Məhkəmə qərarları › İş №e-2(011)-3457/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3457/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3457/2021 20.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Kreditor İddiaçı MMC borclu Cavabdeh qarşı “pul tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək borcludan 1235 manat məbləğində borcun və və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "İddiaçı” MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01-AGT********** nömrəli alqı-satqı müqaviləsinə əsasən alıcı İddiaçı mağazasından ümumi nisyə dəyəri 2662 olan İphone X 64 Silver (İMEİ **********59018) markalı mobil telefonu almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq hər ayın 30-dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 164 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri- 1235 manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir.Dəfələrlə borclu Cavabdeh borcun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh məhkəmə əmrindən verdiyi etiraza əsasən məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə əmrin ləğv olunması və iddia icraatına keçilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 01-AGT********** saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə alqısatqı qiyməti 2662 manat (12 ay x 164 manat + 699 manat ilkin ödəniş), İMEİ kodu **********59018 olan “İphone X 64 Silver” markalı telefon satmışdır. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya olan borcunun məbləği 1235 manat təşkil edir. Məhkəmə belə hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri: satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilələrdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə hesab edir ki, araşdırılmış sübutlarla İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 01-AGT********** saylı alqı-satqı müqaviləsindən irəli gələn ödənilməmiş 1235 manat məbləğində əsas borcun qalması təsdiq edildiyindən iddia tələbi təmin edilməli və həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, 01-AGT********** saylı alqı-satqı müqaviləsi üzrə 1235 (bir min iki yüz otuz beş) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar