Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3818/2025 23.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kirayə müqaviləsinin ləğvi, depozit seyfinin açılması və ondan istifadəyə görə icarə haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı – MFS 79 XS saylı xx.xx.2017-ci il tarixli kirayə müqaviləsinin ləğv edilməsi, 79 saylı depozit seyfinin açılaraq orada olan əmlakın İddiaçı QSC-nin sərəncamına verilməsi, Cavabdeh tərəfindən depozit seyfinin icarəsi üçün ödənilməmiş 4380 manat icrarə haqqının tutulması, iddianın məhkəməyə verilməsi üçün nəzərdə tutulmuş 63,80 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzinin Cavabdeh tərəfindən iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MFS 79 XS saylı xx.xx.2017-ci il tarixli kirayə müqaviləsinin ləğv edilməsi, 79 saylı depozit seyfinin açılaraq orada olan əmlakın İddiaçı QSC-nin saxlancına verilməsi, Cavabdeh tərəfindən depozit seyfinin icarəsi üçün ödənilməmiş 4380 manat icrarə haqqının tutulması, iddianın məhkəməyə verilməsi üçün nəzərdə tutulmuş 63,80 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzinin Cavabdeh tərəfindən iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış MFS 79 XS saylı xx.xx.2017-ci il tarixli bank seyfinin kirayəsi müqaviləsinə əsasən, 79 saylı 100x290x450 ölçülü bank seyfi 6.5 ay müddətinə Cavabdeh kirayəyə verilmişdir. Kirayə müqaviləsinin 10.1-ci maddəsində müəyyən edilmişdir ki, bu müqavilə hər iki tərəf imzaladığı andan qüvvəyə minir. Bundan sonra Cavabdeh tərəfindən müqavilənin xitam verilməsi ilə bağlı hər hansı bir müraciət etməmişdir. Həmin müqavilənin 10.2-ci maddəsinə əsasən müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra 30 gün ərzində “kirayəçi” növbəti dövr üçün “bank”ın həmin tarixdə olan planına əsasən kirayə haqqını ödəməklə, kirayə haqqının ödədiyi dövr üçün kirayə müddətini uzada bilər. Cavabdeh tərəfindən kirayə müqaviləsinin bitməsi ilə əlaqədar xitam verilməsinə dair müraciəti olmamış, istifadə olunan depozit seyfi Banka təhvil verilməmişdir. Cavabdeh müqavilə şərtlərini əsaslı şəkildə pozduğuna görə müqavilə ləğv edilməli və həmçinin orda saxlanılan saxlanc bankın saxlancına verilməlidir. MFS 79 XS saylı xx.xx.2017-ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən, kirayə haqqı kirayənin bütün müddəti üçün kirayəçinin Bank seyfindən faktiki istifadə edib etməməsindən asılı olmayaraq, Bank tərəfindən əvvəlcədən müəyyən edilmiş və www.accessbank.az internet səhifəsində yerləşdirilmiş tariflər əsasında “Kirayəçi” tərəfindən əvvəlcədən birdəfəlik ödənilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, kirayə müddəti bitdikdən sonra “Kirayəçi” tərəfindən müddəti uzadılmadıqda və seyf geri qaytarılmadıqda, gecikdirilmiş hər ay üzrə ikiqat kirayə haqqı hesablanır, “Kirayəçi” tərəfindən Banka ödənilməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, Kirayə müddəti bitdikdən sonra “Kirayəçi” tərəfindən müddəti uzadılmadıqda və seyf geri qaytarılmadıqda, hər növbəti ayın Kirayə haqqı gündəlik deyil, tam 1 (bir) ay üçün hesablanaraq banka ödənilir. Yəni 100x290x450 ölçülü bank seyfi 1 ay müddətinə icarə haqqı 30 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixinədək depozit seyfi üçün nəzərdə tutulmuş xidmət haqqı ödənilmişdir. Beləliklə, depozit seyfindən istifadəyə görə müəyyən olunmuş 73 ay müddəti üzrə (xx.xx.2019-cu il və xx.xx.2024-cü il tarixləri arasındakı müddət 73 ay təşkil edir.) 4380 manat (73x30x2 = 4380 manat) icarə haqqı Cavabdehdan İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Bununla yanaşı müqavilə müddəti bitdiyi vaxtdan bu günədək Banka depozit seyfindən istifadəyə görə icarə haqqı ödənilməmiş və həmin dövrdə Bank depozit seyfinin istifadəsi imkanlarından məhrum olmuşdur. Bununla bağlı xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu ilə Cavabdeh müqavilənin müddətinin bitdiyi, müqavilənin yenilənməsi və ya seyfin açarlarının İddiaçı QSC-yə verilməsi bildirilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağına dair məktub göndərilmişdir. Lakin hər hansı bir cavab daxil olmamışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2017-ci il tarixli MFS 79 XS saylı bank seyfinin kirayəsi müqaviləsindən görünür ki, cavabdehə 6.5 ay müddətinə, xx.xx.2018-ci ilədək 79 saylı seyf kirayəyə verilmişdir. Həmin müqavilənin 3.1-ci maddəsindən görünür ki, kirayə haqqı kirayənin bütün müddəti üçün kirayəçinin bank seyfindən faktiki istifadə edib-etməməsindən asılı olmayaraq, bank tərəfindən müəyyən edilmiş və www.accessbank.az internet səhifəsində yerləşdirilmiş tariflər əsasında kirayəçi tərəfindən əvvəlcədən birfədəlik ödənilir. Həmin müqavilənin 3.3-cü maddəsindən görünür ki, kirayə müddəti bitdikdən sonra kirayəçi tərəfindən kirayə müddəti uzadılmadıqda və seyf geri qaytarılmadıqda gecikdirilmiş hər ay üçün aylıq ikiqat kirayə haqqı hesablanır və kirayəçi tərəfindən banka ödənilməlidir. Həmin müqavilənin 10.1-ci maddəsindən görünür ki, bu müqavilə hər iki tərəfin imzaladığı andan qüvvəyə minir və xx.xx.2018-ci il müddətində etibarlıdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh müqavilənin yenilənməsi və ya seyf açarlarının banka təhvil verilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Adıçəkilən məktub üçün tərtib edilmiş qaimədən görünür ki, məktub cavabdehə (Bakı şəh, Xətai ray, Sarayevo küç, ev 19, mən 54) çatdırılması üçün kuryer əraziyə getmiş, lakin qeyd olunan ünvanda qapı bağlı olduğundan məktub İddiaçı QSC-yə geri qaytarılmışdır. FT17236Z35MG nömrəli xx.xx.2017-ci il tarixli köçürmə orderindən görünür Ki, Cavabdeh tərəfindən fərdi seyfin icarəsi məqsədi ilə 110 manat məbləğində pul bankın hesabına ödənilmişdir. FT18164F8RTZ nömrəli xx.xx.2018-ci il tarixli köçürmə orderindən görünür Ki, Cavabdeh tərəfindən fərdi seyfin icarəsi məqsədi ilə 160 manat məbləğində pul bankın hesabına ödənilmişdir. FT19003WS1BK nömrəli xx.xx.2019-cu il tarixli köçürmə orderindən görünür Ki, Cavabdeh tərəfindən fərdi seyfin icarəsi məqsədi ilə 100 manat məbləğində pul bankın hesabına ödənilmişdir. xx.xx.2025-ci il tarixli, **********09 nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, 63.80 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada 6.5 ay müddətinə bank seyfinin kirayəsi müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən bank cavabdehə depozitarisində saxlanılan 79 saylı seyfi kirayəyə vermiş, cavabdeh də seyfdən istifadə üçün nəzərdə tutulmuş kirayə haqqını əvvəlcədən ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə hazırkı iddia tələblərini şərti olaraq aşağıdakı qruplara bölür: 1) MFS 79 XS saylı xx.xx.2017-ci il tarixli kirayə müqaviləsinin ləğv edilməsi; 2) 79 saylı depozit seyfinin açılaraq orada olan əmlakın İddiaçı QSC-nin saxlancına verilməsi, 3) Cavabdeh tərəfindən depozit seyfinin icarəsi üçün ödənilməmiş 4380 manat icrarə haqqının tutulması; Məhkəmə iddia tələblərinin birinci hissəsi, yəni “MFS 79 XS saylı xx.xx.2017-ci il tarixli kirayə müqaviləsinin ləğv edilməsi” hissəsində hesab edir ki, əsaslıdır. Belə ki, iddiaçı tərəf cavabdehin bank qarşısında öhdəliyini yerinə yetirmədiyini, yəni ki, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunu əsas gətirərək, adıçəkilən müqavilənin məhkəmə qaydasında ləğv edilməsini tələb edir. Hazırkı mülki işin hallarından cavabadehin bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirməməsi, yəni ki icarə haqqını ödəməməyi mülki işin mübahisəsiz halıdır. Məhkəməyə müraciət edilməzdən əvvəl bank tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, müqavilənin ləğv edilməsi barədə iradə ifadəsi bildirilməmiş, müqavilənin yenilənməsi və ya seyf açarlarının banka təhvil verilməsi barədə cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə iddia tələblərinin ikinci hissəsi, yəni “79 saylı depozit seyfinin açılaraq orada olan əmlakın İddiaçı QSC-nin saxlancına verilməsi” hissəsində hesab edir ki, iddia əsaslıdır. Belə ki, Mülki Məcəllənin 697.1-ci maddəsində göstərilmişdir ki, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Göstərilən müddəanın müəyyən etdiyi imperativ qaydanı, eləcə də tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin icarəsinə verilmiş 79 saylı depozit seyfi iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, icarə obyektinin iddiaçıya qaytarılması, həm də onun açılmaqla iddiaçıya qaytarılmasını ehtiva etməlidir. Belə ki, həmin depozit seyfi banka məxsusdur və o seyfin icarəyə verilməsi ilə gəlir əldə edir. Göründüyü kimi, depozit seyfinin bağlı halda iddiaçıya qaytarılması onun sonradan digər şəxslərə yenidən icarəyə verilməsi imkanını aradan qaldırır ki, bu da nəticədə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər. Odur ki, depozit seyfinin iddiaçıya qaytarılması onun açılması ilə eyni zamanda həyata keçirilməli və cavabdehə məxsus olan əmlak cavabdeh tərəfindən götürülənə qədər bankın saxlancına verilməlidir. Məhkəmə iddia tələbinin üçüncü hissəsi yəni, depozit seyfinin icarəsi üçün ödənilməmiş 4380 manat icarə haqqının tutulması hissəsində hesab edir ki, iddia əsaslıdır. Belə ki, İddiaçı QSC-nin rəsmi internet səhifəsindən edilmiş çıxarışlardan görünür ki, ölçüləri 100x290x450 olan seyfin 1 aylıq icarə haqqı 30 AZN, 6 aylıq icarə haqqı 150 AZN, 12 aylıq icarə haqqı 300 AZN təşkil edir. İddiadan da görünür ki, bank xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək olan dövr üçün aylar üzrə pulu cavabdehdən tələb edir. xx.xx.2017-ci il tarixli müqavilənin 3.3-cü maddəsindən görünür ki, kirayə müddəti bitdikdən sonra kirayəçi tərəfindən kirayə müddəti uzadılmadıqda və seyf geri qaytarılmadıqda gecikdirilmiş hər ay üçün aylıq ikiqat kirayə haqqı hesablanır və kirayəçi tərəfindən banka ödənilməlidir. Odur ki, xx.xx.2017-ci il tarixli müqavilənyə əsasən Cavabdeh 4380(((73x30)x2)=4380) manat məbləğində kirayə haqqı tutularaq, banka ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edildiyindən həmin tələblə mütənasib olaraq iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olan 63,80 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində bank xidmət haqqı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış MFS 79 XS saylı xx.xx.2017-ci il tarixli kirayə müqaviləsi ləğv edilsin, MFS 79 XS saylı xx.xx.2017-ci il tarixli bank seyfinin kirayə müqaviləsi əsasında Cavabdeh kirayə verilmiş 79 nömrəli depozit seyfi açılsın və orada olan əmlak İddiaçı QSC-nin saxlancına verilsin. Cavabdeh depozit seyfinin icarəsi üçün ödənilməmiş 4380 (dörd min üç yüz səksən) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 63,80 (altmış üç manat səksən qəpik) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-3818/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3818/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver