Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2992/2024 11.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanda təbii qazdan istifadəyə görə abonent istifadəçisidir. Abonent kodu **********00000-dır. xx.xx.2023-cü ildə ünvanına quraşdırılmış sayğacı çıxarmış əvəzində yeni sayğac quraşdırılmışdır. Bununla bağlı həmin tarixdə akt tərtib edilmişdir. Bu yaxınlarda ona əsassız olaraq borc yazıldığı məlum olmuşdur. Bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında iddiaçıya cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, MSK-14-2- 2/3-5-8528/Q001 saylı aktla müəyyən edilmişdir ki, iddiaçının ünvanından çıxarılmış sayğac 11 oktyabr 2023-cü il tarixdə dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticəsi olaraq göstərilmişdir ki, sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilmiş, xətalar təyin edilə bilmədi, sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyil, sayğac istismara yararsızdır. İddiaçı barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta əsasən, laboratoriya aktına istinad edilməklə dəymiş ziyanın hesablanması göstərilmişdir. Bu əsasla iddiaçıya 777,60 manat borc yazılmışdır. Halbuki, bəhsi keçən aktdan iddiaçının bu vaxta qədər olmamış və yalnız cavabdeh təşkilata müraciət etdikdən sonra bu barədə məlumat əldə etmişdir. Sözügedən akt tamamilə əsassız və saxtadır. Sayğac xüsusi mühafizə altında olmamışdır. Bəlkə də, elə sayğacda göstərilən qüsurlar sayğac çıxarılan zaman cavabdehin əməkdaşları tərəfindən edilmişdir. Küçədə kənar şəxs tərəfindən də sayğaca hər hansı bir kənar təsir ola bilərdi. Cavabdeh iddiaçı tərəfindən sayğaca təsir edildiyini sübut etməli idi. Halbuki “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Cavabdehin iddiaçıya təqdim etdiyi aktdan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti istehlakçıya təqdim olunmamış və ya göndərilməmişdir. Tərtib edilmiş əsassız akt ucbatından ona 777,60 manat borc yazılmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 777,60 manat məbləğində borcun silinməsi, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin – 300 manat məbləğində pulun Cavabdeh İBdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 721 manat məbləğində pulun silinməsi, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi xərcin – 300 manat məbləğində pulun və əsassız olaraq tutulmuş 56,6 manat məbləğində pulun Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı (abonent kodu: **********00000) 2023-cü il üçün 777,60 manat borcu olmuş, ondan 56,50 manat borca görə tutulma olmuş, hazırda borcu 721,10 manat təşkil edir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 oktyabr 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib, xətalar təyin edilə bilmədir, sayğac istismara yararsızdır.” kimi qeyd edilmişdir. İş materiallarında olan Dəymiş ziyanın bərpasına dair 31 oktyabr 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, İddiaçı istifadəsində olan ünvan 2 ünvanında qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan “6x12x90=6480 m3” kimi müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ilə Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili Nümayəndə arasında bağlanmış 78 saylı müqavilədən görünür ki, vəkil ona həvalə edilmiş tapşırıq əsasında hüquqi yardım göstərməyi, iddiaçı isə hüquqi yardıma görə 300 manat haqq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 11932 nömrəli 12 fevral 2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı 78 nömrəli müqavilə üzrə 300 manat pul vəsaiti ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 17 oktyabr 2023-cü il tarixli, ******* saylı aktın surətində “sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib, xətalar təyin edilə bilmədi, sayğac istismara yararsızdır.” qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış iddiaçının silinməsini tələb etdiyi 721,10 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00000) ünvanına dair hesablanmış 721,10 manat məbləğində borc silinməli və iddiaçıdan borca görə tutulmuş 56,50 manat məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi xərcin – 300 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində hesab edir ki, iddiaçı hüquqi xidmətin göstərilməsi ilə bağlı 300 manat ödəniş etsə də, hüquqi yardıma görə vəsait ağlabatan məbləğdə tutulmalıdır. Məhkəmə iddiaçı tərəfindən hüquqi yardımla bağlı ödənilmiş vəsaitə görə 100 manat pul vəsaitinin Cavabdeh İB-dən iddiaçının xeyrinə tutulmasını ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğun hesab edir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 2 yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00000) hesablanmış 721,10 manat məbləğində borcu silmək və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 56,50 manat pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdehndən hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş vəsaitə görə 100 manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2992/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2992/2024
11.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver