Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3817/2025 03.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi cəlb edilməklə) qarşı “hesablanmış borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təbii qazdan istifadəyə görə onunla rəsmi müqavilə bağlanılan xx.xx.2025-ci il tarixinədək hesablanmış borcun silinməsi; xx.xx.2025-ci il tarixindən sonrakı müddətdə hesablanmış borcdan sərfiyyat limitinin keçməsinə görə hesablanmış borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən bağ evi xx.xx.2024-cü il tarixindən İddiaçı xüsusi mülkiyyətindədir. 2024-cü ilin oktyabr ayında Cavabdeh İB tərəfindən onun evinə qaz xətti çəkilmiş və qaz sayğacı quraşdırılmışdır. Lakin, sayğac aktiv edilməmiş və xx.xx.2025-ci il tarixinədək qaz təchizatı müqaviləsi bağlanmamışdır. Buna baxmayaraq, qeyd olunan dövr ərzində sayğac aktiv olmadan qaz istehlakı qeydə alınmış və xx.xx.2025-ci il tarixində 692,31 manat borc hesablanmışdır. xx.xx.2025-ci il tarixli Borc bildirişində göstərilmişdir: qalıq borc: 0 manat; limitli qaz istehlakı: 149,81 manat; limitdən artıq qaz istehlakı: 542,50 manat. Yanvar ayı üçün qaz istehlakının limitin keçməsi, digər aylar üçün də qaz sərfiyyatının yüksək hesablanmasına səbəb olmuşdur, yəni bu limitdən artıq hesablanmışdır. Bundan əlavə, xx.xx.2025-ci il tarixində ona təqdim edilmiş digər bildirişdə qaz sərfiyyatına görə ümumi borcunun 1.156,51 manat təşkil etdiyi göstərilmişdir. Həmin bildirişə əsasən son ay üzrə hesablanan borc: 391,80 manat; qalıq borc: 764,71 manatdır. Qeyd edilən ünvanda yaşayış mövcud olmamış, mənzil boş olmuşdur. Evində yaşayış olmadığı halda, qaz sərfiyyatının həddindən artıq yüksək göstərilməsi əsassızdır, heç bir hüquqi və texniki əsasla izah edilə bilməz. Belə ki, yaşayış olmayan evdə yalnız iki kombi və bir stolüstü qaz sobası mövcuddur. Ümumilikdə 182 kvadrat metr sahəsi olan bu mənzildə qeyd edilən qaz istehlakı məntiqə və real sərfiyyat göstəricilərinə uyğun deyil. Hətta yaşayış olan evlər üçün belə, bir ay ərzində bu həcmdə qaz istehlakının qeydə alınması əsaslı şübhə doğurur. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X3 iddia ərizəsinə etiraz edərək, öz izahatında bildirmişdir ki, iddiaçı debitor borcun silinməsini tələb edir. İddiaçıya onun müraciəti əsasında xx.xx.2024-cü ildə sayğac quraşdırılmışdır. İddiaçıdan tələb olunan borc həmin sayğacın qeyd etdiyi sərfiyyata görə olan debitor borcdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi əsassızdır. Buna görə də həmin iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 31.0.2025-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, İddiaçı 692,31 manat borc hesablanmış, qalıq borc 0 manat, limitli qaz istehlakı 149,81 manat, limitdən artıq qaz istehlakı 542,50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, AK-05601/02-25 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsindən görünür ki, paylayıcı bu müqavilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan İddiaçı məxsus **********01490 saylı abonentin saldosundan görünür ki, 2025-ci ilin yanvar ayında 3.283 m3 təbii qazın sərfiyyatına görə sərfiyyatın məbləği 409,85 manat təşkil etmişdir. Həmin ayda limitin keçməsinə görə 260,86 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, İddiaçı ünvanı üzrə qaz sayğacı quraşdırılmışdır. Sayğacın tipi mexaniki, göstəricisi 0 m3 olmuşdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 3.1.10-cu maddəsinə görə bu Qaydaların 2.11-1-ci və 2.11-2ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi borc X2nın pozulması (sayğaca müdaxilə və ya kənar qoşulma) ilə bağlı deyil, təbii qazdan istifadəyə görə yaranmış (2025-ci ilin yanvar ayı üzrə sayğacın mexaniki göstəricisi 3.283 m3 olmaqla) debitor borcdur. İş materialları ilə müəyyən olunur ki, abonentə qaz sayğacı xx.xx.2024-cü il tarixdə quraşdırılmış, qazın alqı-satqısına dair müqavilə xx.xx.2025-ci il tarixdə bağlanılmşdır. Abonentin salsodu üzrə ilkin qeydiyyat 2025-ci ilin yanvar ayında aparılmış həmin tarixdə abonentin sayğacının mexaniki göstəricisi 3.283 m3 olmuş, sərfiyyat borcu 409,85 manat, limitdən artıq istifadəyə görə borc 260,86 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, 2025-ci ilin yanvar ayında yazılmış borc faktiki istifadə olunmuş 3.283 m3 qaz sərfiyyatı üzrə aparıldığından, müqavilənin xx.xx.2025-ci il tarixdə bağlanılması əsası ilə həmin tarixədək hesablanmış sərfiyyata görə borcun silinməsi tələbi əsassızdır. Belə ki, iş materialları ilə də müəyyən edilir ki, iddiaçının ünvanı üzrə qaz sayğacı müqavilənin bağlanılmasınadək xx.xx.2024-cü il tarixdə quraşdırılmışdır və abonentin istifadəsinə verilmişdir. Buna görə də xx.xx.2025-ci il tarixdə müqavilənin bağlanılmasınadək hesablanmış borcun (2025-ci ilin yanvar ayı üzrə 3.283 m3 qaz sərfiyyatı) silinməsi barədə iddia tələbi təmin edilməməlidir. Qazdan istifadəyə görə müəyyənləşdirilmiş limitin keçməsinə görə hesablanmış borcun silinməsi tələbinə dair məhkəmə qeyd edir ki, 2025-ci il üzrə müəyyən edilmiş tariflərdən görünür ki, 1.200 m3-dək qaz sərfiyyatı üzrə hər 1 m3 təbii qaz həcminə görə 12,5 qəpik, 2.500 m3-dək qaz sərfiyyatı üzrə hər 1 m3 təbii qaz həcminə görə 22 qəpik, 2.500 m3-dən yuxarı qaz sərfiyyatı üzrə hər 1 m3 təbii qaz həcminə görə 30 qəpik ödəniş tarifi müəyyən edilmişdir. Belə ki, 2025-ci ilin yanvar ayı üzrə qeydə alınmış 3.283 m3 qaz sərfiyyatı ikinci limitlə müəyyən edilmiş qaz həcmini keçmişdir. Buna görə cavabdeh təşkilatın qazdan istifadə üzrə limitin keçməsi ilə borcun hesablanması əsaslı olmuşdur. Həmin sərfiyyatın tamamilə və ya bir hissəsinin xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinə aid olmaqla 2025-ci ildə limitin keçməsinə əsas verməməsi barədə iddiaçının dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, qaz sayğacının xx.xx.2024-cü ildən quraşdırılaraq, 2025-ci ilin yanvar ayı üzrə mexaniki göstəricisinin 3.283 m3 olması işin müvahisəsiz halı olduğu halda, həmin sərfiyyatın bir hissəsinin (2025-ci ildə limitin keçməyəcəyinə əsas verə biləcək qaz həcmi) xx.xx.2025-ci il tarixinədək olan dövrə aid olması - iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olduğu təqdirdə sayğacın apardığı qeydiyyatının mötəbərliliyinə dair əsaslı şübhələr olmadığı halda, sayğac göstəricisi əsaslı hesab edilməli və limitin keçməsi ilə bağlı hesablanmış borcun silinməsi barədə iddia tələbi təmin edilməməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı ümumilikdə sayğacın sərfiyyat qeydiyyatını mübahisələndirməmişdir; iddia tələbi sayğacın mexaniki göstəricisinin məhz 2025-ci ilin yanvar ayında qeydə alınması və buna görə borcun hesablanması ilə bağlı olmuşdur. Novbəti aylarda aparılmış qeydiyyat mübahisə predmeti olmamışdır. Hesablama qaydası ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda göstərilmiş göstəricilə üzrə 3.283 m3 qaz sərfiyyatını qiyməti hesablandıqda: ilkin limit üzrə 1.200 m3 görə ödəniş 150 manat (1.200*12,5 qəpik); 1.300 m3 görə ödəniş 286 manat (1.300*22 qəpik); yerdə qalan 783 m3 görə ödəniş 234,90 manat (783*30 qəpik) təşkil edir. Bununla da qeyd olunan məbləğlərin cəmi 670,92 manat təşkil edir ki, həmin məbləğ iddiaçıya 2025-ci ilin yanvar ayı üzrə hesablanmış 670,71 manat debitor borca uyğundur. (409,85 manat sərfiyyatı borcu + 260,86 manat limitin keçməsindən sonra hesablanmış borc). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi cəlb edilməklə) qarşı cavabdehin təbii qazdan istifadəyə görə onunla rəsmi müqavilə bağlanılan xx.xx.2025-ci il tarixinədək hesablanmış borcun silinməsi; xx.xx.2025-ci il tarixindən sonrakı müddətdə hesablanmış borcdan sərfiyyat limitinin keçməsinə görə hesablanmış borcun silinməsi barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi cəlb edilməklə) qarşı cavabdehin təbii qazdan istifadəyə görə onunla rəsmi müqavilə bağlanılan xx.xx.2025-ci il tarixinədək hesablanmış borcun silinməsi; xx.xx.2025-ci il tarixindən sonrakı müddətdə hesablanmış borcdan sərfiyyat limitinin keçməsinə görə hesablanmış borcun silinməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-3817/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3817/2025
03.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver