Məhkəmə qərarları › İş №e-2(011)-4069/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4069/2025

25.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4069/2025 25.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh2 qarşı mirasın qəbul ediləsi müddətinin uzadılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi və dəlilləri İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh2 qarşı İddiaçı mərhum anası X3 qalmış miras əmlakın qəbul edilməsi müddətinin üzrlü səbəbdən ötürülməsinə görə uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı anası X6 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Mərhum vəfat etdikdən sonra qızı onun vərəsəsi olduğunu düşündüyü və bununla bağlı qanunvericiliyin tələblərindən xəbərdar olmadığı üçün notariusa müraciət edərək vərəsəlik şəhadətnaməsi əldə etməmişdir. Belə ki, X9 vəfat etməzdən öncə xx.xx.2017-ci il tarixində qızına, hazırki işdə iddiaçıya notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə təqdim etdiyi üçün faktiki olaraq onun vərəsəsi olması qənaətində olub. Vəsiyyətnamənin məzmununda qeyd edilir ki, “mən X2 rayonu Timiryazev kəndində yerləşən 0.51 hektar torpaq sahəsində (bundan sonra – Torpaq sahəsi) öz payıma çatan sahəni İddiaçı vəsiyyət edirəm”. Mərhumun ailəsində iddiaçıdan başqa birinci dərəcəli vərəsə qismində mərhumun həyat yoldaşı Cavabdeh2 var və iddiaçının anasının qanuni vərəsəsi kimi tanınmasına və iddiaçının adına vərəsəlik şəhadətnaməsi verilməsinə hər hansı etirazı yoxdur. Bununla bağlı xx.xx.2025-ci il tarixində Bakı şəhəri 6 saylı Notariusa müraciət etmiş və atasının qanuni vərəsəsi kimi etirazı olmadığına dair ərizə təqdim etmişdir. Bakı şəhəri 6 saylı Notarius tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixində 372 nömrəli məktub təqdim edərək müddətin buraxıldığı bildirilmiş və yalnız müddət məhkəmədə bərpa edildikdən sonra yenidən notariusa müraciət edərək vərəsəlik şəhadətnaməsinin verilə biləcəyi bildirilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazı: Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: AZ-İ № 998252 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2019cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə, 372 nömrə ilə qeyd edilmişdir. АЗ № ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1969cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh2, anası X5r. xx.xx.2003-cü il tarixli, JN-401 saylı, Kod 30304048 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Quba rayonu, Timiryazev kəndind\n yerləşən 0.51 ha torpaq sahəsi Cavabdeh2 və onun ailə üzvləri İddiaçı, İddiaçı verilmişdir. 10 yanvar 2017-ci il tarixli, 2V-22 saylı vəsiyyətnamədən görünür ki, İddiaçı ona məxsus Quba rayonu, Timiryazev kəndində yerləşən 0.51 ha torpaq sahəsinin ona çatan hissəsini Bakı şəhəri, N.Rəfiyev küçəsi, ev 14, 303A saylı mənzildə yaşayan İddiaçı vəsiyyət etmişdir. İddianın hüquqi əsasını təşkil edən normativ hüquqi aktlar Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1166. Vəsiyyət anlayışı Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1167. Vəsiyyət edə bilən şəxs Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Maddə 1168. Vəsiyyətnamənin şəxsən vəsiyyət edən tərəfindən tərtibi Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Maddə 1179. Notariat forması 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1247. Mirasın qəbul edilməsinin xüsusi müddəti Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Maddə 1248. Mirasın qəbul edilməsi vaxtının uzadılması 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, miras qoyan X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Quba rayonu, Timiryazev kəndində yerləşən 0.51 ha torpaq sahəsi X3 miras qalmışdır. X6 miras əmlakı olan Quba rayonu, Timiryazev kəndində yerləşən 0.51 ha torpaq sahəsinin ona çatan hissəsini qızı, mülki iş üzrə İddiaçı vəsiyyət etmişdir. Lakin iddiaçı miras əmlakın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə hesab edir ki, İddiaçı vərəsəlik hüququ miras qoyan X4 ölümü nəticəsində mirasın açılması ilə yaranmış, həmin gündən miras əmlak vərəsə əmlakının müvafiq olaraq aktivinə daxil olmuşdur. Odur ki, mirasın açılması ilə İddiaçı artıq yaranmış olan vərəsəlik hüququnun qanunvericliklə müəyyən edilmiş müddət çərçivəsində notariat qaydasında rəsmiləşdirilməməsi əsası ilə xitam olunması şəxsin Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). O da nəzərə alınmalıdır ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, X1 miras qalan Quba rayonu, Timiryazev kəndində yerləşən 0.51 ha torpaq sahəsinin ona çatan hissəsinin vərəsə İddiaçı tərəfindən qəbul edilmə müddəti buraxılması səbəbi üzrlü hesab edilərək uzadılmalıdır. Yuxarıda qeyd edilənləri və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. X1 miras qalan Quba rayonu, Timiryazev kəndində yerləşən 0.51 ha torpaq sahəsinin ona çatan hissəsinin vərəsə İddiaçı tərəfindən qəbul edilmə müddəti buraxılması səbəbi üzrlü hesab edilərək uzadılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar