Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3962/2025 29.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana (əldən çıxmış fayda) görə 64493 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Cəmiyyət ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki sahəsi 124,36 kv.m olan 56 nömrəli mənzili alıcı Cavabdeh təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən Cəmiyyət mənzili alıcıya təhvil vermişdir. Müqaviləyə 1 saylı əlavəyə əsasən sözügedən mənzilin dəyəri 174104 manat müəyyən edilmiş və alıcı ilkin olaraq 20000 manat ödəniş etmiş, 154104 manat borcu qalmışdır. Müqaviləyə 1 saylı əlavəyə əsasən alıcı hər ay 8562 manat, sonuncu ay isə 8560 manat olmaqla 154104 manat məbləği 20 oktyabr 2022- ci il tarixədək Cəmiyyətə ödəməli idi. Alıcı 1 saylı əlavəyə əsasən 4 ay vaxtında ödənişləri etmiş, sonra isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək ödənişləri aparmamışdır. 10 avqust 2022-ci ildə yalnız 1 dəfə 13700 manat olmaqla ilkin ödənişlə birlikdə cəmi 68200 manat məbləğində ödəniş etmişdir. Bu müddət ərzində 105904 manat məbləğində qalan borcun ödənilməsi barədə ona yazılı bildiriş göndərilsə də o heç bir əsas gətirmədən həmin borcu ödəməkdən imtina etmiş və bununla da "xxxx" MMC-yə zərər vurmuşdur. Bununla əlaqədar "xxxx" MMC məhkəməyə müraciət etmiş və hazırda qüvvədə olan Bakı Apellyaiya məhkəməsinin 2(103)-5674/2024 saylı,xx.xx.2024 - cü il tarixli qətnaməsinə əsasən müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə Cavabdeh 1000 manat məbləğində cərimə alınaraq "xxxx" MMC-yə ödənilmişdir. Başqa sözlə, cavabdehin müqavilə şərtlərini pozması faktı artıq qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə təsdiq olunub. Həmin məhkəmə prosesində cavabdeh "xxxx" MMC-nin müqavilə üzrə nəzərdə tutulan 105904 manat məbləğində pul vəsaitinin guya qəbul edilmədiyi barədə həqiqətə uyğun olmayan məlumat verib. Bununla əlaqədar, "xxxx" MMC cavadehə dəfələrlə rəsmi bildirişlə müraciət edərək bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək hazırda yaşadığı mənzilin 105904 manat borcunu tam ödəməsini təklif edib. Ödəniş olunduqdan dərhal sonra qanunvericiliklə müəyyən edilən müvafiq qaydada ona arayış təqdim olunacağı bildirilib. Bildirişdə həm də qeyd olunub ki, borcunu cavabdehlə bağlanan müqavilədə qeyd olunan "xxxx" MMC - nin bank hesabına da ödəyə bilər: Məhkəmə tərəfindən qanuni qüvvəyə minən məhkəmə qətnaməsini icra etmədiyi üçün inzibati və cinayət məsuliyyəti barədə rəsmi şəkildə Nizami rayon icra şöbəsi tərəfindən xəbərdar edildikdən sonra cavabdeh 105904 manat məbləğində borcu "xxxx" MMC - nin bank hesabına 8 yanvar 2025-ci il tarixdən iki dəfəyə hissi -hissə ödəyib. Borcun banka ödənilməsi faktı da təsdiq edir ki müqavilədə qeyd olunduğu üçün həmin bank hesabı cavabdehə müqavilə bağlanan gündən məlum olub və pulun həmin hesaba müqavilədə nəzərdə tutulan müddətdə ödənilməsi üçün cavabdehə heç bir maneəçilik törədilməyib və törədilə də bilməzdi. 20 aprel 2021-ci il tsrixdə cavabdehlə aramızda müqavilə bağlanan zaman mənzilin 1 kv.m dəyəri 1400 manat olmaqla 124,36 kv.m üçün 174104 manat hesablanmışdır. Cavabdeh tərəfindən borcun ödənildiyi dövr üçün sözügedən mənzilin bir kvadratmetrinin bazar dəyəri təmirsiz vəziyyətdə 2270 manat təşkil edir. İşin bu halı qeyd olunan ərazi üzrə 2024-cü ildə keçirilən ekspertiza ilə təsdiq olunur. Həmin ekspertiza başqa mülki iş üzrə "xxxx" MM-yə qarşı irəli sürülən iddia üzrə iddiaçı tərəfin vəsatəti əsasında keçirilib və bu səbəbdən həmin sübutun mötəbərliyi şübhə doğurmur. Cavabdeh aldığı mənzilə görə 2021-ci sentyabr ayına 20000 manat, sonrakı 4 ay ərzində 34.500 manat, 2022 - ci ilin avqust ayında isə 13700 manat olmaqla cəmi 68200 manat pul vəsaiti ödəyib. E. Əsədovanın iddiasına görə pulu vaxtında ödəməməsi guya "xxxx" MMC tərəfindən verdiyi pulu almaqdan imtina etməsi və alınan məbləğin cəriməyə silinməsi ilə bağlı olub. Bu iddia işin faktiki halları ilə tam şəkildə təkzib olunur. Belə ki, Rahatlığın Məkanı” MMC ilə Cavabdeh arasında bağlanan 20 aprel 2021-ci il tarixli müqaviləyə 1 saylı əlavədə tərəflər arasında razılaşdırılan ödəniş cədvəlinə əsasən 2022-ci ilin avqust ayına qədər qalıq borc 88792 manat təşkil edib. Cavabdeh isə xx.xx.2022-ci il tarixdə bu məbləğin əvəzinə "xxxx" MMC nin kasasına cəmi 13 700 manat ödəyib ki, həmin ödəniş də cəriməyə deyil, əsas borca silinib və bununla əlaqədar cavabdehə müvafiq maliyyə arayışı təqdim olunub. Göründüyü kimi, müqavilədə öhdəliyin icrası üçün nəzərdə tutulan müddət dövründə də, müqavilə üzrə nəzərdə tutulan müddət bitdikdən sonra da borcunu ödəmək üçün "xxxx" MMC tərəfindən cavabdehə heç bir maneə törədilməyib. Cavabdeh tərəfindən müqavlədə nəzərdə tutulan müddət ərzində ödənilən 68200 manat məbləğ 124.36 kvm. mənzilin 48.72 kvm.olan hissəsinin (1400 X 48.72= 68208) qiymətidir. Bu halda, cavabdeh mənzilin (124.36 - 48.72) 75. 28 kvm. olan hissəsinin pulunu müqavilə üzrə müəyyən edilən müddətdə ödəməyib. Cavabdeh müqavilə üzrə öhdəlikləri 2 ildən artıq müddətə yerinə yetirməməsi müqavilənin əhəmiyyətli pozuntusu sayılır. Cavabdeh mənzilin pulunu müqavilə üzrə öhdəlikləri pozmağa başladığı 2022-ci ilin avqust ayından təhvil versəydi iddiaçı həmin mənzili hər 1 kv.m üçün (2270 -1400) 870 manat artıq olmaqla sataraq daha çox gəlir əldə edə bilərdi. Bu halda, əldən çıxan fayda şəklində dəyən zərərin məbləği (870 manat x 75.28 kvm.) 65493 manatdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 20 aprel 2021-ci il tarixli müqavilədən görünür ki, Cəmiyyət ünvan 2 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2 , satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzili alıcı Cavabdeh təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 20 aprel 2021-ci il tarixli müqaviləyə 1 nömrəli əlavə olan ödəniş tapşırığından görünür ki, mənzilin dəyəri 174104 manat, ilkin ödəniş 20000 manat, qalıq borc 154104 manatdır. Alıcı 18 ay müddətində hər ayın 20-dən gec olmayaraq 8562 manat, sonuncu ay 8550 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Alıcı hər gecikdirilmiş gün üçün gecikdirilmiş aylıq məbləğin 1 faizi məbləğində cərimə ödəməlidir. Xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcunun tam ödənilməsi barədə xəbərdar edilmişdir. İltizamdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinədək 50904 manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Yeni dövr Qiymətləndirmə Mərkəzinin rəyindən görünür ki, Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev və K.Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhllədə yerləşən 2 otaqlı (89.4 kv.m) mənzililərin dəyəri 202940 manat təşkil edir. Nizami Rayon Məhkəməsinin 2(007)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 aprel 2021-ci il tarixli müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi, 20 aprel 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə Cavabdeh 88282 manat məbləğində cərimənin və 355 manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmamasına dair maliyyə arayışının verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması, ilkin iddiaının rədd edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək Cavabdeh 1000 manat məbləğində cərimənin alınaraq "xxxx" MMC-yə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmaması haqqında maliyyə arayışının verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin mövqeyi: İş materiallarında olan Nizami Rayon Məhkəməsinin 2(007)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, "xxxx" MMC-nin Cavabdeh qarşı 20 aprel 2021-ci il tarixli müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi barədə iddia tələbləri təmin edilməmişdir. Beləliklə, qüvvədə olan məhkəmə qətnaməsi ilə mənzilin Cavabdeh sahibliyində qalmalı olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli mənzilin iddiaçıya təhvil verilməli olması iş materialları ilə öz təsdiqini tapmadığından, sonradan mənzilin dəyərinin qalxmasına görə əldən çıxmış faydanın Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməsi barədə iddia əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, eyni məhkəmə qətnaməsi ilə mənzilin dəyərinin gec ödənilməsində hər iki tərəfin hərəkətlərinə hüquqi qiymət verilərək Cavabdeh 1000 manat məbləğində cərimənin alınaraq "xxxx" MMC-yə ödənilməsi, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmaması haqqında maliyyə arayışının verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində mənzilin dəyərinin gec ödənilməsinə münasibətdə qeyd edilmişdir ki, “həmçinin məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh mənzilə olan borcu tam şəkildə ödəmək istəsə də, MMC-nin rəhbərliyi ödənişi qəbul etməmişdir. Demək ki, Cavabdeh ödənişi gecikdirməsinə səbəb müəyyən zaman MMC tərəfindən ödənişin qəbul edilməməsi də olmuşdur”. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi də qanuni qüvvəyə minmişdir. Beləlkilə, qüvvədə olan məhkəmə qətnaməsi ilə, mübahisəli mənzilin cavabdehin sahibliyində qalmalı olması və mənzilin dəyərinin gec ödənilməsində MMC-nin rəhbərliyinin də səbəb olması müəyyən edildiyindən hazırki iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(011)-3962/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3962/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver