Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3778/2022 21.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı xx.xx.2020-ci il tarixli müqavilə üzrə 284.60 manat əsas borc, 28.40 cərimə borcu olmaqla, cəmi 313 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2020-ci il tarixdə «Samsung Galaxy A51» markalı mobil telefonun nisyə alqı-satqısı barədə 20128632 saylı müqavilə bağlanmışdır. Nəticədə cavabdehin 313 manat borcu yaranmışdır. Həmin müqavilənin ödəniş cədvəlinə görə əşyanın dəyəri 778.00 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 41.00 manat, ilkin ödəniş isə 40.00 manat müəyyən edilmişdir. Alınan əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh «Samsung Galaxy A51» markalı mobil telefon almışdır. Cavabehin xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 313 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 778.00 manat (18 ay + 41.00 manat + 40.00 manat ilkin ödəniş) olan «Samsung Galaxy A51» markalı mobil telefon üçün 284.60 manat ödənilməmiş əsas borcu və 28.40 cərimə borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə 493.40 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Lakin cavabdeh aldığı malın qiymətini ödəniş cədvəlinə uyğun olaraq tam ödəməməklə öhdəliyini pozmuşdur. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlində də göstərilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə 493.40 manat məbləğində ödəniş edilmiş, müqavilə üzrə cavabdehin əsas borcu 284.60 manat, cərimə borcu 28.40 təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusiyyətlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların qiymətini müqavilə ilə müəyyən edilmiş qaydada ödəməsinə öhdəlik götürmüşdür. Lakin cavabdeh göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, qeyd edilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, iddia tələbindən də açıq şəkildə görünür ki, 28.40 məbləğində hesablanmış cərimənin həcmi xeyli çoxdur. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 15 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə görə 284.60 manat əsas borc, 15 manat cərimə borcu olmaqla, cəmi 299,60 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-3778/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3778/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver