Məhkəmə qərarları › İş №e-2(011)-424/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-424/2023

23.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-424/2023 23.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. ünvan 1 ünvanında yerləşən mənzil üzrə **********00010 saylı abonent kodu ilə iddiaçının bibisi Qızyetər Əlimərdan qızının adına qeydiyyata alınmışdır. Qızyetər Əlimərdan qızı xx.xx.1989-cu ill tarixdə ölmüşdür. İddiaçının bildiridiyinə görə bibisi öləndən sonra mənzildə atası Əlipaşa Paşayev yaşamışdır. Əlipaşa Paşayev xx.xx.2022ci il tarixdə ölmüşdür.

2. Cavabdeh tərəfindən iddiaçının yaşadığı mənzil üzrə 2011-ci il tarixdə 1 dəfə, 2012-ci il tarixdə 5 dəfə, 2018-ci il tarixdə 2 dəfə, 2019-cu il tarixdə 1 dəfə və 2020-ci il tarixdə 5 dəfə akt tərtib edilmişdir. İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-i il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktlarda sayğacdan kənar xətt vasitəsilə qazdan qeyri-qanuni istifadə edilməsi barədə qeyd aparılmaqla, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 2011-ci il üzrə ümumilikdə 386 m3, 2012-ci il üzrə ümumilikdə 3369 m3, 2018-ci il üzrə ümumilikdə 14544 m3, 2019-cu il üzrə ümumilikdə 972 m3 və 2020-ci il üzrə ümumilikdə 19267 m3 olması müəyyən edilmişdir.

3. Həmçinin, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2011-ci il üzrə cəmi 37,8 manat, 2012-ci il üzrə cəmi 336 manat, 2018-ci il üzrə cəmi 2426,4 manat, 2019-cu il üzrə cəmi 907,2 manat və 2020-ci il üzrə cəmi 1758,2 manat borcunun olması qeyd olunmuşdur.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdeh tərəfindən ona hesablanmış 7999,15 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yuxarıda qeyd edilən ünvanda mənim bibisi Qızyetər Əlimərdan qızı yaşamış, həmin ünvana dair abonent kodu bibisinin adına açılmış, lakin bibisi 16 mart 1989-cu ildə ölsə də, abonent kodu onun adında qalmışdır. Bibisi öldükdən sonra həmin evdə X1 yaşamış, sonradan qeyd edilən yaşayış evinə cavabdeh tərəfindən həmin evə dair **********00000 saylı abonent kodu açılmış, atasının yaşadığı evdə Smart-kart tipli sayğac quraşdırılmışdır. X1 24 iyul 2022-ci ildə ölmüş, o vaxta qədər ondan qazın dəyərinə görə pul tələb edilməmiş, atasının da cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu olmamışdır. Atası öləndən sonra o, həmin evdə yaşamağa başlamış, lakin sonradan həmin evin qaz xəttinə dair müqavilənin öz adına keçirilməsini istədikdə, cavabdeh tərəfindən ona 7099,15 manat borcun olması bildirilmişdir. Bundan sonra o, cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla atasına yazılmasını öyrənmək istəmiş, cavabdeh ona qazdan qanunsuz istifadə etməsi ilə əlaqədar atasının barəsində “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktların tərtib edilməsini və həmin aktlara əsasən atasına dəymiş ziyan hesablanaraq istehlakçı hesabına daxil edilməsini və edəcəyi ödənişlərdən hissə-hissə tutulması üçün smart payment kartına yönləndirilicəyini bildirmişdir. Cavabdeh tərəfindən ona təqdim edilmiş 30 dekabr 2019-cu il tarixli ******* nömrəli Aktda “mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunması göstərilmişdir. 30 yanvar 2020-ci il tarixli ******* nömrəli Aktda “mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunması göstərilmişdir. 28 fevral 2020-ci il tarixli ******* nömrəli Aktda “mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunması göstərilmişdir. 30 mart 2020-ci il tarixli ******* nömrəli Aktda “mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunması göstərilmişdir. 08 iyun 2020-ci il tarixli ******* nömrəli Aktda “mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunması göstərilmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasında iştirak etməmişlər.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

8. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

9. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

1. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

2. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

3. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

4. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

5. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

6. Maddə 4.6. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

7. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

8. Maddə 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

İşə baxan məhkəmənin mövqeyi:

9. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

10. Belə ki, işin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış pul iddiaçıdan tələb edilmişdir.

11. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, aktlar iddiaçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır.

12. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halın sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halın doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir.

13. Bundan başqa, cavabdeh aktlar əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

14. Həmçinin, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 3-16- 16/2-3/1286 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən tətqiqata təqdim edilmiş qaz sayğacının və ona borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə, iz aşkar edilməmişdir.

15. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.

16. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı borcun iddiaçıdan tələb etməsi əsassızdır.

17. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı 7099,15 manat məbləğində borcun silinməsini tələb etsə də, yuxarıda şərh edilənlərdən və işin hallarından da görünür ki, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində borc kimi yalnız 2011-ci il üzrə 37,80 manat, 2012-ci il üzrə 314,60 manat, 2018-ci il üzrə 2426,40 manat, 2019-cu il üzrə 907,20 manat, 2020-ci il üzrə 1758,20 manat olması göstərilmişdir. İddiaçı isə qalan 1654,45 manat məbləğində borcun silinməsinə əsas ola biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi yalnız 5444,70 manat borcun silinməsi hissəsində təmin edilməlidir.

18. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu və ekspertiza xərci cavabdehdən tutulmalıdır.

19. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 74,44 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00010) dair İddiaçı hesablanmış 5444,70 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 74,44 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 64 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar