Məhkəmə qərarları › İş №e-2(011)-4187/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4187/2024

28.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4187/2024 28.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Binəqədi rayonu, Gülüstan qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evimə (kod: **********00000) əsassız olaraq hesablanmış 3162,24 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müadfiə edərək izahatında bildirmişdir ki, iddiaçı Binəqədi rayonu, Gülüstan qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evində (əsasən yaz-yay aylarında) yaşayır. Cavabdeh ilə münasibətləri tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən tənzimlənir. Münasibətlər müqavilə üzrə tənzimləndiyindən Cavabdeh tərəfindən adına **********00000 nömrəli abunə hesabı açılmışdır. Evə xx.xx.2018-ci il tarixdə smart kart tipli ön ödənişli sayğac quraşdırılmış, xx.xx.2023-cü il tarixdə isə smart kart tipli ön ödənişli qaz sayğacı mexaniki tipli sayğac ilə əvəz edilmişdir. Müqavilə imzalandıqdan bu yana istifadə etdiyi qazın dəyərini daim vaxtı vaxtında ödəmişdir, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya münasibətdə ******* saylı akt tərtib edilmiş lakin iddiaçının bu aktın yazılmasından xəbəri olmamışdır. Bu hal iddiaçıya məlum olduqdan sonra, məsələnin aydınlaşdırılması məqsədilə cavabdehin inzibati binasına yollanmış oradan isə başqa idarəyə yönləndirilmişdir. Həmin idarədə olanda cavabdehin əməkdaşları guya iddiaçının qazdan kənar xəttdən istifadə etməyi nəticəsində 26352 kub metr qaz itkisinə yol verdiyini və dəymiş ziyana görə 3162,24 manat məbləğində cərimə borcu hesablandığını bildiriblər. Smart sayğaca və abonent saldosundakı ödənilmiş vəsaitlərə baxdıqda iddiaçının daima istifadə etdiyi qazın dəyərini ödədiyini aydın görmək olur. 3162,24 manat məbləğdə cərimənin hesablanmasına əsas olmuş sənədlərə baxdıqda isə bir daha cavabdeh təşkilatın necə işlədiyini yəqin etmək olur. Tərtib edilmiş ******* saylı saxta aktdan da göründüyü kimi iddiaçının evində olmayan qaz avadanlıqları (qeyri-standart su qızdırıcısı və radiator) aktda qeyd edilmiş hələ bu azmış kimi cərimə geriyə 12 saat olmaqla, 360 gün müddətinə hesablanmışdır. Bundan başqa cərimə aktına guya etdiyi qanunsuz qoşulmanın fotoşəkili əlavə olunmuşdur. Bu fotoşəkilin iddiaçının evi ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh təşkilat tərəfindən tərtib edilmiş saxta aktın kim tərəfindən və nə zaman tərtib edildiyi barədə məlumatı olmamışdır. Digər tərəfdən aktın özünə baxdıqda belə məlum olur ki, cavabdeh saxtakarlığa yol vermiş və həqiqətə uyğun olmayan halı əsas gətirərək iddiaçıya cərimə hesablamışdır. Aktda qeyd edilən hesablama qaydasının hansı qanuna və ya hüquqi akta əsaslanaraq aparıldığı məlum deyil. Cavabdeh təşkilat öz mülahizəsinə uyğun heç bir qanuna əsaslanmadan əsassız borc hesablamışdır. Aktlar tərtib edilərkən əgər ididiaçının təqsiri var idisə o zaman iddiaçının və ya hər-hansı hal şahidinin iştirakı təmin edilməli idi. Göründüyü kimi cavabdeh təşkilat öz qanunsuz hərəkətlərini gizlətmək üçün iddiaçıya və ya digər ailə üzvlərimə məlumat vermədən saxta akt tərtib etmiş ve heç bir hüquqi əsası olmadan qaz hesabına borc yükləmişdir. Aktı yalnız cavabdehlərin əməkdaşları imza etmişdir. Cavabdeh dəymiş ziyan aktını Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 2006-cı ildə 55 nömrəli əmri ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na uyğun hesablamışdır. Baxmayaraq ki, həmin qaydalar nazirliyin 31 yanvar 2011-ci il tarixli 8 nömrəli əmri ilə qüvvədən düşmüşdür. Bundan əlavə qaz paylayıcısının səlahiyyətli nümayəndələri hər ay mütəmadi olaraq yaşadığı ünvanda quraşdırılmış mexaniki sayğacdan sayğac göstəricilərinin götürülməsi məqsədilə il ərzində dəfələrlə həmin ünvanda (ərazidə) olmuş və onlar tərəfindən sayğacdan kənar xəttin olması faktı (halı) aşkar edilməmişdir. Göründüyü kimi X2 Nazirlər Kabinetinin qərarlarına, mövcud qanunlara və normativ hüquqi aktlara əsaslanmadan həmçinin qanunvericiliyə məhəl qoymadan öz bildiyi kimi hərəkət edir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus **********00000 abonent kodu üzrə “Mənzilə baxış zamanı abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifa etdiyi aşkarlandı” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus **********00000 abonent koduna xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə hesabat aparılmış və hesablanmış 26352 m3 həcmində qazın məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus Bakı, Binəqədi, Gülüstan ünvanı üzrə **********00000 saylı abonent hesabına Qalıq və aktlar” qrafasında 02/2024-cü il tarixi üzrə 3162,24 manat borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/905 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat nəticəsi kimi “tədqiqata təqdim edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilmədi” göstərilmişdir. Ekspert rəyinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-trasoloji ekspertizasının dəyəri 110 manat təşkil etmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Binəqədi rayonu, Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış **********00000 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı “Mənzilə baxış zamanı abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifa etdiyi aşkarlandı” əsasları ilə aktlar tərtib olunmuş və həmin aktlar nəticəsində abonentin - iddiaçının **********00000 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 02/2024-cü il tarixi üzrə 3162,24 manat borc yazılmışdır, hazırda həmin borc məbləği iddiaçıdan tələb edilir. Bununla belə, iddiaçı tərəfindən təbii qaz sayğacına müdaxilə olunması, sayğacda yaranmış nasazlıqla bağlı onun təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, əvvəla, AKT əsasında “Qalıq və aktlar” qrafasında 02/2024cü il tarixi üzrə 3162,24 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən, iddiaçı tərəfindən kənar qoşulmanın olmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir, ikincisi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır, üçüncüsü, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının abonent koduna hesablanmış 3162,24 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol veril-miş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00000) itirilmiş qazın bərpası məqsədilə yazılmış 3162,24 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, məhkəmə xərcləri məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırkı iddia tam təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddia tələbinin həcmi (3162,24 manat) nəzərə alınmaqla cavabdehdən dövlət mədaxilinə 51,63 manat məbləğində dövlət rüsumu tutulmalı və məhkəmə-trasoloji ekspertizası tədqiqatının dəyərini təşkil edən 110 manat cavabdehə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00000 saylı abonent hesabına Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 3162 (üç min yüz altmış iki) manat 24 (iyirmi dörd) qəpik məbləğində borc silinsin. Cavabdehndən 51 (əlli bir) manat 63 (altmış üç) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Cavabdehndən məhkəmə-trasoloji ekspertizası tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar