Məhkəmə qərarları › İş №e-2(011)-2974/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2974/2022

27.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2974/2022 27.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Xətai rayon Qaz İstismarı İdarəsinin mütəxəssisləri tərəfindən əsassız hesablanmış 518,40 AZN (beş yüz on səkkiz manat qırx qəpik) cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanında ailəmlə birlikdə yaşayır, ailəsi qaz istehlakçısıdır, bütün qaz istifadəçilərində olduğu kimi yaşadıqları evə təbii qaz, qaz sayğacından gəlir, Qaz sayğacı Xətai rayonuQaz İstismarı İdarəsinin işçiləri tərəfindən mənzilin çölündə, yəni blokda yerləşdirilmişdir, 28 yanvar 2022-ci il tarixində Cavabdeh Xətai rayon Qaz İstismarı İdarəsinin mütəxəssisləri tərəfindən istifadəsində olan G4 markalı 40032395 nömrəli qaz sayğacı götürülərək əvəzinə yeni mexaniki qaz sayğacı quraşdırılmışdır, qaz sayğacı quraşdırılan zaman mütəxəssislər tərəfindən sayğacın növbəti dövlət yoxlamasına göndərilməsi üçün götürüldüyü bildirilmişdir, Qaz sayğacı dəyişdirilərkən əvvəl istifаdədə olan sayğacda hər hansı bir xətanın olması barədə heç nə bildirilməmişdir, 15 fevral 2022ci il tarixində qaz sayğacı dövlət yoxlamasından keçirilmiş və laboratoriya rəyi verilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilib, bu barədə 22 fevral 2022-ci il tarixində MSK- 29/1710- 00381-1 saylı Akt tərtib edilmişdir, 2022-ci ilin mart ayının əvvəlində öncədən olan sayğac yenidən quraşdırılarkən qaz idarəsinin mütəxəssi tərəfindən bildirilmişdir ki, belə bir akt var və 518,40 AZN məbləğində cərimə olunmuşlar, qaz idarəsinin məsul işçilərinə bildirmişdir ki, G4 markalı 40032395 nömrəli qaz sayğacına özü və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır, müntəzəm olaraq biz qaz ödənişlərini etmişlər və edirlər, qaz sayğacı yaşayış mənzilin xaricində, binanın blokunda yerləşdirilmişdir, onun mühafizəsinə özü və ailə üzvləri cavabdeh deyil, onlar tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir, cərimə tamamilə qanunsuzdur. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, tərəflər İddiaçı məxsus Tenov küçəsi, ev 3, mənzil 76 ünvanının qazla təmin edilməsi barədə müqavilə imzalanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, Natek G-4 markalı sayğac yeni Zenner G-4 markalı sayğac ilə əvəz olunmuşdur. İş materiallarında olan 29/1710-00381-1 saylı Rəydən görünür ki, 1102AQ**********3 saylı sayğac üçün sayğacın çıxış-plastmas borusunun deşilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Bildiriş-xəbərdarlıqdan görünür ki, **********00760 saylı abonent kodu üzrə ödəniləcək məbləğ 527,16 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin saldosundan (qalıq və aktlar bölməsi) görünür ki, iddiaçının **********00760 saylı abonent hesabına akt əsasında 02/2022-ci il üçün 518,40 manat borc hesablanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2022-ci il tarixdə yenisi ilə əvəzləşdirilmişdir, çıxarılmış sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğacın çıxış-plastmas borusunun deşilməsi əsası ilə iddiaçının abonent hesabına akt əsasında 518,4 manat borc hesablanmışdır. Hazırda həmin məbləğ ondan tələb edilir. Bununla belə, iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00760) itirilmiş qazın bərpası məqsədilə hesablanmış 518,40 manat məbləğində borc silinməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddia tələbi 1000 manatdan az olduğundan və cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, Cavabdeh İB-dən 30 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00760 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar