Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4/2025 17.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X14 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və özbaşına tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Qovlar Bələdiyyəsinin 63 nömrəli, 02 noyabr 2004-cü il tarixli qərarına əsasən mərhum atası X3 mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi 55 ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə dair Cavabdeh2 ilə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi arasında olan 697 nömrəli, 22 oktyabr 2018ci il tarixli “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi”nin qanunsuz olduğuna görə etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 verilmiş Seriya RX ******* nömrəli “Çıxarış”ın ləğv edilməsi və həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən aparılmış tikililərin sonuncunun öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi 55 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi X11 mülkiyyətində olmuşdur. Belə ki, Azərbaycan Respublikası Qovlar Bələdiyyəsinin 63 nömrəli, 02 noyabr 2004-cü il tarixli qərarına əsasən Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan Vağzal küçəsinin (Qovlar-Dönük Qırıxlı yolunun) sağ tərəfində Gündəlik Təlabat mağazasının altında və ətrafında olan ümumi sahəsi 0,20 ha olan torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Qovlar qəsəbə sakini olan iddiaçının X8na 02 noyabr 2004-cü il tarixli “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi” ilə satılmış, atası isə köhnə məzənnə ilə 620000 manat torpaq haqqı ödəmişdir. Atasının mülkiyyətində olan mübahisə predmeti torpaq sahəsi dəmir çəpər ilə əhatə olunmuşdur. İçərisində iddiaçı tərəfindən əkilmiş və qulluq olunmuş ağaclar vardır. Atası X4 torpaq sahəsini və üzərində yerləşən qeyri-yaşayış binasına uzun illər qanuni sahiblik etməklə istifadə etmişdir. Tovuz rayonu Qovlar ərazi dairəsində yaşayan hər bir şəxs bilir ki, həmin torpaq sahəsi iddiaçının mərhum X8na məxsusdur. Atası X7 rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi 55 ünvanında yerləşən sahəsi 400 kv.m olan qeyri-yaşayış-binasını və 0.029 ha torpaq sahəsinin sənədləşmə işlərini tamamlayaraq həmin əmlaklar üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində 02 iyun 2017-ci il tarixdə qeydə aldırmış və bu hüquqların qeydiyyata alınmasına dair Seriya RX, ******* nömrəli “Çıxarış” verilmişdir. Lakin sonradan səhətində yaranmış problemlərlə əlaqədar müalicələr aldığından sənədləşmə ilə əlaqədar işlərini tamamlaya bilməmiş, 08 iyun 2020-ci il tarixdə isə vəfat etmişdir. Hal-hazırda atasından qalan mirası qəbul etmiş yeganə vərəsə iddiaçıdır. AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz Rayon şöbəsinin 523 saylı, 16 noyabr 2004-cü il tarixli rəyində X2 nəzərdə tutulan torpaq sahəsi 0,20 hektar olmaqla Qovlar Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə satılması qanuna müvafiq hesab edilmişdir. Sahibkarlıq məqsədi ilə atası X3 Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “X24 və Ölçüsü” tərtib edilmiş və X25 kitabında 26 noyabr 2013-cü il tarixdə 2225 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən «X24 və ölçüsü» qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə verilir. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 saylı Fərmanına əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə X24 və ölçüsünün tərtib edilməsi və verilməsini təmin etmək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. İddiaçı Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsi üzərində mərhum X8nun mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Reyestr Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin İdarədən aldığı **********04 saylı, 02 fevral 2021-ci il tarixli məktubda cavab olaraq bildirilmişdir ki, həmin ərazinin 852.8 kv.m-i Tovuz Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi sxematik plan əsasında ƏMDK tərəfindən 22 oktyabr 2018-ci il tarixdə 697 nömrəli alqısatqı müqaviləsi ilə Cavabdeh2 adına özəlləşdirilmiş və ərazi hasara alınmışdır. Qovlar bələdiyyəsi tərəfindən X5 0.20 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmişdir. 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən başqa bir müraciətə cavab olaraq aldığı **********82 saylı, 18 fevral 2021-ci il tarixli məktubda bildirilir ki, Seriya RX ******* nömrəli “Çıxarış”la ünvan 1 ünvanında Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə 23 noyabr 2018-ci il tarixində qeyri-yaşayış binası qeydiyyata alınmışdır. Həmin məktubda əlavə olaraq qeyd olunur ki, Seriya RX ******* nömrəli “Çıxarış” Tovuz RKCİ-nin idarə heyətinin 12 may 2014-cü il tarixli, 04 saylı protokol qərarından çıxarışa və keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 697 nömrəli, 22 oktyabr 2018-ci il tarixli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqısatqı müqaviləsinə əsasən verilmişdir. Belə olan halda Azərbaycan Respublikası Qovlar Bələdiyyəsinin 63 nömrəli, 02 noyabr 2004-cü il tarixli qərarını, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz Rayon şöbəsinin 523 saylı, 16 noyabr 2004-cü il tarixli Rəyini nəzərə alaraq “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi” qanunsuz olduğuna görə məhkəmə tərəfindən etibarsız hesab edilməli, həmçinin Seriya RX ******* nömrəli“Çıxarış” ləğv edilməlidir. Hal-hazırda mülkiyyətində olan mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq daş hasara alınmaqla tikinti işləri görülməyə başlanmışdır. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur. Hesab edir ki, aparılan qanunsuz tikililər cavabdehin öz hesabına sökülməlidir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X17 iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək digər məhkəmədə işi olduğundan hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bununla bağlı məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə, iclasın onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 Saylı Tovuz Ərazi İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək iş çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi 55 ünvanında yerləşən sahəsi 400.1 kv.m olan qeyri-yaşayış binası (0.029 ha torpaq sahəsi üzərində yerləşən) xx.xx.2017-ci il tarixdə iddiaçının X8nun adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Qovlar Bələdiyyəsinin 63 nömrəli, 02 noyabr 2004-cü il tarixli qərarına əsasən Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan Vağzal küçəsinin (Qovlar-Dönük Qırıxlı yolunun) sağ tərəfində Gündəlik Təlabat mağazasının altında və ətrafında olan ümumi sahəsi 0,20 ha olan torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Qovlar qəsəbə sakini olan iddiaçının X8na 02 noyabr 2004-cü il tarixli “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi” ilə satılmış, və torpağın dəyəri olaraq iddiaçının atası tərəfindən köhnə məzənnə ilə 620000 manat torpaq haqqı ödənilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının X8 08 iyun 2020-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 09 dekabr 2020-ci il tarixli şəhadətnamədən görünür ki, İddiaçı atasından qalan ƏMDK-nin yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X12 verilmiş **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında, 0.26 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 331.3 kv/m, yaşayış sahəsi 135.4 kv/m, yardımçı sahəsi 195.9 kv/m, 6 otaqlı olan fərdi yaşayış evindən torpaq sahəsindən və əlavə tikililərdən; ƏMDK-nin yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X12 verilmiş **********06-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi, 55 ünvanında, Dövlətə məxsus 0.029 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 362.5 kv/m olan 13 otaqlı qeyri-yaşayış binasından ibarət əmlaklara dair 4/4 hissədə pay almışdır. Verilmiş sorğuya əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında 697 nömrəli, 22 oktyabr 2018-ci il tarixli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi 55 ünvanındakı qeyri-yaşayış binasının altında yerləşən 852.8 kv.m olan torpaq sahəsi 4.300 manata sonuncuya satılmışdır. Tovuz RKCİ ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın ağlı-satqısı barədə 05 mart 2015-ci il tarixli AN-İ ******* saylı müqavilənin surətindən görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 223.8 kv.m olan qeyri-yaşayış binasını 800 manata almışdır. İş materiallarında olan 12 mart 2015-ci il tarixli RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən təyinatı anbar, ümumi sahəsi 223.8 kv.m olan qeyriyaşayış binasına dair Cavabdeh2 mülkiyyət hüququ rəsmiləşdirilmiş və həmin anbara dair 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən texniki pasport verilmişdir. İş materiallarında olan 23 noyabr 2018-ci il tarixli RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə qeyriyaşayış binası qeydiyyata alınmışdır. X9 təşkili üzrə Dövlət Agentliyi tərəfindən Tovuz rayonu Qovlar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 63 nömrəli qərarı məhkəmə qaydasında mübahisələndirildiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3162/2021 saylı 04 may 2021-ci il tarixli qərardadı ilə hazırkı mülki işin icraatı dayandırılmışdır. Məhkəmənin verdiyi sorğuya cavab olaraq Gəncə İnzibati Məhkəməsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Maraqlı şəxs1nə (üçüncü şəxs İddiaçı və Cavabdeh2) qarşı xx.xx.2004-cü il tarixli 63 nömrəli qərarın etibarsız hesab edilməsinə dair yekun məhkəmə aktı məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 01 fevral 2023-cü il tarixli 2-1(102)-45/2023 saylı qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında X9 təşkili üzrə Dövlət Agentliyi cavabdeh Maraqlı şəxs1nə qarşı iddia ərizəsi və sonrada iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 xx.xx.2004-cü il tarixli, 63 nömrəli qərarının etibarsız hesab olunmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-73/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(104)-402/2022 nömrəli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-73/2022 nömrəli qərarı ləğv edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında X9 təşkili üzrə Dövlət Agentliyinin cavabdeh Maraqlı şəxs1nə qarşı Maraqlı şəxs1 xx.xx.2004-cü il tarixli, 63 nömrəli qərarının etibarsız hesab olunması tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 01 fevral 2023-cü il tarixli 2-1(102)-45/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 2-1(104)-402/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli e- 2(011)-5/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-10/2023 saylı 13 sentyabr 2023-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 cavabdeh Maraqlı şəxs1nə (üçüncü şəxs İddiaçı) qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə iddiası təmin edilmiş, Tovuz rayonu Qovlar Bələdiyyəsinin 02 noyabr 2004-cü il tarixli 63 nömrəli qərarı ləğv edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-10/2023 saylı 13 sentyabr 2023-cü il tarixli qərarından üçüncü şəxs İddiaçı apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 fevral 2024-cü il tarixli 2-1(104)-142/2024 saylı qərardadı ilə üçüncü şəxs İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qərar ləğv edilmiş, iddiaçı Cavabdeh2 iddiası mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 fevral 2024-cü il tarixli 2- 1(104)-142/2024 saylı qərardadından iddiaçı Cavabdeh2 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 dekabr 2024-cü il tarixli 2-1(102)-1791/2024 saylı qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli e- 2(011)-5/2024 saylı qərardadı ilə hazırkı mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçının vəkilinin həmin qərardan verdiyi şikayət rədd edilmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Aapellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2024-cü il tarixli 2(103)-2837/2024 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli e-2(011)-5/2024 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinin surətindən görünür ki, Tovuz rayonu Qovlar Bələdiyyəsinin 02 noyabr 2004-cü il tarixli, 63 saylı qərarı ilə X5 torpaq sahəsinə dair koordinatlar müraciətə əlavə edilmədiyindən və həmin qərarda ayrılmış torpaq sahəsinin harada yerləşməsini əks etdirən plan, cizgi, sxem və s. göstərilmədiyindən qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmur. İddiaçı iddia etdiyi ərazi GPS ölçu aləti vasitəsi ilə ölçülmüş və 0.19 ha təşkil etmişdir. Baza məlumatlarına əsasən təqdim edilən ərazinin bir hissəsi Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi bir hissəsi isə Dövlət Mülkiyyətdin olan Ərazidir. Baza məlumatlarına əsasən Cavabdeh2 mülkiyyətində olan və onun adına verilmiş **********49-06301 nömrəli texniki pasportda qeyd olunan torpaq sahəsi (mübahisələndirilən ərazi) Cavabdeh2 mülkiyyətinə keçməmişdən əvvəl dövlət mülkiyyətində olmuşdur. Məhkəmə tərəfindən sözügedən torpaq sahəsinin hüquqi status olaraq kimin balansında olmasına dair müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı X10 (Azərittifaq) sorğu verilmişdir. Sorğuya cavab olaraq təqdim edilmiş 17 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Tovuz rayonunun Qovlar qəsəbəsində Vağzal küçəsində yerləşən sahəsi 60 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh2 satılmasına X16 xx.xx.2014-cü il tarixli 48 nömrəli qərarı ilə razılıq verilmişdir. Obyektin alqı-satqısı Tovuz Rayon Kooperativlər İttifaqının idarə heyəti tərəfindən həyata keçirilmişdir. Hər iki obyekt, X6 X20 mağazasının binası və Cavabdeh2 satılan qeyri-yaşayış binası sovetlər dövründə 1970-ci illərdə tikilib istifadəyə verilmişdir. Həmin obyektlərin tikintisi üçün Tovuz rayon XDS İcraiyyə Komitəsi tərəfindən ayrılan torpaq sahələri dövlətin balansında olmuşdur. Azərittifaqın tabeliyində olan kooperativ təşkilatların balansındakı əmlaklar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə xüsusi mülkiyyətdir. Azərittifaq Nizamnaməsinin 6.2.8 və 15.3.11-ci maddələrinə uyğun olaraq həmin əmlakların rayon kooperativ təşkilatları tərəfindən satılması üçün mütləq X16 müvafiq razılıq qərarı olmalıdır. Məhkəmə tərəfindən X11 adına verilmiş torpaq sahəsinin üzərində hansı tikililərin mövcud olması, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 26 noyabr 2013-cü il tarixdə X11 adına verilmiş X24 və ölçüsü ilə bağlı sənəddə əks etdirilən torpaq sahəsinin koordinatları ilə Cavabdeh2 mülkiyyətində olan və onun adına verilmiş **********49-06301 nömrəli texniki pasportda qeyd olunan ünvan 1 ünvanında yerləşən 852,8 kv metrlik torpaq sahəsinin koordinatlarının üst-üstə düşübdüşməməsi ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2024-cü il tarixli məlumatı ilə ekspert rəyinin verilməsindən imtina edilmişdir. Məhkəmə mütəxəssis rəyinin alınması üçün iş materiallarını mütəxəssisə təqdim etmiş, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 13 mart 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X12 ayrılmış 0.192 ha torpaq sahəsi üzərində bir ədəd iki mərtəbəli qeyri-yaşayış binası, iki ədəd bir mərtəbəli qeyri-yaşayış binaları və iki ədəd bir mərtəbəli yarımçıq tikililər mövcuddur. X12 ayrılmış 0.192 ha torpaq sahəsi ilə Cavabdeh2 məxsus 0.0852 ha torpaq sahəsinin koordinatları qismən üst-üstə düşür. Hər iki torpaq sahəsinin yerləşmə konfiqurasiyaları 7-ci səhifədəki sxemdə göstərilmişdir. Qırmızı rəngli kontur daxilində X12 DTvǝXK-nin verdiyi kadastr planı üzrə ayrılmış 0.192 ha torpaq sahəsi göstərilmişdir. Yaşıl rəngli kontur daxilində Cavabdeh2 **********46-06301 nömrəli reyestr üzrə məxsus olan 0.0852 ha torpaq sahəsi göstərilmişdir. 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi rəyə əsasən X12 ayrılmış 0.192 ha torpaq sahəsi baza məlumatlarında Dövlət mülkiyyəti kateqoriyasındadır. Eyni zamanda Cavabdeh2 məxsus olan 0.0852 ha torpaq sahəsi də mülkiyyəinə keçməzdən əvvəl Dövlət mülkiyyəti kateqoriyasında olmuşdur. X12 məxsus Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi 55 ünvanında yerləşən 400.1 kv.m sahədən ibarət qeyri-yaşayış binasının çıxarışından da göründüyü kimi torpaq sahəsi Dövlət mülkiyyəti kateqoriyasındadır və yalnız 0.029 ha tikili altı topaq sahəsi istifadəsinə verilib. Bütün göstərilənlər bunu deməyə əsas verir ki, X12 DT və XKnin verdiyi kadastr planı Tovuz rayonu, Qovlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 36 saylı qərarına əsasən verilməyinə baxmayaraq sözügedən 0.192 ha torpaq sahəsi Bələdiyyə mülkiyyətində olmayıb. Maraqlı şəxs1 tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli arayışla 2007-ci ildə Kadastr idarəsi tərəfindən tərtib edilmiş sənəddə tarix və qərarın səhv olaraq qeyd edilməsinin texniki səbəblərdən baş verməsi göstərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş hesab fakturadan görünür ki, tədqiqatın dəyəri 600 manat müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Qovlar Bələdiyyəsinin 63 nömrəli, 02 noyabr 2004-cü il tarixli qərarına əsasən mərhum atası X3 mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi 55 ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə dair Cavabdeh2 ilə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi arasında olan 697 nömrəli, 22 oktyabr 2018-ci il tarixli “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqısatqı müqaviləsi”nin etibarsız hesab edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, araşdırma zamanı cavabdeh tərəf iddiaçının belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün hüququnun olmadığını, iddiaçının hüquqmüəyyənedici sənədinin özünün qüsurlu olduğunu, iddiaçıya verilmiş sənədin səlahiyyəti olmayan orqan tərəfindən verildiyini əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir. Hazırkı işin gedişatı zamanı Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi 55 ünvanında yerləşən torpaq sahəsinin kimin balansında olması araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçının atasına ayrılan torpaq sahəsinin verilməsinə əsas olan bələdiyyə qərarı məhkəmələrdə mübahisə predmeti olmuş və Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 01 fevral 2023-cü il tarixli 2-1(102)-45/2023 saylı yekun qərarı ilə Maraqlı şəxs1 02 noyabr 2004-cü il tarixli 63 nömrəli qərarının etibarsız hesab olunması tələbinə dair iddia mümkün sayılmamışdır. Əsas olaraq həmin qərarın mübahisələndirmə müddətinin ötməsi qeyd olunmuşdur. Ali Məhkəmənin işin baxışı zamanı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki: “...Bununla bağlı hazırkı mübahisəyə münasibətdə nəzərə almaq lazımdır ki, mübahisəli torpaq sahəsinin bələdiyyə aid olduğu həmin dövrdə torpaq qanunvericiliyinin, o cümlədən torpaq sahələrinin ayrılması üzrə qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət edən və bu sahədə dövlət idarəçiliyini həyata keçirən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən təsdiq olunmuş və bu barədə müvafiq rəy verilmişdir. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi X1 məqsədilə torpaq sahəsinin satılması barədə sənədlərə rəy verərək bildirmişdir ki, X2 nəzərdə tutulan torpaq sahəsi 0,20 hektar olmaqla Qovlar bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. Göründüyü kimi, həmin dövrdə səlahiyyətli olan icra hakimiyyəti orqanı, yəni Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi iddiaçıya ayrılmış torpaq sahəsinin bələdiyyəyə məxsus olduğunu, kənd təsərrüfatına yararsız olduğunu və torpaq sahəsinin satılmasının qanuna uyğun olduğunu qeyd etmişdir. Qərar qəbul edərkən bələdiyyə həmin rəyi nəzərə almış və ona uyğun davranmışdır. Bu baxımdan həmin vaxt səlahiyyətli orqan olan dövlət qurumunun verdiyi rəy mötəbər hesab edilməli və mübahisəli torpaq sahəsinin bələdiyyəyə məxsus olduğu qəbul edilməlidir. Odur ki, hazırkı mübahisəyə münasibətdə qeyd olunan məzmunda iddia qaldırmağa iddiaçının subyektiv hüququ mövcud deyildir.” Göründüyü kimi Ali Məhkəmənin qərarı ilə bələdiyyənin isitnad olunan dövr üçün torpağın üzərində sərəncam vermək üçün hüququ olduğu müəyyən edilmiş və bu əsasla Əmlak Komitəsinin subyektiv hüququnun olmadığı müəyyən edilmişdir. İstinad olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının atasına ayrılmış torpaq sahəsi ona qanuni əsaslarla ayrıldığı, həmin torpaq sahəsinin üzərində bələdiyyənin sərəncam vermək hüququnun tanındığı nəzərə alınmaqla ona ayrılmış torpaq sahəsinin iddiaçının atasına və ya ondan sonra varislərə təklif edilmədən birbaşa cavabdeh olan Cavabdeh2 satılması qanuna uyğun deyildir. Araşdırma zamanı təyin olunmuş ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 satılan torpaq sahəsi ilə iddiaçının atasına ayrılmış torpaq sahəsi üst-üstə düşməklə eynilik təşkil edir. Odur ki, rəsmiləşdirilən 697 nömrəli, 22 oktyabr 2018-ci il tarixli “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqısatqı müqaviləsi” etibarsız hesab edilməlidir. Məhkəmə araşdırması zamanı Cavabdeh2 vəkili vəsatət verərək bildirmişdir ki, iddiaçı Tovuz rayonu Qovlar bələdiyyəsinin 02 noyabr 2004-cü il tarixli, 63 saylı qərarı ilə satıldığını qeyd etmişdir. Lakin onun məhkəməyə təqdim etdiyi plan-ölçü sənədində həmin torpaq sahəsinin Tovuz rayonu Qovlar Bələdiyyəsinin 28 mart 2007-ci il tarixli, 36 saylı qərarı əsasında verildiyi qeyd olunmuşdur. Bundan başqa, Tovuz rayonu Qovlar bələdiyyəsinin 02 noyabr 2004-cü il tarixli, 63 saylı qərarında X12 ayrılan torpaq sahəsinin 0,20 ha olduğu qeyd olunmuşdur. Həmin Bələdiyyənin 28 mart 2007-ci il tarixli, 36 saylı qərarı əsasında X12 ayrılmış torpaq sahəsinin plan-ölçü sənədində isə ona ayrılmış torpaq sahəsinin 0,192 ha olduğu qeyd olunmuşdur. Görünüyü kimi, X12 torpaq sahəsinin ayrılmasına dair Tovuz rayon, Qovlar bələdiyyəsinin 02 noyabr 2004-cü il tarixli, 63 saylı və 28 mart 2007-ci il tarixli, 36 saylı 2 qərarı mövcuddur və həmin qərarlarda göstərilən torpaq sahələrinin ölçüləri də fərqlidir. Bundan başqa, Tovuz rayon, Qovlar bələdiyyəsinin 28 mart 2007-ci il tarixli, 36 saylı qərarı əsasında tərtib edilmiş plan-ölçü sənədinin surəti iddiaçı tərəfindən məhkəməyə təqdim olunsa da, Bələdiyyənin 28 mart 2007-ci il tarixli, 36 saylı qərarı məhkəməyə təqdim olunmamışdır. Məhkəməyə təqdim olunan plan-ölçü sənədi isə ksero surətdən ibarətdir. Həmin plan-ölçü sənədinin əsli, yaxud notarial qaydada təsdiq olunmuş surəti isə məhkəməyə təqdim olunmamışdır. Həmin plan-ölçü sənədinin əslinin mövcud olub–olmadığı məlum deyildir. İstinad olunan vəsatətə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli arayışla vəsatətdə istinad olunan sənədlərdə olan yanlışlığa münasibətdə aydınlıq gətirilmiş və 2007-ci ildə Kadastr idarəsi tərəfindən tərtib edilmiş sənəddə tarix və qərarın səhv olaraq qeyd edilməsinin texniki səbəblərdən baş verməsi göstərilmişdir. Məhkəmə iddia tələbinin müqavilə əsasında Cavabdeh2 verilmiş Seriya RX ******* nömrəli “Çıxarış”ın ləğv edilməsi və həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən aparılmış tikililərin sonuncunun öz hesabına sökülməsi hissəsinə qiymət verərək hesab edir ki, iddianın bu hissəsi yuxarıda qeyd edilən ilkin tələbdən irəli gəldiyindən, məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi 55 ünvanında yerləşən torpaq sahəsini mübahisələndirsə də hazırkı iş materiallarından görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə dair Cavabdeh2 çıxarış verilmişdir. Odur ki, məhkəmə qeyd olunan hala texniki səhv olaraq qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, yuxarıda istinad edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 ilə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi arasında olan 697 nömrəli, 22 oktyabr 2018-ci il tarixli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh2 verilmiş 23 noyabr 2018-ci il tarixli RX ******* nömrəli çıxarış ləğv edilməli, ünvan 3 ünvanında yerləşən torpaq sahəsində Cavabdeh2 tərəfindən aparılmış tikililər onun hesabına sökülməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Keçirilmiş mütəxəssis tədqiqatının dəyəri 600 manat müəyyən edilmiş və həmin məbləğ İddiaçı tərəfindən ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli mütəxəssis tədqiqatının dəyəri olan 600 manat Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Qovlar Bələdiyyəsinin 63 nömrəli, 02 noyabr 2004-cü il tarixli qərarına əsasən X3 Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi 55 ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə dair Cavabdeh2 ilə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi arasında olan 697 nömrəli, 22 oktyabr 2018-ci il tarixli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 verilmiş 23 noyabr 2018-ci il tarixli RX ******* nömrəli çıxarış ləğv edilsin. ünvan 3 ünvanında yerləşən torpaq sahəsində Cavabdeh2 tərəfindən aparılmış tikililər onun hesabına sökülsün. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 600 (altı yüz) manat Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-4/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4/2025
17.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver