Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-377/2024 14.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştiraklarıı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh xx.xx.1994-cü il tarixli 30/43467 nömrəli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyətimdə olan Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, 24 saylı evin 2 saylı mənzilindən cavabdeh X2 istifadə hüququna cavabdehə 10.000 (on min) manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili sonrada iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, məhkəmədən cavabdehə 12.500 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, cavadeh X4 iddiaçının doğma övladıdır. Qeyd edir ki, Xətai rayonu, Pivzavod küçəsi 24, mənzil 2 ünvanda yerləşən mənzil 30/43467 nömrəli qeydiyyat vəsiqəsi əsasında xx.xx.1994-cü il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh, yəni, qızı X4 xx.xx.2002-ci ildən Xətai rayonu, Pivzavod küçəsi 24, mənzil 2 ünvanında qeydiyyatdadır. Məhkəmənin yüksək nəzər diqqətinə çatdırmağı vacib hesab edir ki, Nina Xadirnəbiyeva onun iradəsinin əleyhinə olaraq bir neçə il əvvəl ailəli şəxslə qeyri-rəsmi münasibət qurmuşdur. İddiaçı dəfələrlə qızına evli şəxslə münasibətdə olmağın ailələrinin adına və onun ləyaqətinə uyğun olmadığını bildirmişdir. Lakin, Nina iddiaçının atalıq haqqına qarşı böyük sayqısızlıq və hörmətsizlik nümayiş etdirərək heysiyyatına toxunaraq həmin şəxslə münasibətdə olmağa davam etmiş, iddiaçının təkidli xahişlərinə məhəl qoymadan xx.xx.2023-cü ildən yaşadığı Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi 24, 2 saylı mənzili birdəfəlik tərk edərək münasibət qurduğu şəxslə birlikdə yaşamağa başlamışdır. Bununla əlaqədar olaraq münasibətləri kəskin şəkildə pisləşmişdir. Qeyd edir ki, Nina Xadirnəbiyeva yaşadığı mənzili tərk edib getdiyi vaxtdan yəni xx.xx.2023-cü il tarixdən hal-hazıradək bir dəfə də olsun buraya qayıtmamışdır. Bunu onun münasibətdə olduqları yaxın qonşuları (qonşuların ərizələri əlavə olunur) təsdiq edir. Nina iddiaçıya qarşı tamamilə sayqısızlıq göstərərək hətta, harada yaşaması barədə belə məlumat verməmişdir. Qızı Ninanın valideyn-övlad münasibətlərinə tamamilə zidd olan nalayiq davranışı nəticəsində onların artıq eyni mənzildə yaşamaqları mümkün deyildir. Yuxarıda qeyd etdikləri səbəblərə görə, hazırda qüvvədə olan mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qaydasında X2 Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24, 2 saylı mənzildən (evdən) istifadə hüququna kompensasiya ödəməklə xitam vermək qərarına gəlmişdir Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında bildirmişdir ki, iş üzrə məhkəmə ekspertizası təyin olunmuş və müəyyən edilmişdir ki, evlərin aylıq kirayə haqqı 350 manatdır. Bu səbəbdən hesab edir ki, iddia tələbinin həcminin artırılmasına zərurət vardır. Göstərilənlərə əsasən cavabdehə 12.500 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 isə məhkəmə iclasında iddiaçı tərəfin onlara təəklif etdiyi kompensasiya məbləği ilə razılaşmadığını bildirərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Pivzavod küçəsi, 24 nömrəli yaşayış evin, 2 nömrəli mənzili X1 adına xüsusi mülkiyyət hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr xitabında xx.xx.1994-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan ünvan 1 ünvanında yaşayan X11 tərəfindən yazılmış ərizədən görünür ki, Cavabdeh xx.xx.2023-ü il tarixindən yaşadığı Bakı şəhəri, Xətai rayonu, Pivəzavod küçəsi, 24, 2 saylı mənzildən çıxıb gedib və həmin müddətdən indiyə qədər o, cavabdehi bu ünvanda görməmişdir. İş materiallarında olan ünvan 2 ünvanında yaşayan X9 tərəfindən yazılmış ərizədən görünür ki, Cavabdeh xx.xx.2023-ü il tarixindən yaşadığı Bakı şəhəri, Xətai rayonu, Pivəzavod küçəsi, 24, 2 saylı mənzildən çıxıb gedib və həmin müddətdən indiyə qədər o, cavabdehi bu ünvanda görməmişdir. İş materiallarında olan ünvan 3 ünvanında yaşayan X10 tərəfindən yazılmış ərizədən görünür ki, Cavabdeh xx.xx.2023-ü il tarixindən yaşadığı Bakı şəhəri, Xətai rayonu, Pivəzavod küçəsi, 24, 2 saylı mənzildən çıxıb gedib və həmin müddətdən indiyə qədər o, cavabdehi bu ünvanda görməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsindən (kirayə müqaviləsi) görünür ki, ünvan 4 ünvanında yerləşən 107 saylı mənzil X7 tərəfindən Cavabdeh bir il müddətinə kirayə verilmiş, kirayə haqqı aylıq olaraq 450 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən 2 saylı mənzilinin xx.xx.2023-cü il tarixə orta aylıq kirayə haqqı 450 manat müəyyən edilmişdir. İş materiallarında olan “X6” MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən 2 saylı mənzilinin xx.xx.2023-cü il tarixə orta aylıq kirayə dəyəri 280 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MƏhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/9833 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Pivəzavod küçəsi, 24 saylı evin, 2 nömrəli mənzilinin və ona oxşar şəraitli mənzilin aylıq icarə haqqının 2023-cü il üzrə orta bazar qiyməti təxminən 350 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur və burada kompensasiya tələb yox, yalnız təklif kimi çıxış edir. Odur ki, kompensasiya həmin tələbin obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiya məbləği ilə əlaqədar deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli Plenumunun Qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə hazırkı mübahisə ilə bağlı ilkin olaraq onu bildirir ki, Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun ünvan 6 ünvanında yerləşən mənzilə istifadə hüququ tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 3464/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, lakin sonradan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6516/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi Cavabdeh ünvan 7 ünvanına istifadə hüququnun tanınması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda istifadə hüquqlarının saxlanılması müddəti dəqiq göstərilmişdir ki, bu müddət altı ayla məhdudlaşdırılmışdır. Qeyd edilən müddəanın mənasından belə nəticə əldə olunur ki, icarədar və ya onun ailə üzvləri həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, yaxud bu müddət keçdikdən sonra onların yaşayış sahəsinə qayıtması özlərindən asılı deyildirsə, istifadə hüquqları qeyd-şərtsiz itirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Belə ki, cavabdehin mənzildən getməsi iradəsindən kənar hadisəyə görə baş verməməsi və iddiaçı altı aydan qısa bir müddətdə məsələni məhkəmədə mübahisələndirməsi, bununla da Cavabdeh ünvan 7 ünvanına istifadə hüququnun hazırda da olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Mülki qanunvericilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Adətən, mənzildə, evdə və sair müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Göründüyü kimi, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Bu baxımdan Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Eyni hüquqi mövqe “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında da ifadə olunub. Buna görə də məhkəmə iddiaçının iddia tələbinin dəlillərini əsaslı sayır və hesab edir ki, iddianın düzgün həlli və hüquqi müəyyənlik prinsipinin təmin olunması üçün, ilk növbədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməlidir. Belə ki, məhkəmə tərəfindən Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, 24 saylı evin, 2 nömrəli mənzilinin orta aylıq kirayə haqqının müəyyən edilməsi ilə bağlı məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MƏhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9833 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Xətai rayonu, Pivəzavod küçəsi, 24 saylı evin, 2 nömrəli mənzilinin və ona oxşar şəraitli mənzilin aylıq icarə haqqının 2023-cü il üzrə orta bazar qiyməti təxminən 350 manat müəyyən edilmişdir. Aylıq kirayə haqqının qiymətləndirilməsinin xüsusi bilik tələb edən sahə məhkəmə hazırkı mülki iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi, bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlsə də, digər tərəfdən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin mənzildən istifadə hüquqlarının itirilməsini tənzimləyir. Hər bir halda qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın məhz bazar qiymətinə uyğun ödənilməsini müəyyən edir və mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini ümumiyyətlə göstərməyə borclu deyildir. İddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməyə borcludurlar. Bu hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında da ifadə olunub Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Belə iddia tələblərində kompensasiyanın məbləği tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkilinin 15 000 manat məbləğində kompensasiya məbləğinin müəyyən edilməsi barədə dəlilinə münasibət olaraq qeyd edir ki, qanunvericiliyin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin əvəzi kimi yox, mənzilin tərkib hissəsindən istifadə etmək hüququ kimi çıxış etdiyindən, ödənilən kompensasiya da ayrıca mənzilin mülkiyyət kimi əldə olunmasına deyil, başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməsini, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının verilməsi kimi çıxış edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməli, Cavabdeh ünvan 7 ünvanından istifadə hüququna 12 500 manat kompensasiya verilməklə xitam verilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 60 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 7 ünvanından istifadə hüququna 12 500 (on iki min beş yüz) manat kompensasiya verilməklə xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-377/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-377/2024
14.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver