Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-391/2024 03.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X4 nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov 42A ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru xəttindən təqribən 10 metr aralı məsafədə, xəttə paralel 1-ci sırada özünü ev sahibi kimi təqdim edən Cavabdeh1 və Cavabdeh2 tərəfindən 9 metr uzunluğunda, 3 metr enində və 2.70 metr hündürlüyündə olan tikilinin, eləcə də 12 qırmızı kərpic hündürlüyündə tikilmiş 2 (iki) ədəd arakəsmə divarın özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikililərin sökülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi, Süleyman Əhmədov 42A ünvanında cavabdehlər tərəfindən inşa edilmiş tikilidən 14 metr aralı məsafədə 2001ci ildə çəkilmiş NEZ-in 11 nömrəli istehsalatın 1 nömrəli əmtəə parkından (U71), 3 nömrəli əmtəə parkına (U73) benzin nəql edən uzunluğu 3 km, Dş 200 mm-lik boru xətti keçir. Bundan başqa həmin xəttə paralel adları aşağıda göstərilən boru xətləri də keçir. - 1938-ci ildə çəkilmiş NEZ-in 11 nömrəli istehsalatın 1 nömrəli əmtəə parkından (U71), 3 nömrəli əmtəə parkına (U73) benzin nəql edən uzunluğu 3 km, Dş 200 mm-lik boru xətti keçir. - 2006-cı ildə çəkilmiş NEZ-in 11 nömrəli istehsalatın 1 nömrəli əmtəə parkından (U71), 3 nömrəli əmtəə parkına (U73) benzin nəql edən uzunluğu 3 km, Dş 250 mm-lik boru xətti keçir, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X5 (NEZ) ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov 42A ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru xəttindən təqribən 10 metr aralı məsafədə, xəttə paralel 1-ci sırada özünü ev sahibi kimi təqdim edən Cavabdeh1 və Cavabdeh2 məxsus köhnədən hasara alınmış yaşayış olan evin həyətində 9 metr uzunluğunda, 3 metr enində və 2.70 metr hündürlüyündə olan köhnə toyuq damının dam örtüyünün yenilənməsi, eləcə də içində 12 qırmızı kərpic hündürlüyündə 2 (iki) ədəd arakəsmə divar tikinti işlərinin aparılması aşkar edilmişdir. Onlara gördükləri işlərin mühafizə zonasına düşdüyü üçün qanunazidd olması bildirilmiş və əlavə işlərin aparılmaması üçün yazılı xəbərdarlıq təqdim edilmişdir. Lakin edilən xəbərdarlığa məhəl qoymayan cavabdehlər əlavə tikinti işi aparmadığını, köhnədən olan toruq damını iki hissəyə bölərək dam örtüyünü yenilədiyini və işi saxlamayacağını bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. NEZ-ə məxsus magistral boru kəmərlərinin mühafizə zonası yəni borulardan sağa və sola normativ sənədinə əsasən, (AR NK-nin xx.xx.2004-cü il tarixli 167 N-li Qərarı) azı 50 metr olmalıdır. Sonda Nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, 1993-cü ildən həmin yerdə yaşayır, ümumi tikili olub, sol tərəfdə olan tikilinin içərisini yeniləmişdir, çöldə hər hansı bir tikinti işləri aparmayb, yalnızca evin içərsində tikinti işləri aparıb, təmir etdirib, nə olubsa, nə tikilibsə, içəridə olub, çöldə heç nə edilməyib, yan tərəfdə tikili olub, onun taxtalarını söküb, əgər çöldə olsaydı, qəbul edərdi, yan tikili əvvəlcədən olub,. Sonda Cavabdeh2 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İ.Abdullayev, Q.Əliyev, T.Məmmədov iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov 42A ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru xəttindən təqribən 10 metr aralı məsafədə, xəttə paralel 1-ci sırada özünü ev sahibi kimi təqdim edən Cavabdeh1 və Cavabdeh2 məxsus köhnədən hasara alınmış yaşayış olan evin həyətində 9 metr uzunluğunda, 3 metr enində və 2.70 metr hündürlüyündə olan köhnə toyuq damının dam örtüyünün yenilənməsi, eləcə də içində 12 qırmızı kərpic hündürlüyündə 2 (iki) ədəd arakəsmə divar tikinti işlərinin aparılması aşkar edilmişdir. Onlara gördükləri işlərin mühafizə zonasına düşdüyü üçün qanunazidd olması bildirilmiş və əlavə işlərin aparılmaması üçün yazılı xəbərdarlıq təqdim edilmişdir. Lakin edilən xəbərdarlığa məhəl qoymayan cavabdehlər əlavə tikinti işi aparmadığını, köhnədən olan toruq damını iki hissəyə bölərək dam örtüyünü yenilədiyini və işi saxlamayacağını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov 42A ünvanına ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, həmin tikilinin neft kəmərlərinin mühafizə zonasına düşməsi barədə xəbərdar olunmuş, həmin xəbərdarlıq məktubu Cavabdeh1 tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan SOCAR tərəfindən verilmiş Arayışdan görünür ki, Heydər Əliyev adına X3 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Äzərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. İş materiallarında olan ƏMDX-nin Registrdən çıxarışından görünür ki, Bakı X6 – X1 Etilen-Polietilen zavodu arasında nafta kəməri, Bakı X6 – X2 etil propan qaz kəməri, Üstü örtülü yanacaq doldurma estakadası X4 balansındadır. Məhkəmə tərəfindən 09 aprel 2024-cü il tarixdə İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov 42A ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru xəttindən təqribən 10 metr aralı məsafədə, xəttə paralel 1-ci sırada 9 metr uzunluğunda, 3 metr enində və 2.70 metr hündürlüyündə olan tikilinin, eləcə də 12 qırmızı kərpic hündürlüyündə tikilmiş 2 (iki) ədəd arakəsmə divardan ibarət tikili var. İş materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8562 saylı rəyindən görünür ki, İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov 42A ünvanında yerləşən cavabdehin istifadəsində olan daş hasarın “Heydər Əliyev adına X6"nun istismarında olan neft kəmərindən 8.1 metr aralı məsafədə, sanitar qovşağından 11.0 metr aralı məsafədə və ümumi sahəsi 25.0 kv. metr olmaqla 2 yaşayış otağından və 1 giriş-mətbəxi olan evdən isə 14.0 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin daş hasar və sanitar qovşağının, ümumi sahəsi 25.0 kv. metr olmaqla 2 yaşayış otağından və 1 giriş-mətbəxdən ibarət olan evin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfinən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddia tələbi üzrə mübahisələndirilən Bakı Şəhəri Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov 42A ünvanında yerləşən tikili Cavabdeh2 tərəfindən hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmişdir, cavabdehin istifadəsində olan 9 metr uzunluğunda, 3 metr enində və 2.70 metr hündürlüyündə olan tikilinin, eləcə də 12 qırmızı kərpic hündürlüyündə tikilmiş 2 (iki) ədəd arakəsmə divarın “Heydər Əliyev adına X6"nun istismarında olan neft kəmərindən 8.1 metr aralı məsafədə, sanitar qovşağından 11.0 metr aralı məsafədə və evdən isə 14.0 metr aralı məsafədə inşa edilməklə qaz kəmərinin mühafizə zonasına düşür və özbaşına tikilidir. Bununla belə, Cavabdeh2 mübahisələndirilən əmlaka mülkiyyət hüququna əsas verən hallar, həmçinin digər Cavabdeh1 mübahisələndirilən tikili ilə bağlılığı məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, Bakı Şəhəri Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov 42A ünvanında yerləşən 9 metr uzunluğunda, 3 metr enində və 2.70 metr hündürlüyündə olan tikili, eləcə də 12 qırmızı kərpic hündürlüyündə tikilmiş 2 (iki) ədəd arakəsmə divar Cavabdeh2 tərəfindən inşa edilməklə qanunsuz tikili olduğundan, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməli, mübahisələndirilən tikili onun tərəfindən sökülməli, digər Cavabdeh1 mübahisələndirilən tikili ilə bağlılığı müəyyən olunmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara aiddir. “Qaz təchizatı haqqında” AR qanununun 19.1-ci maddəsinə əsasən, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Həmin Qanunun 22-ci maddəsinə əsasən, bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının balansında və istismarında olan “Heydər Əliyev adına X6"nun istismarında olan neft kəmərinin Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov 42A ünvanından keçən hissəsində, magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş 9 metr uzunluğunda, 3 metr enində və 2.70 metr hündürlüyündə olan tikili, eləcə də 12 qırmızı kərpic hündürlüyündə tikilmiş 2 (iki) ədəd arakəsmə divar Cavabdeh2 tərəfindən onun hesabına sökülməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməli, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov 42A ünvanında NEZə məxsus neft məhsulları nəql olunan boru xəttindən təqribən 10 metr aralı məsafədə, xəttə paralel 1-ci sırada özünü ev sahibi kimi təqdim edən Cavabdeh2 tərəfindən 9 metr uzunluğunda, 3 metr enində və 2.70 metr hündürlüyündə olan tikili, eləcə də 12 qırmızı kərpic hündürlüyündə tikilmiş 2 (iki) ədəd arakəsmə divar özbaşına (qanunsuz) tikili hesab edilsin və həmin tikililər Cavabdeh2 tərəfindən sökülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumunun əvəzi kimi ödənilmiş 100 (yüz) manat Cavabdeh2 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğ Cavabdeh2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-391/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-391/2024
03.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver