtiyacı varsa alimentlə bağlı bağlı valideyinin məhkəməyə müraciət etmək hüququnun olduğunu, lakin iddiaçının qazancının cavabdehdən dəfələrlə çox olduğunu bildirmişdir. O iddiaçının cavabdehin sənədlərini götürdüyünü, cavabdehin də atası ilə münaqişə etməmək üçün bununla bağlı polis orqanına müraciət etdiyini, cavabdehin iddiaçıdan incidiyini, belə bir hüququnun mövcud olduğunu, bu məsələnin məhkəməyə çıxmalı olmadığını, iddiaçının bir çox əmlaklarının mövcud olduğunu, cavabdehin anasının Gəncə şəhərində min əziyyətlə tikdiyi evi ona verməsi halında bütün əmlakdalarda imtina etməyə hazır olduğunu, lakin iddiaçının bununla razılaşmayaraq məsələni məhkəmə qaydasında həll etməyə maraqlı olduğunu bildirmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında №7882255 saylı, xx.xx.2025-ci il tarixli arayışa əsasən İddiaçı və Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadırlar.

7. Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 89 saylı MKİS tətəfindən verilmiş arayışa əsasən Qurbanov X2 41 saylı evin 159 saylı mənzilində qeydiyyatdadır. Qonşular tərəfindən tərtib edilmiş arayışa əsasən uzun müddətdir ki, göstərilən ünvanda yaşamır.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaş Vəziyyəti Aktlarının Arxivinin məktubuna əsasən "Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X4 (xx.xx.1980-ci ildə vəfat etmişdir) ilə X3 olan xx.xx.1956-cı il təvəllüdlü İddiaçı doğumunun Gədəbəy rayon qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. İddiaçı ilə Qurbanova (Məmmədova) Ərkinaz Əhəd qızının xx.xx.1978-ci ildə Gəncə şəhər qeydiyyat şöbəsində rəsmiləşdirilmiş nikahının pozulması xx.xx.1988-ci ildə həmin şöbədə qeydə alınmışdır. Bu nikahdan onların xx.xx.1979-cu il təvəllüdlü Kəmalə Qurbanova (xx.xx.2021-ci ildə vəfat etmişdir), xx.xx.1981-ci il təvəllüdlü Vüsalə Qurbanova və xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh adlı övladları doğulmuşdur.

9. Xətai RPİ-nin 34-cü PŞ-nin sahə rəisi, polis baş leytenantı Tural Həbibullayevin arayışına əsasən xx.xx.2022-ci il tarixdə saat 15:12 radələrində DİN-in 102, Xidməti-Zəng mərkəzinə verilmiş ********* saylı məlumatda vət. Cavabdeh DİN-nin 102 Xidməti-Zəng mərkəzinə" zəng edərək, ünvan 3 ünvanında münaqişə olması barədə məlumat vermişdir. Bununla yanaşı, vətəndaş Cavabdeh Xətai RPİ-nin 34-cü PŞ-nə ərizə ilə müraciət edərək, 2022-ci ilin mart ayının əvvələrindən atası İddiaçı ilə aralarında münaqişə olmasını, və İddiaçı arvadı haqqında nalayiq sözlər danışmasını bildirmişdir. İddiaçı izahatının alınması məqsədilə Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət olunmuşdur. O, izahatında yazaraq oğlu Cavabdeh qarşı hər hansı hörmətsizliyi etmədiyini, "Zirvə” kafesini övladı üçün özü tikdiyini və sənədlərin hal-hazırda özündə olmadığını, bildirərək bir valideyin kimi bütün öhdəlikləri yerinə yetirdiyini izahatında qeyd etmişdir.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 Saylı Bakı “ASAN Xidmət” X1 xx.xx.2025-ci il tarixli arayışı.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, № 3-16-5/8-13-717 saylı məktubu.

12. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası: 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 60.İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 60.İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.

127. Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi ( AR MM): 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. 1203.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

16. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrininəlaqəli şəkildə şərh edilməsinə dair 08 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§16)

20. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. (§16)

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrininəlaqəli şəkildə şərh edilməsinə dair 08 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. (§17)

22. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. (§17)

23. Qərarda qeyd edilir ki, qanunvericilik mülkiyyətçiyə, yəni miras qoyana sağlığında müvafiq şərtlər daxilində vərəsəlik hüququndan məhrum etmə imkanı da vermişdir. Belə ki, miras qoyan hər hansı vərəsəni, o cümlədən məcburi pay almaq hüququ olan vərəsəsini ləyaqətsiz vərəsə hesab etdirməklə mirasdan kənarlaşdıra bilər. Mülki Məcəllənin 1137-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1203-cü maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. (§17)

24. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən belə qənaətə gəlmək olur ki, hazırki iddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 1137-ci maddəsinə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

25. Qeyd olunan maddi hüquq normasının mənasına görə, hər hansı şəxsin mirasdan məhrum edilməsi üçün şəxsin iki alternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır: birincisi, fiziki şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına imkan yaratması; ikincisi, fiziki şəxsin vəsiyyət edənin və ya miras qoyanın vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi. Göstərilən hallardan biri olduqda və həmin hal məhkəmə qaydasında təsdiqləndikdə, hüquq pozuntusu törədən şəxs ləyaqətsiz vərəsə kimi və ya vərəsə almaq hüququndan məhrum edilərək nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilmir, vərəsəlik hüququndan məhrum edilir.

26. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə isə iddiaçı cavabdehin vərəsəlik hüququndan məhrum edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş əsaslarla bağlı sübut təqdim etməmiş, həmin əsaslar məhkəmə araşdırması zamanı işə mahiyyəti üzrə sübutları qiymətləndirməklə baxan məhkəmə tərəfindən müəyyən edilməmişdir.

27. İşin məhkəmər tərəfindən müəyyən edilən halları qeyd edilən maddi hüquq normasını dispozitiv şərtləri baxımından iddianın təmin edilməsini istisna etdiyi üçün iddia rədd edilməlidir.

28. Yuxarıda qeyd edilənlərə, qanunvericilik normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas hissədə əsassızdır və təmin edilməməlidir.

Məhkəmə xərcləri:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

1. İddia rədd edilsin.

2. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar