Məhkəmə qərarları › İş №e-2(011)-3305/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3305/2025

23.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3305/2025 23.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdehin ona qanunsuz hesabladığı 2256,25 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, ünvan 1 onun mülkiyyətindədir. Buna baxmayaraq həmin mənzildə ara bir yaşayır, daimi yaşamır. Ona cavabdeh tərəfindən qanunsuz olaraq 2256,25 manat borc hesablanmışdır. Halbuki bu çox böyük sərfiyyatdır. Bu məbləğdə o qaz işlətməmişdir. Bu borcu qanunsuz hesab edir. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı daha əvvəl keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, 2022-ci ildə mənzili aldıqdan sonra mənzildə təbii qazdan istifadə etmiş, lakin istifadə edilmiş qazın dəyərinə görə ödəniş edə bilməmişdir. Belə ki, mənzil üzrə təbii qazın alqı-satqı müqaviləsi olmamışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsiin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin halları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışa əsasən ünvan 2, 64 saylı mənzil xx.xx.2022-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Azəriqaz İB ilə İddiaçı arasında 2024-cü ilin dekabr ayı tərtib olunmuş AK-01151/12- 24 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı satqısı” müqaviləsinə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlətə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylacısı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının 3-15-2-1/2-2418/2025 nömrəli xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində (abonent kodu - **********00640) quraşdırılmış avadanlıqların maksimal qaz sərfi nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddət ərzində qaz sərfiyyatının həcmi və dəyəri 2022-ci il üzrə - 409 manat, 2023-cü il üzrə - 1921 manat, 2024-cü il üzrə - 1840 manat olmaqla cəmi 4170 manat təşkil edə bilər. Mülki iş materiallarında olan yerində baxış protokoluna əsasən, ünvan 1 ünvanına baxış keçirilmişdir. Mənzilin eyvanında qaz sayğacı aşkar edilmişdir. Mənzildə qaz qurğularından bir 4 gözlü qaz plitəsi, birdə kombi aşkar edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun (01 may 2022-ci il tarixli 486-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş redaksiyasında) Maddə 13 Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması.

1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir.

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzil 2022-ci ilin oktyabr ayından İddiaçı adına qeydiyyata alınmış və sonuncu həmin tarixdən qeyd olunan mənzildə yaşamışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, sözügedən mənzilin alqı satqısından sonra müəyyən olunmuşdur ki, orada köhnə qaz sayğacı var. Həmin sayğacın işlək olub-olmamasından məlumatı olmadığından bir müddət qazdan istifadə etmiş, lakin istifadə olunmuş qaza görə hesablanmalar aparılmamış və sərfiyyat borcu ödənilməmişdir. İddiaçı ilə Cavabdeh İB arasında qazın alqı satqısına dair müqavilə yalnız 2024-cü ilin dekabr ayında bağlanmışdır. Bu zamana qədər iddiaçının verdiyi izahatından da göründüyü kimi, istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İB istifadə olunmuş qazın dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən məhkəmə qeyd etmək istəyir ki, İddiaçı 2 ildən artıq müddət ərzində qazdan istifadə edərək onun dəyərinə ödəmədiyini bildirsə də, Cavabdeh İB tərəfindən bu il ərzində hesablanmış borc məbləği ilə razılaşmamışdır. İddiaçı tərəfindən hesablanmış borc məbləği mübahisələndirildiyindən məhkəmə tərəfindən mütəxəssis cəlb olunmuş və xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddət ərzində qaz sərfiyyatının həcmi və dəyəri yenidən hesablanmışdır. Həmin hesablama nəticəsində maksimal qaz sərfi nəzərə alınmaqla qaz sərfiyyatının həcmi və dəyəri 2022-ci il üzrə - 409 manat, 2023cü il üzrə - 1921 manat, 2024-cü il üzrə - 1840 manat olmaqla, cəmi 4170 manat təşkil edə biləcəyi qeyd olunmuşdur. Göründüyü kimi, Cavabdeh İB tərəfindən iddiaçıya məxsus yaşayış evi üzrə təbii qazın sərfiyyatına görə aparılmış hesabat düzgündür. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən, mülki iş üzrə təqdim edilmiş sübutlara və tərəflərin izahatlarına məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia əsassız hesab edilərək təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı Cavabdehnə qarşı 2256,25 (iki min iki yüz əlli altı manat iyirmi beş qəpik) manat məbləğində borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar