Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3848/2023 18.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Cavabdeh nümayəndəsi Firuzə Əlməmmədovanın iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən onun barəsində tərtib edilmiş “dəymiş ziyanın bərpasına dair tələbnamə”nin ləğv edilməsi və 25.920 m3 qaza görə hesablanmış 3.110,40 (üç min yüz on manat qırx qəpik) manat dəyərində dəymiş zərər kimi hesablanmış pul vəsaitinin və sayğaca müdaxiləyə görə sayğacın dəyəri olan 159,96 manat olmuş pul vəsaitinin (cərimənin) silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ilin aprel ayında Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 25-ci məhəllə, 13C saylı (yeni qaydalarla AZ5003, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 229,5 kv. m olan, ********** qeydiyyat nömrəli, **********94-10301 reyestr nömrəli fərdi yaşayış evini almışdır. Evi yeni alanda onun evində qaz (eləcə də su, işıq) sayğacı olmuşdur. Evi aldıqdan sonra da 2019-cu ildən 2022-ci ilədək evdəki bütün kommunal xətlər (qaz, işıq və su) və onların sayğaclarında heç bir problem olmamış, qaydasında çalışmışdır. Cavabdeh Sumqayıt X2 özünün təşəbbüsü ilə 2022-ci ilin sentyabr ayının 8-də məhəllədəki evlərin qaz sayğacları yenisi ilə əvəz olundu. Sayğaclar dəyişdirilərkən qaz sayğacının istismar müddətinin 5 il olduğunu, onların sayğacının isə 8 ilə yaxındır istifadə edildiyi kimi əsaslar gətirildi və sayğac dəyişdirildi. Sayğac dəyişdirilərkən sayğacın dəyişdirilməsi barədə xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edildi, sayğaca baxış keçirildiyi və dəyişdirildiyi zaman orada iştirak etmişdir. Baxış zamanı sayğacda hər hansı nöqsan aşkar edilmədi və sayğacın plombu da sayğacın üzərində idi. 2023-cü ilin aprel ayında Sumqayıt QİS əməkdaşları 7 ay öncə dəyişdirilmiş köhnə qaz sayğacı barədə laboratoriyadan cavab gəldiyini, sayğacın çıxış plastmas borusunda “deşik” olduğu və həmin deşiyin qazın havaya getməsinə səbəb olduğunu bildirdilər. Qaz idarəsinin əməkdaşları tərəfindən cari ilin aprel ayında 29 mart 2023-cü il tarixli təbii X1nın pozulması haqqında ******* nömrəli aktın bir nüsxəsi onlara təqdim edilsə də, həmin nüsxədəki yazılmış anlaşılmayan mətni oxumaq mümkün olmadığına görə, bir neçə gün sonra Cavabdeh Sumqayıt QİS-ə yaxınlaşmışdır. Ona orada 29 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə və digər sənədlər verildi. 29 mart 2023-cü il tarixli “Dəymiş ziyanın bərpası”na dair tələbnaməyə əsasən köhnə sayğac “Sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının (abonent kodu: **********00133) yoxlanılması barədə” 29 mart 2023-cü il tarixində AKT № MSK - 14-2- 2/3-5- 1799-1 akta əsasən sayğaca baxış keçirilmiş, bir sıra nöqsanlar müəyyən edilmiş və sayğacın istismara yararsız oluğu qeyd edilmişdir. Nəticədə verilən sənədlərə görə ondan 25.920 m3 qazın dəyəri olan 3.110,40 (üç min yüz on manat qırx qəpik) manat dəymiş ziyanın ödənilməsini tələb olunmuşdur. O, sayğaca heç bir müdaxilə etməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən tərtib edilmiş “dəymiş ziyanın bərpasına dair” tələbnamənin ləğv edilməsi və 25.920 m3 qaza görə hesablanmış 3.110,40 manat dəyərində dəymiş zərər kimi hesablanmış pul vəsaitinin silinməsi öhədəliyinin cavabdehin üzərinə qoyulması və sayğaca müdaxiləyə görə sayğacın dəyəri olan 159,96 manat məbləğinin iddiaçıdan tutulmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Firuzə Əlməmmədova məhkəmə iclası zamanı iddia ərizəsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan “təbii X1nın pozulması haqqında” 29 mart 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus sayğaca baxış keçirilmişdir. Sayğacın çıxış plastmas borusu deşilmişdir. Sayğacın yaddaş arxivi oxunmuşdur. Sayğacın istismar müddətində “ALARM-1” rejimi aşkar olunmamışdır. Xətalar normadan artıqdır. Sayğac nominal və minimal sərfiyyatda -100% nisbi xətayla işləyir. Hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 25.920 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İddiaçı məxsus **********00133 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin mart ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 3.110,40 manat borcu mövcud olmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 14-02-02-6/3-11-1228/2023 saylı “sayğacın dövlət yoxlamasının bildiriş”indən görünür ki, iddiaçıdan müdaxilə edilmiş 1602AZ**********27 saylı sayğacın dəyəri kimi 159,96 manat məbləği tələb edilir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərininmüdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2- ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş 25.920 m3 qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 3.110,40 manat məbləğində borc və quraşdırılmış sayğacın dəyəri iddiaçıdan tələb edilmişdir. Məhkəmə hesab edir ki, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 3.110,40 manat məbləğində hesablanması ağlabatan deyildir. Belə ki, sayğacın istismara yararsız olmasının iddiaçının hərəkətləri nəticəsində baş verməsinə dair cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən və təbii qazın sərfiyyatı sayğacın göstəricilərinə əsasən hesablamalı olduğundan hesablanmış qazın dəyərinin iddiaçıdan tələb olunması əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 3.110,40 manat məbləğində borc silinməlidir. Sayğacın dəyərinin iddiaçıdan tələb edilməsinin cavabdehə qadağan edilməsi ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, iddia bu hissədə təmin edilərək, sayğacın dəyərinin ödənilməsi üçün 159,96 (bir yüz əlli doqquz manat doxsan altı qəpik) manat məbləğinin iddiaçıdan tələb edilməsi Cavabdehnə qadağan edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 51.10 (əlli bir manat on qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. ünvan 2 ünvan üzrə İddiaçı (abonent kodu: **********00133) 2023-cü ilin mart ayına hesablanmış 3.110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc silinsin. 1602AZ**********27 saylı sayğacın dəyərinin ödənilməsi məqsədilə 159,96 (bir yüz əlli doqquz manat doxsan altı qəpik) manat məbləğinin iddiaçıdan tələb edilməsi (abonent kodu: **********00133) Cavabdehnə qadağan edilsin. 51.10 (əlli bir manat on qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-3848/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3848/2023
18.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver