Məhkəmə qərarları › İş №e-2(011)-3824/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3824/2025

19.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3824/2025 19.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı “kompensasiya ödəməklə cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılaraq boş vəziyyətdə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı “kompensasiya ödəməklə cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılaraq boş vəziyyətdə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh1 hər birinə 5000 manat olmaqla, ümumilikdə 20.000 manat kompensasiya ödənilməklə iddiaçının mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, N.Tusi küçəsi 19 nömrəli evin 78 nömrəli mənzilində istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin mənzildə olan əşyalarının cavabdehlərin öz hesabına mənzildə çıxarılaraq mənzilin boş vəziyyətdə iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 19 nömrəli evin 78 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Sözügedən mənzil 03 iyun 2019-cu il ildən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına qeydiyyata alınmışdır. Həmin idarə tərəfindən iddiaçıya çıxarış verilmişdir. Cavabdeh1 ilə oğlum X9 rəsmi nakaha daxil olmaqla ailə həyatı qurmuşdurlar. Cavabdehlər xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh2, Cavabdeh3 və X3 onların övladlarıdır. Onlar hal-hazırda valideyinləri ilə bir yerdə yaşayırlar. 1995-ci il tarixdən iddiaçının oğlu X9 ilə Cavabdeh1 ilə aralarında ailə münasibətləri pozulduğundan övladları, iş üzrə cavabdehlər Cavabdeh2 onların qızı, Cavabdeh3 və X3 ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildən çıxarılaraq yaşamaq üçün başqa ünvana köçürülmüşdürlər. İddiaçının bacısı X4 övladı olmadığından o, özünə məxsus Bakı şəhəri Xətai rayonu, Neapol küçəsi 7 nömrəli evin 87 nömrəli mənzili xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisində bağışlanma müqaviləsi əsasında əvəzsiz olaraq iddiaçının oğlu X6 hədiyyə etmişdir. Hal hazırda Cavabdeh1 ilə iddiaçının oğlu İntiqam Talıbov arasında nikah pozulmuş olsa da, lakin onlar övladları iş üzrə cavabdehlərlə birlikdə eyni ünvanda yaşayırlar. İddiaçının 83 yaşı vardır. Cavabdehlər 28 ildir ki, mənzildə yaşamadıqları üçün və əsassız olaraq mənzilin bir otağının qapısını bağlayıb evi tərk etdikləri üçün iddiaçı cavabdehlərə qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İş məhkəmənin icraatında olan zaman cavabdehlər X9, Cavabdeh2, X3, Cavabdeh3 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-648/2024 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, X5 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, 78 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Qarşlıqlı iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, 78 nömrəli mənzilə köçürülməklə onların həmin mənzilə istifadə hüquqlarının tanınması qət edilmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tartixli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Qeyd olunan mənzildə iddiaçı ilə yanaşı ömür boyu iddiaçı ilə birlikdə yaşayan və ona qulluq edib hörmət bəsləyən oğlu X12, onun həyat yoldaşı X7 və nəvələri X8, X10 ilə birlikdə yaşayır. Cavabdeh1 ilə iddiaçının oğlu X9 2019cu il tarixdən Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə onlar arasında olan nikaha xitam verilmişdir. Hazırki məhkəmə qətnaməsinin icrasının təmin olunması üçün dörd nəfərdən ibarət cavabdehlərin hazırda mənzildə yaşayan dörd nəfərdən ibarət ailə üzvləri ilə birlikdə yaşaması mümkün olmayacaqdır. Çünki qeyd edildiyi kimi mənzil 3 otaqdan ibarətdir. Bundan əlavə cavabdehlərlə mənzildə yaşayan ailə üzvlərinin xasiyyətlərinin uyğun gəlməməsi bütün halda tərəflərin bir yerdə yaşamağı üçün mümkün olmayacaqdır. Adları qeyd olunan şəxslərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olması və gələcəkdə mənzilə köçüb yaşamaq istəməsi bir mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşmasına səbəb olmuş və ona görə də onların iddiaçının mülkiyyətində olan mənzildə yaşamasını və oradan istifadə etməsini istəməmişdirlər. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iddiaya etiraz edərək, onların həmin ünvanda yaşadıqlarını və həmin mənzildən istifadə hüquqlarını olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir və dövlət reyestrində xx.xx.2019-cu il tarixində qeydə alınmışdır. Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin 19 mart 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, b 19 ünvanında yerləşən 78 saylı mənzilin 19 mart 2025-ci il tarixinə orta aylıq kirayə dəyəri 450-500 manat təşkil etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, e-2(011)-3824/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş QCM/S 02-085/25 nömrəli 10 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış mütəxəssis hesablanması nəticəsində Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, b 19 ünvanında yerləşən 78 saylı mənzilin bazar dəyəri 169000 manat, aylıq kirayə dəyəri isə 500 manat təşkil edir. AR-sı Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-648/2025 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, X5 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, 78 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilmiş, Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, 78 nömrəli mənzilə köçürülməklə onların həmin mənzilə istifadə hüquqları tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-475/2025 saylı, 28 yanvar 2025-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-648/2024 nömrəli 09 avqust 2024- cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur və burada kompensasiya tələb yox, yalnız təklif kimi çıxış edir. Odur ki, kompensasiya həmin tələbin obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiya məbləği ilə əlaqədar deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli Plenumunun Qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarına əsasən müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 19 nömrəli evin 78 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh1 ilə iddiaçının oğlu X9 rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh2, Cavabdeh3 və X3 adlı övladları doğulmuşdur. 1995-ci il tarixdən iddiaçının oğlu X9 ilə Cavabdeh1 ilə aralarında ailə münasibətləri pozulduğundan övladları, iş üzrə cavabdehlər Cavabdeh2 onların qızı, Cavabdeh3 və X3 ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildən çıxarılaraq yaşamaq üçün başqa ünvana köçürülmüşdürlər. Qeyd olunan mənzildə iddiaçı ilə yanaşı iddiaçı ilə birlikdə yaşayan və ona qulluq edən oğlu X12, onun həyat yoldaşı X7 və nəvələri X8, X10 ilə birlikdə yaşayır. Cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının mövcudluğu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 648/2025 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Hazırda iddiaçı mülkiyyətçi hüquqlarına əsaslanaraq, cavabdehlərin kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbinin dəlillərini əsaslı sayır və hesab edir ki, iddianın düzgün həlli və hüquqi müəyyənlik prinsipinin təmin olunması üçün, ilk növbədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməlidir. "xxxx" MMC tərəfindən verilmiş QCM/S 02-085/25 nömrəli 10 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış mütəxəssis hesablanması nəticəsində Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, b 19 ünvanında yerləşən 78 saylı mənzilin bazar dəyəri 169000 manat, aylıq kirayə dəyəri isə 500 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, iddiaçının təklif etdiyi kompensasiya məbləği yetərli hesab edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 19 nömrəli evin, 78 nömrəli mənzilindən istifadə hüququna hər birinə 5000 manat olmaqla, ümümilikdə 20000 manat kompensasiya verilməklə xitam verilməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq ödənilmiş 150 manat. eksperiza xərci 600 manat Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə xərclərinin tutulması ilə bağlı tələbi olmadığından məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, Qə t e t d i : İddia təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 hər birinə 5000 manat olmaqla, ümumilikdə 20000 manat kompensasiya ödənilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, 78 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, 78 nömrəli mənzildə olan əşyaları cavabdehlərin hesabına mənzildən çıxarılsın. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, 78 nömrəli mənzil boş vəziyyətdə İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar