Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-396/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İlkin iddia tələbi üzrə İddiaçı, nümayəndəsi və vəkili Vəkil, İlkin iddia tələbi üzrə Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı 40 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “vərəsəlik hüququnun tanınması” barədə ilkin iddia tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı “miras payının müəyyən edilməsi” barədə tələbi, Cavabdeh İddiaçı və X5 qarşı “ləyaqətsiz vərəsə kimi tanınma və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi” barədə qarşılıqlı iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 qalmış mirasa – Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların müəyyən edilməsinə və payların müvafiq olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən X10 xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 qalmış – Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların vərəsələr arasında bərabər şəkildə müəyyən edilməsinə və paylara müvafiq vərəsəlik haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı və X5 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X1 ləyaqətsiz vərəsə kimi tanınması və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixində dünyasını dəyişmiş mərhum atası X8 aid Bakı şəhər, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair şəxsi mülkiyyət hüququ evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu mövcuddur, atası dünyasını dəyişənədək həmin evdə yaşamış və ev atasının istifadəsində olmuşdur, o, dünyasını dəyişdikdən sonra vərəsəlik işi açılmış, Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən ona arayış təqdim edilmiş və miras qoyanın vərəsəsi kimi tanınmışdır, sonra vərəsəlik işinin açılması, qanunvericiliyə uyğun olaraq miras əmlakın bölgüsünün aparılması üçün Bakı şəhər, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışın verilməsi səbəbindən miras əmlakın ölçmə işləri, texniki invertarlaşdırma işlərinin aparılmasını məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur, lakin şərait yaradılmaması səbəbindən bu günədək evdə texniki invertarlaşdırma işlərinin aparılması mümkün olmamışdır, bu səbəbdən də, qanun üzrə vərəsə qismində atasından ona qalmış miras əmlakı qəbul edə bilməmişdir, vərəsəlik işinin açılması ilə bağlı olaraq Bakı şəhəri 40 saylı Notariat Ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsə kimi tanınmışdır, lakin faktiki olaraq vərəsəliyi qəbul edə bilməmişdir. Sonda İddiaçı ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddiaçının izahatına uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ilkin iddianı əsaslı hesab edir, iddiaçının atası 2020-ci ildə vəfat etmişdir, Bakı şəhər, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evi ona məxsus olmuşdur, evə dair miras payı mövcuddur, bu səbəbdən payların müəyyən edilməsini xahiş edir, bu vərəsələrin konstitusion hüququdur, qarşılıqlı iddia ərizəsi isə bir növ etirafdır, digər bütün qətnamələrdə qarşılıqlı iddia təmin edilməmişdir, mülkiyyət hüququnu təsdiq edən sənəd də vardır, mənzil iddiaçının mərhum atasının adına olmuşdur, ata vəfat etdikdən sonra, cavabdeh və ailəsi iddiaçıya həmin mənzildən istifadə etməsinə imkan verməmişdirlər, ev həyət evidir, notariusun nümayəndələri cavabdehin ünvanına getsələr də, qarşı tərəf evə daxil olmağa icazə verməmişdir, şəxsən özü də orada iştirak etmişdir, nümayəndələr tərəfindən baxış keçirilə bilmədiyi üçün çıxarış verilməsi mümkün olmamışdır, yalnız sənədlər əsasında çıxarış verilə bilmir, bu barədə müvafiq orqana müraciət etmişdir, lakin ona bildirmişlər ki, Özəlləşdirilmə haqqında qanuna əsasən, evə baxış keçirilməlidir, hazırda miras əmlakla bağlı məsələ öz həllini tapmalıdır, qarşı tərəf ilkin iddiaçının hüquqlarını məhdudlaşdırır, o vərəsə kimi hüquqlarından istifadə edə bilmir, hətta iddiaçının bacısı Qətibə xanım da məhkəməyə müraciət etmişdir, digər vərəsə isə əmlakdan istifadə edir, sərəncam verir, ev tikir, ev çölə qapı qoyur, qarşılıqlı iddia ilə bağlı əvvəllər də məhkəməyə mirasqoyanın sağlığında özü tərəfindən iddia verilmişdir, həmin iddia rədd edilmişdir, hazırda cavabdeh bu iddianı vərəsə kimi verə bilməz. Sonda İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Əlizaman Qəhrəmanov və Qətibə Qəhrəmanova atası ilə olduqca kobud rəftar etmişdirlər, vaxtı ilə onu döymüş, hətta təhqir etmişdirlər, Əlizaman atasının başında şüşə - butulka sındırmışdır, cavabdehlər atasını o həddə çatdırmışdırlar ki, atası hətta onları dəfələrlə məhkəməyə vermişdir, atası 2015-ci ilin əvvələrinə Xətai rayon Məhkəməsinə müraciət edərək, Əlizaman Qəhrəmanova qarşı iddia qaldıraraq, onun evə dair istifadə hüququnu itirilməsinə dair iddia irəli sürmüşdür, bu barədə qətnamə çıxarılmış, hazırki qətnamənin İddiaçı Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70/1 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsas olduğu qət edilmişdir, qarşı tərəf şikayətlər versə də, qətnamə qüvvədə qalmışdır, hazırda o həmin evdən qeydiyyatdan çıxarılmışdır, bir neçə il keçdikdən sonra atası yenidən məhkəməyə müraciət edərək, cavabdehlərin ləyaqətsiz vərəsə kimi tanınmasını xahiş etmişdir, o öz izahatında da qarşı tərəfin ona nələr etdiyini ətraflı göstərmişdir, ilkin iddianı qəbul etmir, atası həmin mənzilin pay kimi bölünməsini istəməmişdir, bu barədə narazılığını da bildirmişdir, evə isə heç kim gəlməmiş, belə bir şey olmamışdır, bu barədə özünün məlumatı yoxdur, inventarlaşma idarəsindən nümayəndələr gəlmiş, lakin heç bir hüquqi sənəd təqdim etməmişdirlər, iddiaçı ilə 20-30 ildir münasibətləri yoxdur, onunla danışmırlar, gəlib-getmir, hazırki halda ilkin iddianın təmin olunması üçün heç bir əsas yoxdur. Sonda Cavabdeh ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürən X11 iddia tələbini onunla əsaslandırmışdır ki, vərəsəlik işinin açılması və miras əmlakın bölgüsünun aparılması üçün Xətai rayon, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışın verilməsi səbəbindən miras əmlakın ölçmə işləri, texniki invertarlaşdırma işlərinin aparılmasını məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur, lakin şərait yaradılmaması səbəbindən bugünədək fərdi yaşayış evində texniki invertarlaşdırma işlərinin aparılması mümkün olmamışdır, məhz bu səbəbdən qanun üzrə vərəsə qismində atasından ona qalmış miras əmlakı qəbul edə bilməmişdir, vərəsəlik işinin açılması ilə bağlı olaraq müraciət olunsa da, bu gün faktiki olaraq vərəsliyi qəbul edə bilməmişdir, sözügedən miras əmlakdan hər biri istifadə etmişdir, atası ölən günədək özü o evdən istifadə etmişdir, qardaşı Əlizaman orada yaşamışdır. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndəsi), məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin və vəkilin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1972-ci il tarixli Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, ev sahibi X9r. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1916/2015 saylı 08 may 2015-ci il tarixli Qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70/1 saylı evə istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi təmin edilməmiş, hazırki qətnamənin İddiaçı Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70/1 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsas olduğu qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin MK-nin 2(103)-4909/2015 nömrəli iş üzrə 27 avqust 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1916/2015 saylı 08 may 2015-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5780/2015 saylı Qərarı ilə cavabdeh İddiaçı və vəkili Yusifov Ceyhun Müzəffər oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nin 2(103)-4909/2014 nömrəli iş üzrə 27 avqust 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2(011)-5256/2017 saylı qətnaməsi ilə iddiaçı X6 cavabdehlər İddiaçı və X5 qarşı “ləyaqətsiz vərəsə kimi tanınma və vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10062/2017 saylı 27 sentyabr 2017-ci il təvəllüdlü Qətnaməsi ilə apellyasiya şikayəti rədd edilmiş, hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2(011)-5256/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmadığından Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 70 ünvanında yerləşən mənzilə dövlət reyestrindən çıxarış verilməsindən imtina olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixli məktubda göstərilmiş iradlar aradan qaldırılmadığından Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 70 ünvanında yerləşən mənzilə dövlət reyestrindən çıxarış verilməsindən təqdim olunmuş sənədlər qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığından imtina olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 70 ünvana dair torpaq sahəsinin ayrılması ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir, X14 adına qeydiyyata alınmış Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70/1a saylı fərdi yaşayış evi ilə bağlı məlumat mövcuddur. İş materiallarında olan Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.1931-ci il tarixdə anadan olmuş, ölən günədək, yəni xx.xx.2020-ci il tarixədək ünvan 4 ünvanında yaşamış mərhum X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı oğlu İddiaçı tərəfindən Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət daxil olmuş, vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır, daşınmaz əmlaka dair X7 adına mülkiyyət hüququnu təsdiq edən sənəd verildikdən sonra vərəsələrin dairəsi müəyyən ediləcək və onun vərəsələrinin adına vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2 (011)-901/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “cavabdeh və onun ailə üzvlərinin üzərinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndislərinə və ona inventarlaşma işinin aparılması üçün Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinə maneəsiz daxil olmağına şərait yaradılması öhdəçiliyinin qoyulması” barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-3765/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2 (011)-901/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin Qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evi özbaşına tikili olmaqla bu məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa edilmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, X11 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, X13 xx.xx.2020ci il tarixdə ölmüşdür, İddiaçı, Cavabdeh və X11 onun övladlarıdır, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinə dair mərhum B.S.Qəhrəmanovun mülkiyyət hüququ müvafiq dövlət reyesterində qeydiyyata alınmamışdır, həmçinin sözügedən ünvana dair torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı bir sənəd müəyyən deyildir, ev özbaşına tikilidir, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2(011)-5256/2017 saylı qətnaməsi ilə iddiaçı X6 cavabdehlər İddiaçı və X5 qarşı “ləyaqətsiz vərəsə kimi tanınma və vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir, hazırki tələblər həmin yaşayış evinə dair tərəflərin miras payının müəyyən edilməsi və İddiaçı və X1 ləyaqətsiz vərəsə kimi tanınması və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi barədədir. Bununla belə, mirasqoyan B.S.Qəhrəmanovun mübahisəli əmlaka dair mülkiyyət və ya digər əmlak hüquqlarının mövcudluğunu təsdiq edən, habelə Ə.Qəhrəmanov və Q.Qəhrəmanovanın ləyaqətsiz vərəsə kimi tanınmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, ilkin və müstəqil tələb irəli sürən X4 iddia tələbinə münasibətdə qeyd edir ki, qeyd olunan evin miras əmlak kimi qəbul edilməsi üçün onun mütləq formada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi tələb olunur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı və X1 “Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların müəyyən edilməsi” barədə tələbləri əsaslı və qanuni olmadığından təmin edilə bilməz. Məhkəmə, qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, şəxsin qanun və vəsiyyət üzrə vərəsə ola bilməməsi ilə nəticələnən ləyaqətsiz vərəsə hesab edilməsi formal əsaslarla deyil, qanunda göstərilmiş konkret əsaslardan (miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmək və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmək, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmək) asılı edilmişdir və hazırkı iş üzrə bu hallar iddiaçının sübutetmə yükü ilə bağlıdır, o, bu hallara dair sübutetmə yükü daşıyır, lakin iş materiallarına buna dair sübutlar əlavə olunmamış, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Digər tərəfdən, qarşılıqlı iddiaçının atası - mirasqoyan X13 da 2017-ci ildə, hazırkı iddiaçının əsasları (döymək, təhqir nalayiq söz və s.) ilə eynilik təşkil edən iddia tələbilə məhkəməyə müraciət etmiş, qanuni qüvvədə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2(011)-5256/2017 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə görə isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə “Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər, lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin, qarşılıqlı və müstəqil tələb irəli sürən Q.B.Qəhrəmanovanın iddia tələbləri rədd edilməldiir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumları (100; 100; 100) tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mərhum atası X2 qalmış mirasa – Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların müəyyən edilməsinə və payların müvafiq olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə ilkin iddia tələbi rədd edilsin. Müstəqil tələb irəli sürən X4 Cavabdeh qarşı “mərhum atası X2 qalmış – Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların vərəsələr arasında bərabər şəkildə müəyyən edilməsinə və paylara müvafiq vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə iddia tələbi rədd edilsin. Cavabdeh İddiaçı və X5 qarşı “ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X1 ləyaqətsiz vərəsə kimi tanınması və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi” barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərin və üçüncü şəxsin özlərinə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-396/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-396/2023
15.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver