Məhkəmə qərarları › İş №e-2(011)-4372/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4372/2022

27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4372/2022 27.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Mehrəliyev Sərdar Bəşərəddin oğlu İddiaçı MMC-nin cavabdehlər Əhmədova (Gülməmmədova) Arzu Əli qızına və Cavabdeh1 qarşı “pul tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-nin cavabdehlər Əhmədova (Gülməmmədova) Arzu Əli qızına və Cavabdeh1 qarşı “pul tələbinə dair” kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən alqı-satqı müqaviləsi üzrə 340 manat əsas borc, 102 manat məbləğində dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 472 manat pul məbləğinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 ilə cavabdeh Əhmədova (Gülməmmədova) Arzu Əli qızı arasında xx.xx.2019-cu il tarixli, STN07-0037 saylı alqı-satqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Texnoplus mağazasından cavabdeh 1020 manat dəyərində “Tefal FV9840E0” markalı ütü və “LG 43LK5100PLB.AMCB” markalı televizor alınmışdır. Həmçinin, Cavabdeh1 ilə X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Əhmədova (Gülməmmədova) Arzu Əli qızınun öhdəliklərinin icrasına zamin durmuşdur. X2 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən hədiyyəverən hədiyyəalana xx.xx.2019-cu il tarixl alqı satqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdir. Alqı-satqı müqaviləsi üzrə Əhmədova (Gülməmmədova) Arzu Əli qızının xx.xx.2022-ci il tarixinə 340 manat borcu qalır, həmin müqavilənin tələblərinə görə borclunun dəbbə borcu isə 102 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh Əhmədova (Gülməmmədova) Arzu Əli qızına və Cavabdeh1 rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X2 ilə cavabdeh Əhmədova (Gülməmmədova) Arzu Əli qızı arasında xx.xx.2019-cu il tarixli, STN07-0037 saylı alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh Texnoplus mağazasından cavabdeh 1020 manat dəyərində “Tefal FV9840E0” markalı ütü və “LG 43LK5100PLB.AMCB” markalı televizor alınmışdır. X2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Əhmədova (Gülməmmədova) Arzu Əli qızının öhdəliklərinin icrasına zamin durmuşdur. X2 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, hədiyyəverən hədiyyəalana xx.xx.2019-cu il tarixl alqı satqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdir. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdeh Əhmədova (Gülməmmədova) Arzu Əli qızının iddiaçıya ödənilməmiş borcunun məbləği 340 manat əsas borc, 102 manat dəbbə pulu olmaqla, cəmi 442 manat təşkil edir. Sənədlərdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri: satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilələrdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh Əhmədova (Gülməmmədova) Arzu Əli qızından və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, STN07-0037 saylı alqı-satqı müqaviləsi üzrə 340 manat əsas borc, 102 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 442 (dörd yüz qırx iki) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar