Məhkəmə qərarları › İş №e-2(011)-3096/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3096/2023

11.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3096/2023 11.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi 17 yanvar 2005-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 17 yanvar 2005-ci il təvəllüdlü oğlu Hikmət Talıbovun uşaqlıqdan sağlamlıq imkanları məhdud olmuşdur. Belə ki, onda qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu mövcuddur. Yaddaşı və intellekti kəskin geri qalır. Nitq artikulyasiyasının spesifik pozuntusuna malikdir. Nitqi aydın deyildir. Hərəkət məhdudluğu vardır. Özünə xidmət zamanı köməyə ehtiyac, habelə daimi qulluğa ehtiyacı vardır. Bakı şəhəri Xətai rayonu 2 saylı ZTSE Komissiyasının 006311 nömrəli arayışından görünür ki, X4 23 fevral 2009-cu il tarixdən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, 17 yanvar 2005-ci il təvəllüdlü X4 18 yanvar 2023-cü il tarixdən “Ağır dərəcəli əqli gerilik, ağır kəmağıllıq kəskin inbesillik kobud nitq və davranış pozuntuları ilə. Kənar şəxslərin himayəsinə ehtiyacı var. İQ-20. Daimi müşahidəyə ehtiyacı, ağır kəmağıllıq kəskin inbesillik kobud nitq və davranış pozuntuları ilə. Kənar şəxslərin himayəsinə ehtiyacı var. İQ-20. Ağırlaşma. F 72.1. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır kəmağıllıq kəskin inbesillik kobud nitq və davranış pozuntuları ilə kənar şəxslərin himayəsinə ehtiyacı var.İQ-20” diaqnozu ilə orqanizmin funksiyalarının 85 faiz pozulması ilə ümumi xəstəliklə birinci qrup müddətsiz əlil olmaqla əmək qabiliyyətsizdir. Odur ki, 17 yanvar 2005-ci il təvəllüdlü oğlum X4 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 578039 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 17 yanvar 2005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X6, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizası üzrə verilmiş xx.xx.2023-cü il tarixli 1886 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən . 17 yanvar 2005-ci il təvəllüdlü X2 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. 17 yanvar 2005-ci il təvəllüdlü X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənası dərk etmək və onları şüürlu idarə etmək iqtidarına malik deyil. X5 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi 17 yanvar 2005-ci il təvəllüdlü X4 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, 17 yanvar 2005-ci il təvəllüdlü X4 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X4 ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək 17 yanvar 2005-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamə xx.xx.2004-cü il təvəllüdlü X3 üzərinə qəyyum təyin edilməsi üçün əsas hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 17 yanvar 2005-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə 17 yanvar 2005-ci il təvəllüdlü X1 üzərində qəyyum təyin edilməsi üçün əsas hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar