Məhkəmə qərarları › İş №e-2(011)-388/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-388/2023

22.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-388/2023 22.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu, 2951-ci məhəllə, Qədir Məmmədov küçəsi, 2B saylı binanın 1-ci mərtəbəsində iddiaçıya məxsus olan sahəsi 30 kv.m. olan qeyri-yaşayış sahəsinin qarşısında qanunsuz tikilinin Cavabdeh1 MTK tərəfindən öz hesabına sökülməsi, onun və oradakı şəxslərin həmin tikilidən çıxarılması, həmin ərazinin boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin xx.xx.2020-ci il tarixli 89 saylı maliyyə arayışına və xx.xx.2020-ci il tarixli protokoluna əsasən, Bakı şəhəri Xətai rayonu, 2951-ci məhəllə, Qədir Məmmədov küçəsi, 2B saylı binanın 1-ci mərtəbəsində sahəsi 30 kv.m. olan qeyri-yaşayış sahəsinin dəyəri tam olaraq İddiaçı tərəfindən ödənilmişdir və iddiaçıya məxsusdur. Lakin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qarşısında Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən dövlət mülkiyyətində təxminən 200 kv.m torpaq sahəsini özbaşına zəbt edərək heç bir hüquqi sənədləri olmadan uzunluğu təxminən 50 metr, eni 4 metr ölçüdə tikinti aparılır. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai rayonu, 2951-ci məhəllə, Qədir Məmmədov küçəsi, 2B saylı binanın 1-ci mərtəbəsində iddiaçıya məxsus olan sahələri 30 kv.m. və 145 kv.m. olan qeyri-yaşayış sahələrinin qarşısında qanunsuz tikilinin Cavabdeh1 MTK tərəfindən öz hesabına sökülməsi, onun və oradakı şəxslərin həmin tikilidən çıxarılması, həmin ərazinin boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai rayonu, 2951-ci məhəllə, Qədir Məmmədov küçəsi, 2B saylı binanın 1-ci mərtəbəsində iddiaçıya məxsus olan sahələri 30 kv.m. və 145 kv.m. olan qeyri-yaşayış sahələrinin qarşısında qanunsuz tikilinin cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 tərəfindən öz hesablarına sökülməsi, onların və oradakı şəxslərin həmin tikilidən çıxarılması, həmin ərazinin boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh2 və cavabdehlərin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək onun rədd edilməsinin xahiş etmişdirlər. İşin faktiki halları: İddiaçı ona məxsus qeyri-yaşayış sahələrinin önündə inşası aparılan tikilinin onun mülkiyyət hüquqlarına maneələr yaratdığına istinad edərək tikilinin sökülməsini və cavabdehin oradan çıxalması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi ərazidə əvvəllər mağaza fəaliyyət göstərmişdir. İstinad olunan mağaza 17 yanvar 2009-cu il tarixli barter müqaviləsi əsasında Cavabdeh1 MTK-ya keçmişdir. Daha sonra mağaza "xxxx" ASC-yə aid boru xəttinə maneə yaratdığı üçün sökülmüşdür. Hazırkı mərhələdə Azərsu” ASC özünəməxsus xətti başqa səmtə yönəltdiyi üçün cavabdeh mağazanın əvvəlki sərhədlərdə bərpa etmək qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı istinad olunan ünvanda cavabdeh tərəfindən tikintisi nəzərdə tutulan qeyriyaşayış sahəsinin bünövrəsinin qoyulması aşkar olunmuşdur. Məhkəmə işin hallarının araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli rəydən görünür ki, Bakı şəhəri Xətai rayonu, 2951-ci məhəllə, Qədir Məmmədov küçəsi, 2B saylı binanın yanında cavabdehlərin həyata keçirdiyi tikinti iş materiallarında olan Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin cizgisində mağaza binası kimi göstərilən koordinatlar daxilində yerləşir. Cavabdehlərin həyata keçirdiyi tikintiyə dair layihə sənədləri təqdim edilmədiyindən və eləcə də hal-hazırda inşa olunmadığından, həmin inşa olunmalı tikilinin tikinti norma və qaydalarına, Azərbaycan Repsublikası Şəhərsalma və Tikinti Məcəlləsinə, o cümlədən ara məsafəsi ilə bağlı normaların tələblərinə uyğun inşa olunubolunmamasına dair tədqiqat aparılmamışdır. Cavabdehlərin həyata keçirdiyi tikinti iddiaçının mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, 2951-ci məhəllə, Qədir Məmmədov küçəsi, 2B saylı binanın 1-ci mərtəbəsində iddiaçıya məxsus olan sahələri 30 kv.metr və 145 kv.metr olan qeyri-yaşayış sahələrinin sahibliyinə və istifadəsinə maneələr, o cümlədən əmlakın işıqlanmasına maneələr yaratmadığı müəyyən olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, məhkəmə yuxarıda qeyd olunan əsasları nəzərə alaraq qeyd edir ki, sözügedən subyektiv hüququn mövcud olub-olmamasını araşdıran zaman ilk öncə, iddiaçının öz iddia ərizəsində qeyd etdiyi cavabdeh tərəfindən hər-hansı tikintinin aparılıbaparılmaması, aparıldığı təqdirdə bu tikintinin aparılması iddiaçının hansı dərəcədə hüququnu pozub-pozmadığı halları müəyyən edilməlidir. Yuxarıda istinad edilən kimi məhkəmə tərəfindən həyata keçirilən yerli baxış zamanı və 25 iyun 2023-cü il tarixli rəylə müəyyən olunmuşdur ki, qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin yalnız bünövrəsi mövcuddur. İddiaçı hazırkı mərhələdə yalnız bünövrəsi mövcud olan tikilinin özünün hansı dərəcədə hüququnun pozduğunu əsaslandıra bilməmiş və ehtimallara əsaslanaraq iddia irəli sürməklə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli rəyə əsasən cavabdehlərin həyata keçirdiyi tikinti iddiaçının mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, 2951-ci məhəllə, Qədir Məmmədov küçəsi, 2B saylı binanın 1-ci mərtəbəsində iddiaçıya məxsus olan sahələri 30 kv.metr və 145 kv.metr olan qeyriyaşayış sahələrinin sahibliyinə və istifadəsinə maneələr, o cümlədən əmlakın işıqlanmasına maneələr yaratmadığı müəyyən olunmuşdur. İddiaçı tərəfin cavabdehin mağazanın tikilməsi ilə bağlı hər hansı qanuni əsasının olmamasına istinad etməsi də məhkəmə tərəfindən belə qiymətləndirilir ki, hər hansı vətəndaşın dövlət orqanları tərəfindən verilmiş lazımi icazələr olmadan tikinti işləri aparmasına elə həmin orqanların özləri tərəfindən nəzarət edilir və tikintinin həqiqətən də qanunsuz olaraq inşa edilməsi aşkarlandıqda həmin orqanlar məhkəməyə müraciət etməklə tikilinin sökülməsi ilə bağlı iddia qaldırır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli rəylə həmçinin o da müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayonu, 2951-ci məhəllə, Qədir Məmmədov küçəsi, 2B saylı binanın yanında cavabdehlərin həyata keçirdiyi tikinti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin cizgisində mağaza binası kimi göstərilən koordinatlar daxilində yerləşməsi faktı öz əksini tapmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi tikintisi nəzərdə tutulan sahənin onun hansı hüquq və mənafelərinə toxunması aşkar olunmadığından iddia təmin edilə bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçıdan alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar