Məhkəmə qərarları › İş №e-2(011)-3691/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3691/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3691/2024 06.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Qala Sığorta ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3930,28 (üç min doqquz yüz otuz manat, iyirmi səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 59.30 (əlli doqquz manat, otuz qəpik) manat, müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Cavabdeh1 məxsus “Hyundai Sonata” markalı, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixində idarə edərkən Bakı şəhəri, Füzuli küçəsi ərazisində "xxxx" ASC tərəfindən MV-C(Q) 00084-21_2 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Mercedes Benz S500” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Mercedes Benz S500” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 500 (beş yüz) manat azadolma məbləği çıxılaraq 8170,03 (səkkiz min bir yüz yetmiş manat üç qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrəBakı Şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Səfərov X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbimizlə bağlı 4239,75 (dörd min iki yüz otuz doqquz manat, yetmiş beş qəpik) manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 3930,28 (üç min doqquz yüz otuz manat, iyirmi səkkiz qəpik) manat məbləğ isə Cavabdeh2 tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0533/23 nömrəli məktubla Cavabdeh2 qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbimiz təmin olunmadığından həmin tələbimizin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələblərini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin iş üzrə verilmiş ekspert rəyinə münasibət olaraq bildirmişdir ki, sığorta şirkəti tərəfindən nəqliyyat vasitəsinə dəymiş ziyan hesablanarkən, avtomobilin istehsal tarixi deyil, məhz qəza baş verən zaman mövcud bazar qiymətləri əsas götürülmüşdür. Cavabdeh2 məhkəmə iclasında iddianı qismən qəbul edərək, iş üzrə verilmiş ekspert rəyinə uyğun olaraq aşınma tətbiq edilməklə nəqliyyat vasitəsinin təmir-bərpası üçün görülmüş işlərin dəyəri ilə razılaşdığını bildirmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş sığorta aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz S500” minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8670.03 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan 2343 nömrəli xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından 8670.03 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən “X4” MMC-yə ödənilmişdir. İş materiallarında olan 3294 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından 4239.75 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AM00005141 nömrəli hesab-fakturadan görünür ki, **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmit bərpası üçün görülmüş xidmətlər ƏDV-siz 7347,47 manat, ƏDV 1322,55 manat olmaqla, cəmi məbləğ 8670.03 manat müəyyən edilmişdir. İş materiallarında olan TP ******* nömrəli xx.xx.2021-ci il tarixli İnzibati Xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixində saat 22:03 radələrində “Füzuli” küçəsi ünvanında “Hyundai Sonata” minik markalı **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafə qaydalarının pozması nəticəsində Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulan xətanı törətmişdir. İş materiallarında olan sığorta şəhadətnaməsindən görünür ki, “Mercedes Benz S500” minik markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortaçı "xxxx" ASC-də avtomobillərin tam sığortası növündə sığortalanmış, sığortalı “Wembley Devepolments (Azerbaijan) Qapalı Səhmdar Cəmiyyəti olmuş, sığorta müddəti xx.xx.2021xx.xx.2022-ci il olmuşdur. İş materiallarında olan, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, **-SO-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 olmuş, xx.xx.2021-ci ildə nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh2 etibarnamə əsasında nəqliyyat vasitəsini idarə etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 54426562 saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 59.30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3691/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/3393 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2015-ci il buraxılışlı “Mercedes Benz S500” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən:

1. Dəyişdirilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8563.07 manat. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 5380.00 manat; təmir-bərpa işlərinin qiyməti – 1860.52 manat; ƏDV – 1303.29 manat.

2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7394.07 manat. O cümlədən:dəyişilməli hissələrin qiyməti -4211,00 manat; təmir-bərpa işlərinin qiyməti -1860.52 manat; ƏDV 1092.87 manat. Həmçinin ekspert rəyində qeyd edilmişdir ki, avtoservis müəssisələrinin səviyyəsindən, mpvcud tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilməməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22:03-də toqquşma baş verərək, yol-nəqliyyat hadisəsi baş vermişdir. Təqsirkar Cavabdeh2 “Hyundai Sonata” minik markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən toqquşma nəticəsində “Mercedes Benz S500” minik markalı, 10-AZ -223 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən Cavabdeh2 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanundan görünür ki, “mülkiyyət hüququ ilə” və “digər qanuni əsasla” ifadələri arasında “və” deyil, “və ya” bağlayıcısından istifadə olunmuşdur. Ona görə də həm mülkiyyətçi, həm də digər qanuni sahib birgə məsuliyyət daşıya bilməzlər. Buna görə də məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, onu qanuni əsaslarla idarə etmiş olan Cavabdeh2 daşımalı, Cavabdeh1 münasibətdə isə iddia əsaslı hesab edilməməlidir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) yalnız Cavabdeh2 tərəfindən törədildiyindən vurulmuş ziyan yalnız Cavabdeh2 alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Lakin iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, məhkəmə hesab edir ki, həcminə görə qismən əsaslıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, “Mercedes Benz S500” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün dəyişdirilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8563.07 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7394.07 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “Mercedes Benz S500” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 7394.07 manat müəyyən edilməlidir. Belə ki, hazırkı iddia delikt nəticəsində vurulmuş ziyanın reqres qaydada tələbi ilə bağlı olduğundan, burada tutulmalı olan zərərin miqdarı iddiaçının müvafiq ödəniş tapşırığı ilə ödədiyi məbləğə münasibətdə deyil, ziyanın vurulduğu şəxsə real vurulmuş zərərin məbləği ilə müəyyənləşdirilməlidir. Belə olan halda dəymiş zərərin məbləği olan 7394.07 manatdan "xxxx" ASC tərəfindən ödənilmiş 4239.75 manat ödəniş çıxıldıqda sığorta ödənişi 3154.32 (7394.07-- 4239.75= 3154.32) manat təşkil edir. Odur ki, iddia qismən təmin edilməli və Cavabdeh2 3154.32 manat sığorta ödənişi məbləği alınaraq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması və müvəqqəti təminat tədbirinin görülməsi ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, sığorta ödənişi Cavabdeh2 alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də yalnız iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, yəni 51.54 manat iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddia qismən təmin edildiyindən işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.

Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220- ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh2 3154.32 (üç min yüz əlli dörd manat otuz iki qəpik) məbləğində pul vəsaiti, müvəqqəti təminat tədbiri barədə ərizəyə görə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və iddia ərizəsinin verilməsinə görə 51.54 (əlli bir manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə, o cümlədən Cavabdeh1 münasibətdə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar