Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3532/2022 27.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. “Mercedes Benz GL 550” markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – Sığortalanmış avtomobil) xx.xx.2019-cu il tarixdən xx.xx.2020ci il tarixədək "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin tam sığortası” növü (kasko sığorta) üzrə sığortalanmışdır.
2. xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh idarə etdiyi “Mercedes Benz E240” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində Sığortalanmış avtomobilə zərər vurmuşdur.
3. Həmçinin, cavabdeh barəsində xx.xx.2020-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar (xx.xx.2020-ci il tarixli İnzibati xəta haqqında protokol əsasında) qəbul edilməklə, o, İXM-nin 327.2-ci (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur.
4. Sığorta hadisəsi nəticəsində Sığortalanmış avtomobilə dəyən zərər "xxxx" MMC tərəfindən zərər aktı tərtib edilməklə 11898 manat məbləğində qiymətləndirilmiş, təmir edildiyi təqdirdə əlavə xərc (ƏDV) 2141,64 manat məbləğində sığorta ödənişi müəyyələnşdirilərək, xx.xx.2020-ci il tarixdə köçürmə yolu ilə "xxxx" MMC-yə ödənilmişdir.
5. Zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 5000,00 manat məbləği sığortaçı tərəfindən ödənilmişdir.
6. İddia ərizəsinin və ona etirazın dəlilləri:
7. İddia ərizəsinin dəlilləri:
8. İddiaçı cavabdehdən subroqasiya qaydasında iddiaçının xeyrinə dəymiş ziyana görə 8939,64 manat sığorta ödənişinin, ödənilmiş 109,39 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən idarə olunan ** ZJ *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E240” markalı avtonəqliyyat vasitəsi ilə iddiaçı tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** AH *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GL550” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2020-ci il tarixli TP3976357 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və cavabdeh təqsirli bilinmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** AH *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GL550” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 11 898,00 manat təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 2141,64 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə azadolma çıxılmaqla 13 939,64 (on üç min doqquz yüz otuz doqquz manat altmış dörd qəpik) manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 5000 manat məbləğin sığortaçı tərəfindən ödənilmiş, 8 939,64 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində iddiaçının bank hesabına ödənilməsini cavabdehdən xahiş etmişlər cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır.
10. Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:
11. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.
12. Məhkəmə iclasında verilən izahatlar:
13. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
14. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
15. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
17. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
18. Maddə 1108.2 Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Məhkəmənin mövqeyi:
24. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
25. AR MM-nin 936.1 və 936.2-ci maddələrinin mənasından görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. İddiaçının subroqasiya hüququnun yaranması isə iş materialları ilə müəyyən edilir.
26. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə Sığortalanmış avtomobilin sığorta müqaviləsi qüvvədə olduğu vaxt (xx.xx.2020-ci il) sığorta hadisəsi baş vermiş və Sığortalanmış avtomobil cavabdeh tərəfindən “Mercedes Benz E240” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində zədələnmişdir. İddiaçı tərəfindən zərər dəymiş avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına 13939,64 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Sonradan isə cavabdehin idarə etdiyi avtomobili icbari qaydada sığorta etmiş "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin 5000 manat hissəsi iddiaçıya geri qaytarılmışdır.
27. Həmçinin, cavabdeh törətdiyi yol nəqliyyat hadisəsinə görə xx.xx.2020-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə İXM-nin 327.2-ci maddəsilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.
28. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Sığortalanmış avtomobilə yol nəqliyat hadisəsi nəticəsində dəymiş ziyan iddiaçı tərəfindən aradan qaldırıldığından iddiaçının subroqasiya hüququ yaranmışdır.
29. Lakin məhkəmənin qənaətinə görə, iddiaçı subroqasiya tələbi ilə, cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia həcminə görə qismən əsaslıdır.
30. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5432 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünü ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-cı il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2010-cu il buraxılışlı “Mercedes Benz CL550” markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobilə 9013 manat maddi ziyan dəymişdir.
31. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
32. Məhkəmə qeyd edir ki, belə olan halda Sığotalanmış avtomobilin təmir-bərpa xərci olaraq ekspert rəyi ilə müəyyən edilmiş 9013 manat və avtomobil təmir edildiyi təqdirdə 1622,34 manat əlavə xərc olmaqla, ümumilikdə 10635,34 manatdan, yəni zərər məbləğindən "xxxx" ASC tərəfindən iddiaçıya qaytarılmış 5000 manat sığorta ödənişi çıxıldıqdan sonra ödənilməmiş qalan 5635,34 manat məbləğində sığorta ödənişi (10635,34 – 5000 = 5635,34 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması üçün dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, iddiaçının ödədiyi dövlət rüsumu və ekspertiza xərci iddianın təmin olunması (iddia 63% hissədə təmin olunmuşdur) nisbətində tərəflər arasında bölüşdürülməlidir.
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 5635,34 manat məbləğində sığorta ödənişi, 69,16 manat məbləğində dövlət rüsumu və manat bank xidmət haqqı Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilsin. Dövlət rüsumunun 40 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin 63 manat hissəsi Cavabdeh, 37 manat hissəsi isə "xxxx" ASCdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı