Məhkəmə qərarları › İş №e-2(011)-282/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-282/2025

23.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-282/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda quraşdırılan sayğac iddiaçının adınadır. Abonent kodu **********00131 –dir. İddiaçı təbii qazdan istifadəyə görə vaxtında ödəniş edir. Bu yaxınlarda o, abonent kodu üzrə borcun yaranmasının şahidi olmuş və bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında idddiaçıya cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. İddiaçıya təqdim edilmiş sənədlərə əsasən, onun barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən, guya mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin akt əsasında, dəymiş ziyanın hesablanması göstərilmiş və xx.xx.2024-cü il tarixli akta istinad edilmişdir. Lakin iddiaçı həmin aktla razı deyildir. Çünki həmin akt tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2022-ci ilin dekabr ayında təbii qaz xəttinin talanmasını aşkar etmişdirsə, bəs niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmamışdır? Üstəlik, saldoya baxdıqda da aydın olur ki, iddiaçı hər ay karta pül ödənişi etmişdir. Çünki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Göründüyü kimi həmin akt formaldır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu akt məhz iddiaçının sayğaca müdaxilə etməyini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməyini bilavasitə təsdiq etmir. Çünki, bu aktlar yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasınımüəyyən etmək mümkünsüzdür. Cavabdehin təqdim etdiyi aktdan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktların bir surəti təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Əgər həqiqətən, qanunusuz qoşulma halı aşkar edilmişdirsə, deməli cavabdeh bilərəkdən qaz xəttini dayandırmamaqla, qanunsuzluğun davam etdirilməsinə rəvac vermişdir. Dəymiş ziyanın bərpasına dair qəbul olunmuş tələbnamələrdən görünür ki, iddiaçı barəsində cərimə borc məbləğləri hesablanarkən ona məxsus fərdi yaşayış evində PQ-4 məişət qaz qurğusu üzrə hesablamalar aparılmışdır. Dəymiş ziyanın bərpasına dair qəbul olunmuş tələbnamələrdə aparılmış hesablamalar 12 saat müddətinə olmaqla 360 gün müddətləri üçün hesablanmışdır. 360 gün müddəti üçün isə təbii qazdan qanunsuz istifadə edilmiş olunmasına dair tələbnamənin qəbuledilməsi hər hansı bir normativ hüquqiakta əsaslanmır. Zərərin məbləği akt tərtib edildikdən sonra müvafiq tələbnamə əsasında müəyyən edilsə də tələbnamənin mövcudluğu da iddianın əsaslı olması demək deyildir. Yəni, dəymiş ziyanın hesablanması ilə bağlı orta günlük iş rejiminin 12 saat müəyyən edilməsi də əsaslandırılmalıdır. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şurasının xx.xx.2011- ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Tərtib edilmiş əsassız akt ucbatından 3110,4 manat borc yazılmışdır. İddiaçının ödədiyi ödənişlərdən əsassız borca çıxılma aparılmaqla hazırda 2911,13 manat borc qalmışdır. Bundan başqa, iddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı vəkillə hüquqi yardının göstərilməsinə dair xx.xx.2024-cü il tarixdə 376 nömrəli müqavilə bağlamış, 300 manat ödəniş etmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 2911,13 manat məbləğində borcun silinməsi, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin - 300 manat məbləğində pulun Cavabdehndən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı və Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər hazırki məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı (abonent kodu: **********00131) 2024-cü il üzrə 3110,40 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 fevral 2024-cü il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə olunur” kimi qeyd edilmişdir. İş materiallarında olan Dəymiş ziyanın bərpasına dair 29 fevral 2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, İddiaçı istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan “25920 m3” kimi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili Nümayəndə ilə İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 376 nömrəli müqavilənin surətindən görünür ki, əsassız hesablanmış borcun silinməsi üzrə hüquqi yardıma görə razılıqla 300 manat haqq müəyyən edilmişdir İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1360 saylı, 03 oktyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair 03 oktyabr 2024-cü il tarixli bildirişindən görünür ki, məhkəmə-trasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/13 saylı, 18 fevral 2025-ci il tarixli əlavə ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və o cümlədən həmin evin həyətində çəkilmiş qaz borusunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair 18 fevral 2025-ci il tarixli bildirişindən görünür ki, məhkəmə-trasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 fevral 2024-cü il tarixli, ******* nömrəli aktın surətində “mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə olunur” kimi qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən qanunsuz qaz istehlak edilməsi, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 3110,4 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/13 saylı, 18 fevral 2025-ci il tarixli əlavə ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və o cümlədən həmin evin həyətində çəkilmiş qaz borusunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00131) ünvanına hesablanmış 3110,40 manat borcdan hazırda mövcud olan və iddiaçının silinməsini tələb etdiyi 2911,13 manat məbləğində borc silinməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi xərcin – 300 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində hesab edir ki, iddiaçı hüquqi xidmətin göstərilməsi ilə bağlı 300 manat ödəniş etsə də, hüquqi yardıma görə vəsait ağlabatan məbləğdə tutulmalıdır. Məhkəmə iddiaçı tərəfindən hüquqi yardımla bağlı ödənilmiş vəsaitə görə 100 manat pul vəsaitinin Cavabdeh İB-dən iddiaçının xeyrinə tutulmasını ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğun hesab edir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 49,11 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanına (abonent kodu: **********00131) hesablanmış 2911,13 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş vəsaitə görə 100 manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdehndən 49,11 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Eyni zamanda 129 manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar