Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3419/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi və əsassız tutulmuş məbləğin iddiaçıya qaytarılması tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi və əsassız tutulmuş məbləğin iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 675,58 manat məbləğin iddiaçının hesab kodundan silinməsi, əsassız borca görə tutulmuş 879,62 manat məbləğin iddiaçıya qaytarılması və pozulmuş hüquqlarının bərpası ilə bağlı xərclədiyi 300 manat məbləğində pulun Cavabdehndən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bu yaxınlarda iddiaçıya əsassız olaraq borc yazıldığı məlum olmuşdur. Bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmiş, müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, akt № MSK-14-2-2/3-5-4446/Q001 saylı aktla müəyyən edilir ki, iddiaçının ünvanından çıxarılmış sayğac 27 aprel 2023-cü il tarixdə dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticəsi olaraq göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır. İddiaçının barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ”xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Aktda yuxarıda qeyd edilən laboratoriya aktına istinad etməklə vurulmuş ziyanın hesablanması göstərilmişdir. Bu əsasla iddiaçıya 1555,2 manat borc yazılmışdır. Üstəlik, həmin aktı imzalamaqdan imtina etməyi göstərilmişdir. Halbuki, bəhsi keçən aktdan onun xəbərim bu vaxta qədər olmamış və yalnız cavabdeh təşkilata müraciət etdikdən sonra bu barədə məlumat əldə etmişdir. Sözügedən akt tamamilə əsassız və saxtadır. Sayğac xüsusi mühafizə altında olmayıb, küçədə quraşdırılıb. Bəlkə, elə sayğacda göstərilən qüsurlar sayğacı çıxaran zaman Cavabdeh İB-nin əməkdaşları tərəfindən edilmişdir. Küçədə kənar şəxs tərəfindən də sayğaca hər hansı bir kənar təsir ola bilərdi. Cavabdeh iddiaçı tərəfindən sayğaca təsir edildiyini sübut etməli idi. Cavabdehin iddiaçıya təqdim etdiyi aktdan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti istehlakçıya təqdim olunmamış və ya göndərilməmişdir. Tərtib edilmiş əsassız akt ucbatından iddiaçıya 1555,2 manat borc yazılmışdır. Həmin borcdan əsassız tutulmalar ucbatından hazırda borcu 675,58 manat qalmışdır. Odur ki, həmin məbləğ silinməli və əsassız tutulmuş 879,62 manat və hüquqlarının müdafiəsi üçün xərcləmiş olduğu 300 manat pul iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Abonentin saldosundan görünür ki, **********00000 saylı abonent kodu İddiaçı adınadır. 0390238 saylı aktdan görünür ki, Cavabdeh İB tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində əzik-cızıq izlərinin olması qeyd edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 12960 m3 olması müəyyən edilmişdir. Abonent saldosunun “qalıq və aktlar” bölməsindən görünür ki, 2023-cü il üzrə 1555,20 manat məbləğində borc hesablanmışdır. **********00000 saylı abonent kodu üzrə hesabdan çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixə həmin hesab üzrə 550,58 manat borc mövcuddur. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli müqavilədən və eyni tarixli ödəniş qəbzindən görünür ki, vəkil Nümayəndə tərəfindən İddiaçı hüquqi yardım göstərilmiş və hüquqi yardıma görə haqqın məbləği 300 manat müəyyənləşdirilmişdir. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13, 8-1 hissə. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi: Yuxarıda sadalanan qanunvericilik aktlarının tələbinə əsasən mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Qeyd edilənlər əsasında məhkəmə belə qənaətə gəlir edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, eləcə də, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin itirilmiş qazın dəyərinə görə hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməlidir. Yalnız istehlakçının təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcu tələb etməsi qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ******* saylı akta əsasən hesablanmış borca görə tutulmaların geri qaytarılmasını, eləcə də qalan borcun silinməsini tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə qeyd edir ki, iddia ərizəsində 675,58 manat məbləğində borcun silinməsi, 879,62 manat məbləğində pulun geri qaytarılması tələb edilsə də, iş materiallarında olan iddiaçının abonent hesabı üzrə çıxarışdan görünür ki, hazırda həmin hesab üzrə 550,58 manat məbləğində borc mövcuddur. Odur ki, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilərək silinməli və qaytarılmalı məbləğlər hazırki hesab göstəricilərinə uyğun müəyyən edilməlidir. Məhkəmə ******* saylı akta əsasən hesablanmış borcun məbləğinin 1555,20 manat olduğunu, hazırda abonentin hesabında qalıq borcunun 550,58 manat olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının abonent hesabından 550,58 manat məbləğində borc silinməli, 1555,20 - 550,58 = 1004,62 manat məbləğində borca görə tutulmalar isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, borcun silinməsi və pulun geri qaytarılması tələbinə dair iddia əsaslı olduğundan və göstərilmiş hüquqi yardıma görə tələb edilən 300 manat haqq ağlabatan məbləğdə müəyyən olunduğundan iddia tələbi vəkil xərcinə aid hissədə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akta əsasən Cavabdeh tərəfindən ünvan 1 ünvanı üzrə (abonent kodu: **********00000) İddiaçı hesablanmış 550,58 manat məbləğində borc silinsin. Cavabdeh İB-dən 1004,62 manat pul və 300 manat vəkil xərci tutularaq İddiaçı ödənilsin. 36 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(011)-3419/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3419/2025
15.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver