Məhkəmə qərarları › İş №e-2(011)-3780/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3780/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3780/2022 22.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 06 fevral 2021-ci il tarixli müqaviləyə əsasən, Xiaomi Redmi qulaqlıq üçün 56.50 manat ödənilməmiş hissə, 0 manat cərimə borcu; 08 mart 2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********62727 olan Samsung Galaxy A71 markalı telefon üçün 204 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu; 19 fevral 2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********32663 olan Samsung Galaxy A51 markalı telefon, Samsung Cover, ekran qoruyucu üçün 782 manat ödənilməmiş hissə, 78.50 manat cərimə borcu olmaqla, ümumilikdə 1.141 manat borc və 31.41 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 06 fevral 2021-ci il, 19 fevral 2021-ci il və 08 mart 2021-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, cavabdeh Samsung Galaxy A12 markalı telefon, Xiaomi Redmi markalı qulaqlıq, ekran qoruyucu, Samsung Galaxy A71 markalı telefon, Samsung Galaxy A51 markalı telefon, Samsung cover, ekran qoruyucu almış və nəticədə cavabdehin 1141 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 06 fevral 2021-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 622.80 manat olan Samsung Galaxy A12 markalı telefon, Xiaomi Redmi markalı qulaqlıq, ekran qoruyucu üçün ümumilikdə 56.50 manat olmaqla 56.50 manat ödənilməmiş hissə, 0 manat cərimə borcu; 19 fevral 2021-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 902 manat olan Samsung Galaxy A51 markalı telefon, Samsung markalı cover, ekran qoruyucu üçün ümumilikdə 860.50 manat olmaqla 782 manat ödənilməmiş hissə, 78.50 manat cərimə borcu; 08 mart 2021-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 917.50 manat olan Samsung Galaxy A71 markalı telefon üçün ümumilikdə 224 manat olmaqla 204 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu yaranmışdır. Cavabdeh 06 fevral 2021-ci il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A12 markalı telefondan 19 fevral 2021-ci il tarixdə imtina etmiş və məhsul 543.60 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 06 fevral 2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 22.70 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 543.60 manat, ümumilikdə 566.30 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 833.50 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh Samsung Galaxy A12 markalı telefon, Xiaomi Redmi markalı qulaqlıq, ekran qoruyucu, Samsung Galaxy A71 markalı telefon, Samsung Galaxy A51 markalı telefon, Samsung cover, ekran qoruyucu almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən onun 10 may 2022-ci il tarixə borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi hər üç müqavilə üzrə əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 19 fevral 2021-ci il tarixli müqavilə üzrə hesablanmış 78.50 manat cərimə məbləği azaldılaraq 8 manat məbləğində; 08 mart 2021-ci il tarixli müqavilə üzrə hesablanmış 20 manat cərimə məbləği azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 06 fevral 2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 56.50 manat əsas borc; 19 fevral 2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 782 manat əsas borc, 8 manat cərimə borcu; 08 mart 2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 204 manat əsas borc, 2 manat cərimə borcu olmaqla, cəmi 1052,50 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 31.41 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 31.41 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 06 fevral 2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 56.50 (əlli altı manat əlli qəpik) manat əsas borc; 19 fevral 2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 782 (yeddi yüz səksən iki) manat əsas borc, 8 (səkkiz) manat cərimə borcu; 08 mart 2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 204 (iki yüz dörd) manat əsas borc, 2 (iki) manat cərimə borcu olmaqla, cəmi 1.052,50 (bir min əlli iki manat əlli qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 31.41 (otuz bir manat qırx bir qəpik) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar