Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3181/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 30/68472 nömrəli xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinin xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi; qətnamənin Ərizəçi yeni mülkiyyət sənədinin verilməsinə əsas olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 3-cü Zavod küçəsi, 3 nömrəli evin 28 nömrəli mənzili Ərizəçi xüsusi mülkiyyətindədir. Mənzilə dair mülkiyyət sənədi olan qeydiyyat vəsiqəsi də verilmişdir. Bu yaxınlarda o, həmin mənzili kirayəyə vermək istədikdə, notariat orqanı kirayə müqaviləsini rəsmiləşdirməmişdir. Səbəb kimi şəxsiyyət vəsiqəsindəki soyad ilə qeydiyyat vəsiqəsindəki soyadın fərqli qeyd edilməsi olmuşdur. Belə ki, 30/68472 nömrəli xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsində ərizəçinin soyadı “Yusubov” kimi qeyd edilsə də, əslində şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Yusifov” kimi qeyd edilmişdir. Hətta ərizəçinin mülkiyyətində olan digər mənzilin mülkiyyət sənədində də düzgün olaraq soyadı “Yusifov” kimi qeyd edilmişdir. Nikah haqqında şəhadətnamədə də “Yusubov” soyadı “Yusifov” soyadına dəyişdirilmişdir. Yəni bütün sənədlərdə soyad “Yusifov” kimi qeyd edilir, yalnız qeydiyyat vəsiqəsində səhv qeyd edilmişdir. Ərizəçi hazırda həmin sənədin ona məxsus olmasını başqa yolla müəyyən edə bilmir. Belə ki, o bu barədə maraqlı şəxsə müraciət etsə də uzun müddət keçməsinə baxmayaraq ona rəsmi cavab verilməmişdir. Odur ki, qeydiyyat vəsiqəsinin ona məxsus olma faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahatlar vermiş və məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X1 və mülkiyyət hüquqlarının Qeydiyyat Şöbəsi tərəfindən verilən qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, 3-cü Zavod küçəsindəki 3 nömrəli yaşayış evinin 28 nömrəli mənzili Ərizəçi adına xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilmişdir və bu barədə Reyestr kitabında xx.xx.1995-ci il tarixdə 30/68472 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan Ərizəçi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, Ərizəçi 30/68472 nömrəli xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinin dəyişdirilərək Ərizəçi yeni mülkiyyət sənədinin verilməsini və soyadının “Yusifov” kimi qeyd edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, sözügedən mənzil ilkin olaraq X3 nadına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən ərizəçi bu ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə qeyd edilən hissədə təmin edilərək, Bakı şəhəri, 3-cü Zavod küçəsindəki 3 nömrəli yaşayış evinin 28 nömrəli mənzilinin Ərizəçi adına xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilməsinə dair qeydə alma nömrəsi 30/68472 saylı, tarixi xx.xx.1995-ci il olan tarixli qeydiyyat vəsiqəsinin xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi məxsus olmasına dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsas olduğundan, məhkəmə aktının yeni mülkiyyət sənədinin verilməsinə əsas olması barədə qeydin aparılması hissəsi təmin edilməməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndinə görə eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 30/68472 nömrəli xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinin xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-3181/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3181/2025
23.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver