Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4040/2022 06.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili, Cavabdeh3 vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər 18 saylı Notariat Ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsəlik şəhadətnaməsinin qismən ləğv edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər 18 saylı Notariat Ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsəlik şəhadətnaməsinin qismən ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən 77/2020 nömrəli vərəsəlik işi üzrə verilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin qismən ləğv edilərək, X3 vərəsələri Cavabdeh2, Cavabdeh3 və İddiaçı hər birinin 1/3 hissədə irs alması barədə yeni şəhadətnamənin verilməsinin cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 18 saylı Notariat Ofisində açılmış 77/2020 saylı vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi ilə Mülki Məcəllənin 1159cu maddəsinə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri Cavabdeh2 2/4 hissədə, Cavabdeh3 1/4 hissədə irs almaları, digər vərəsə kimi onun 1/4 hissədə payının açıq qalması müəyyən edilmişdir. Notarius tərəfindən miras əmlak üzərində vərəsələrin payı düzgün müəyyən edilməmişdir. Belə ki, DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X5 verilmiş **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, kvartal 52, 8 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0,05931 ha olan torpaq sahəsindən ibarət miras əmlak vərəsələrdən biri olan Cavabdeh2 ilə X3 birgə təsərrüfat zamanı əldə edilmiş əmlak kimi qiymət verilərək onun qeyri-bərabər 2/4 hissədə payı tanınaraq vərəsəlik şəhadətnaməsi verilmişdir. Halbuki, şəhadətnamə verilən miras əmlak vəfat etmiş X6 ilə Cavabdeh2 birgə nikahı zamanı əldə etdikləri pul vəsaiti hesabına əldə edilməmişdir. Həmin əmlak 1988-ci il il tarixli Sərəncama əsasən verilmiş və X6 ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri qazanc hesabına alınmamışdır. Ona görə də, miras əmlak vərəsələr arasında bərabər bölünərək hər vərəsə 1/3 hissədə irs almalıdır. Cavabdeh2 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki:
1. Mübahisələndirilən daşınmaz əmlak ərinin mülkiyyətinə onunla evlilik dövründə keçib və əsası vərəsəlik və bağışlama olmadığına görə, onun varis olmaqdan əlavə, mərhumun arvadı kimi də hüquqları olub.
2. İddiaçı qanunla müəyyən edilmiş qaydada vərəsəlik qəbul etməyib və istər vərəsəliyin rəsmiləşdirilməsi, istərsə də iddia qaldırılması baxımından hesab edir ki, müddəti ötürüb və müddətin tətbiq edilməsilə iddianın təmin edilməməsini xahiş edir.
3. İddiaçı 1988-ci ilin sənədinə istinad edir. Həmin sənədlə mülkiyyət hüququ yaranmamışdır. Mülkiyyət hüququ onun birgə nikahı dövründə yaranmışdır.
4. İddiaçı notariusun hərəkətindən (miras payı düz bölməmək) şikayət edir. Notariusun miras payı bölməsi onun publik səlahiyyətindən irəli gəlir. Publik səlahiyyətin düzgün həyata keçibkeçməməsinin mübahisəiəndirilməsi isə mülki yox, inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin hesab edir ki, notarius mülkiyyət hüququnun yaranma anını və daşınmaz əmlakın reyestri məlumatlarının həqiqiliyi prezunpsiyasını rəhbər tutraq, ona mirasdan çox pay verməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verib təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili, Cavabdeh3 vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh 18 saylı Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh 18 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materaillarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Lenin rayonu X1 İcrayyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 14/19 saylı Qərarının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, kvartal 52, 8 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0,05931 ha olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X5 ayrılmışdır. İş materiallarında olan Vİİ-ЖГ seriyalı, 372801 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh2 arasında nikah Bakı şəhəri, Xətai rayon Qeydiyyat şöbəsində xx.xx.1999-cu il tarixdə 477 nömrəli aktla qeydiyyata alınmışdır. İş materiallarında olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, kvartal 52, 8 saylı sahə xx.xx.2014-cü il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 184687 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizələrin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri 18 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.2020-ci ildə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X3 vərəsələri - Cavabdeh2 miras əmlakdan 2/4 hissədə və Cavabdeh3 miras əmlakdan 1/4 hissədə irs almalıdırlar. Digər vərəsə İddiaçı 1/4 hissədə payı açıq qalır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, kvartal 52, 8 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0,05931 ha olan torpaq sahəsindən ibarətdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Bakı şəhəri 18 saylı Notariat Ofisinin notariusu X4 tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-85 nömrə ilə qeyd edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinin tələblərinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2, 32.2.1 və 32.2.2-ci maddələrinin tələbinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il Qərarında göstərmişdir ki, “Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 3-cü maddələrinin məzmununa görə isə mənzillər (evlər) əvəzsiz (pulsuz) olaraq şəxsi mülkiyyətə keçirilir. Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər-arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ərarvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz... qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir... Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı toplanılmış sübutların məcmusu ilə mirasqoyan X2 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, kvartal 52, 8 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0,05931 ha olan torpaq sahəsinin miras qalması, Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən, miras əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilərək, arvadı - Cavabdeh2 2/4 hissədə, oğlu- Cavabdeh3 1/4 hissədə irs alması, digər vərəsə– qızı İddiaçı 1/4 hissədə payı açıq qalması müəyyən edilmişdir. Halbuki, birincisi, mübahisəli daşınmaz əmlak birgə nikah dövründə əvəzli əqd əsasında ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmamışdır. Digər tərəfdən isə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, mübahisəli miras əmlak birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, qanunun tələbləri və iddiaçının hüquqları pozulmuşdur. Ona görə də, iddia tələbi təmin edilməlidir. Bundan əlavə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, kvartal 52, 8 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0,05931 ha olan torpaq sahəsi mirasqoyanın ölümündən sonra İddiaçı tərəfindən qəbul edilmiş, hal-hazırda da onun istifadəsindədir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən 77/2020 nömrəli vərəsəlik işi üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, kvartal 52, 8 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0,05931 ha olan torpaq sahəsinə dair verilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə qismən ləğv edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, kvartal 52, 8 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0,05931 ha olan torpaq sahəsinə dair mirasqoyan X3 vərəsələri- Cavabdeh2, Cavabdeh3 və İddiaçı hər birinin 1/3 (üçdə bir) hissədə irs alması barədə yeni “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Sərdar Mehrəliyev