Məhkəmə qərarları › İş №e-2(011)-4001/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4001/2022

25.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4001/2022 25.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Rəhimli Lalə Elxan qızı – Ərizəçi “döyüş əməliyyatlarında iştirak etməsi faktının təsdiq edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyində könüllü əsgər olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsində məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin siyahısı verilmişdir. Həmin işlərə: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi daxildir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 aprel 2019cu il saylı, 03 saylı qərarının 14-cü bəndinə əsasən, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi, qanunvericilikdə şəxsin döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən olunması nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir.Ərizəçi həmçinin, ölüm haqqında şəhadətnamənin verilməsini xahiş edir. Məhkəmə bununla bağlı ərizəçiyə izah edir ki, onun müvafiq tələblə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi “döyüş əməliyyatlarında iştirak etməsi faktının təsdiq edilməsi” barədə ərizəsi, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardad və iddia ərizəsinə əlavə olunmuş sənədlər ərizəçiyə rəsmi qaydada verilsin. Ərizəçiyə izah olunsun ki, ərizəni qəbul etməkdən imtina edilməsi həmin predmet barəsində və həmin əsaslarla yenidən ərizə ilə məhkəməyə müraciət etməsinə mane olur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lalə Rəhimli İş № e-2(011)-4001/2022 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 25 may 2022-ci il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Rəhimli Lalə Elxan qızı, Ərizəçi “hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 11:30-da başlandı. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 11:45-də qurtardı. Protokol 25 may 2022-ci il tarixdə tərtib edilmişdir. Hakim: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar