Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3942/2022 19.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin geri alınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş 690 manat sığorta ödənişinin, 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 sentyabr 2021-ci il tarixdə **-BJ-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. 26 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış **-ST-*** dövlət qeydiyyat nişanlı, “QAZ 33021” markalı avtonəqliyyat vasitəsi ilə **-BJ-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 690 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 02 fevral 2022-ci il tarixdə "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə qarşı subroqasiya tələbi irəli sürülmüş, lakin müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Cavabdeh eyni zamanda "xxxx" ASC-yə müraciət edərək, **-BJ-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 350 manat məbləğində sığorta ödənişi almışdır. Göründüyü kimi cavabdehin "xxxx" ASCdən 350 manat məbləğində sığorta ödənişini alması "xxxx" ASC-ni subroqasiya hüququndan məhrum etmişdir. Belə olan halda cavabdehə qarşı bildiriş ünvanlanmış və cavabdehə ödənilmiş sığorta məbləği geri tələb olunmuşdur. Tələb nəticəsində cavabdeh tələb olunan məbləğdən "xxxx" ASC-nin bank hesabına geri ödəməkdən yayınmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılıb yekun qərar çıxarılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, **-BJ-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtomobil Cavabdeh məxsusdur. Həmin avtomobil "xxxx" ASC tərəfindən 28 sentyabr 2021-ci il tarixdən 27 sentyabr 2022-ci il tarixinədək 16.000 manat sığorta məbləği olmaqla sığortalanmışdır. 26 oktyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “QAZ 33021” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən Cavabdeh idarə etdiyi **-BJ-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtomobilə ziyan dəymişdir. İnzibati tənbeh vermə haqqında qərara əsasən, “QAZ 33021” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X1 təqsirli bilinərək cərimə edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 690 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “QAZ 33021” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. "xxxx" ASC tərəfindən Cavabdeh 350 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən olundu ki, 26 oktyabr 2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı cavabdehə məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtomaşının zədələnməsi nəticəsində dəymiş zərərə görə sığorta şirkəti tərəfindən həmin avtomobilin təmirinə 690 manat ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə sığorta ödənişi etməklə müqavilə üzrə götürdüyü öhdəliyini icra etmişdir. Qanunvericiliyin tələblərinə görə iddiaçının subroqasiya hüququ yaranmışdır. Cavabdeh icbari sığorta şirkətindən ödəniş almaqla qanun pozuntusuna yol vermişdir. (əsassız varlanmışdır) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən 690 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 690 (altı yüz doxsan) manat məbləğində pul vəsaiti və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-3942/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3942/2022
19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver