Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3966/2025 15.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və digərləri Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv olunmuş və iddia ərizəsinə əlavə olunmuş 07 iyun 2017 tarixli, ********** saylı baş planda işarələnmiş 470.4 kv.m torpaq sahəsində Cavabdeh tərəfindən aparılmış qanunsuz tikilinin onun hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, S.Ə.Şirvani küç. 1A ünvanında Cavabdeh məxsus 315.5 m2-lik qeyri yaşayış sahəsi (keçmiş “Qərənfil şadlıq evi”) mövcuddur. Tikinti altı sahə isə 353.6 m2 təşkil edir. Bu rəqəmlər xx.xx.2015 tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda öz əksini tapmışdır (çıxarış əlavə olunur). Bina sakinlərinin həmin qeyri yaşayış sahəsinə və onun altındakı Cavabdeh istifadəsində olan dövlət mülkiyyətinə aid 353.6 m2lik torpaq sahəsinə dair hər hansı bir iddiası yoxdur. 2017-2018-ci illərdə Cavabdeh 353.6 m2-lik əraziyə bitişik, sakinlərin ümumi istifadəsində olan ərazidən əlavə olaraq 470.4 m2 ərazini zəbt edir, hasara alır və tikintiyə icazə sənədi olmadan tikintiyə başlayır. Həmin sahədə aparılan tikinti iddiaçıların yaşadıqları Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 1 saylı binanın həyətində yerləşir. Cavabdeh - Cavabdeh ilə danışıq zamanı məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin 09 oktyabr 2017 tarixli, 231 saylı sərəncamı ilə sözü gedən ünvanda 824 m2 torpaq sahəsinə dair Cavabdeh ilə icarə müqaviləsinin bağlanmasına qərar verilmişdir. Bundan sonra bina sakinləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Xətai rayon şöbəsinin təsdiq etmiş olduğu 07 iyun 2017 tarixli, ********** saylı baş planın, Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi tərəfindən təsdiq olunmuş 04 oktyabr 2017 tarixli, 1489 saylı registrdən çıxarışın və Əmlak Məsələləri DövlətKomitəsinin sədrinin 09 oktyabr 2017 tarixli, 231 saylı sərəncamının 470.4 kv.m. hissədə ləğv edilməsi məqsədilə məhkəmədə iddia qaldırmışlar. Bakı İnzibati Məhkəməsinin 06 mart 2024 tarixli, 2-1(112)-72/2024 saylı qərarı ilə bina sakinlərinin iddiası təmin edilmişdir. Məhkəmə mübahisəsi Ali məhkəməyə qədər davam etmiş və Ali Məhkəmə 18 dekabr 2024 tarixli, 2-1(102)-3224/2024 saylı qərarı ilə ilkin qərarı qüvvədə saxlamışdır. Bu məhkəmə qərarı icazəsiz tikilinin altında yerləşən 824 kv.m. torpaq sahəsindən 470.4 kv.m.-lik hissəsinin cavabdehə aid olmadığını, bina sakinlərinin ümumi istifadəsində olduğunu sübut edir. Cavabdeh heç bir zaman tikintiyə icazə sənədi olmamışdır. İddiaçıların şikayəti əsasında aparılmış araşdırmalar zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-2672 saylı və 28 mart 2023 tarixli, 3-35/2-H-32-36- 177/2023 saylı məktublarında tikintinin icazəsiz olduğunu və dayandırılması üçün lazımi tədbirlər görüldüyünü bildirmişdir. Bundan əlavə AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 13 aprel 2023 tarixli, 3-18-2/2-H-7xx-xx/2023 saylı məktubu ilə tikinti işlərinin qanunsuz olduğu və Agentliyin 17 mart 2023 tarixli, 0209 saylı qərarı ilə dayandırıldığı bildirilmişdir. Yuxarıda sadalanan faktlardan (məhkəmə qərarları və əlaqəli dövlət orqanların məktubları) göründüyü kimi cavabdehin qanunsuz tikilinin altında yerləşən 824 kv.m. torpaq sahəsinin 470.4 kv.m. hissəsinə dair heç bir hüququ yoxdur və tikintiyə dair heç bir icazəsi yoxdur. Sözü gedən ərazi bina sakinlərinin, o cümlədən iddiaçıların ümumi istifadəsindədir. Bu fakt Ali Məhkənin 18 dekabr 2024 tarixli, 2-1(102)- 3224/2024 saylı qərarı ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, qanunsuz tikilinin altında yerləşən 470.4 kv.m. sahənin bina sakinlərinin, o cümlədən iddiaçıların ümumi istifadəsində olması məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Lakin mövcud vəziyyət, yəni sahənin üzərindəki qanunsuz tikili bina sakinlərinin, o cümlədən iddiaçıların həmin sahədən istifadə hüquqlarını mümkünsüz edir. Və bu səbəbdən sökülməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 315,5 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2017-ci il tarixli, 69 nömrəli sərəncamının surətindən görünür ki, vətəndaş Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, 1A ünvanında yerləşən qeyri-yaşayış binasının yenidən qurulmasına icazə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, ********** saylı baş plandan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, 1A ünvanında birmərtəbəli tikilinin sahəsi 353,6 kv.metr, ümumi tikintialtı sahə 353,6 kv.metr, açıq torpaq sahəsi 470,4 kv.metr, ərazinin ümumi torpaq sahəsi 824,0 kv.metr təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1586/2022 saylı, xx.xx.2022-ci il qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2017-ci il tarixli, 69 nömrəli sərəncamı etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin 09 oktyabr 2017 tarixli, 231 saylı sərəncamı, Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi tərəfindən təsdiq olunmuş 04 oktyabr 2017 tarixli, 1489 saylı dövlət əmlakının Registrində ***-*******7 nömrə ilə aparılmış qeyd və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin təsdiq etmiş olduğu 07 iyun 2017 tarixli, ********** saylı baş plan Cavabdeh adına 470.4 kv.m. torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3224/2024 saylı, xx.xx.2024cü il tarixli qərarından görünür ki, apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Qərarın ayrı-ayrı bəndlərində aşağıdakılar qeyd edilmişdir:
53. Beləliklə, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış binasının istifadəsində olan və texniki pasportunda göstərilən torpaq sahəsi 353,6 kv.m olduğu halda, əlavə olaraq 470,4 kv.m sahənin özəlləşdiriən dövlət əmlakının istifadəsində olan sahə kimi üçüncü şəxsin icarəsinə verilməsi üçün bilavasitə hüquqi əsas mövcud olmamışdır.
55. Hazırkı iş üzrə özəlləşdirilmiş Qərənfil şadlıq evinin yerləşdiyi 353,6 kv.m sahə tikintialtı sahə daşınmaz dövlət əmlakı kimi registrdə qeydiyyata alınmış olsa da mübahisəli 470,4 kv.m açıq sahənin həmin ərazidə yaşayış binalarının ümumi istifadəsində olan ərazi olduğundan daşınmaz əmlakın dövlət registrində qeydə alınması əsası mövcud olmamışdır.
59. Beləliklə, mübahisələndirilən sərəncamla üçüncü şəxsin icarəsinə verilmiş 470.4 kv.m torpaq sahəsinin Bakı şəhəri, Xətai rayonu, Neft emalı prospekti 115-129, məhəllə 2316- 2320 ünvanda yaşayış massivində yaşayış binalarının tikintisi və həmin binaların ümumi istifadəsi üçün nəzərdə tutulmuş torpaq sahəsindən ayrıldığı öz təsdiqini tapmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respubikasının Torpaq Məcəlləsi:
18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.
2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, 1A ünvanında yerləşən 470,4 kv.metr mübahisəli torpaq sahəsi ümumi istifadədə olduğundan və iş üzrə iddiaçılar həmin ünvanda yerləşən binanın sakinləri olduğundan Mülki Məcəllənin yuxarıda qeyd edilən 180.4-cü maddəsinə əsasən, onların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. İş materialları, eləcə də, mübahisəli torpaq sahəsinə dair qəbul edilmiş məhkəmə qərarları ilə təsdiq edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, 1A ünvanında yerləşən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, ********** saylı baş planda açıq torpaq sahəsi kimi qeyd edilmiş 470,4 kv.metr torpaq sahəsi ümumi istifadədə olmuş, həmin torpaq sahəsinə cavabdehin mülkiyyət və ya istifadə hüquqları, eləcə də, torpaq sahəsi üzərində tikili inşa etmək hüququ olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qanuni əsaslarla mülkiyyətində və ya istifadəsində olmayan torpaqda, eləcə də, tikintisi üçün lazımi icazələr alınmadan, Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, 1A ünvanında 470,4 kv.metr torpaq sahəsində inşa edilmiş tikili özbaşına tikili olmuşdur. Odur ki, hazırki iddia tələbi üzrə iddiaçılar həmin ünvanda yaşayan sakinlər olduğundan və özbaşına tikili sakinlərin ümumi istifadəsində olmuş torpağı zəbt edərək onların maraqlarına toxunduğundan iddia tələbi özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi hissəsində isə məhkəmə qeyd edir ki, torpaq sahəsi ümumi istifadədə olduğundan, həmin hissədə iddia qismən təmin edilməli və torpaq sahəsi ümumi istifadəyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, 1A ünvanında yerləşən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, ********** saylı baş planda ümumi istifadədə olan açıq torpaq sahəsi kimi qeyd edilmiş 470,4 kv.metr torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş özbaşına tikili cavabdehin hesabına sökülsün, torpaq sahəsi əvvəlki vəziyyətinə və ümumi istifadəyə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli