Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4412/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “ödənilməmiş pul və ona hesablanmış dəbbə pulunun geri qaytarılması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “ödənilməmiş pul və ona hesablanmış dəbbə pulunun geri qaytarılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 fevral 2021-ci il tarixli 4.401.004318 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 408 manat əsas borcun, icranı gecikdirdiyinə görə illik 5 faiz olmaqla 1 il 3 ay üçün 26 manat, habelə 50 manat cərimənin, ümumilikdə isə 484 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2021-ci il tarixli 4.401.004318 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən 451.10 manat dəyərində məişət avadanlıqlarını əldə etmişdir. Cavabdeh həmin müqavilə üzrə ilkin ödəniş olaraq 43.10 manat ödəniş etmiş, qalıq 408 manatı 6 ay müddətində hər ay 68 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, borcdan ödəniş ümumiyyətlə aparılmamış, qalıq borcu 408 manatdır. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2021-ci il tarixli 4.401.004318 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən 451.10 manat dəyərində məişət avadanlıqlarını əldə etmişdir. Müqaviləyə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən onun 10 iyun 2022-ci il tarixə borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 02 fevral 2021-ci il tarixli müqaviləyə əsasən hesablanmış 50 manat cərimə məbləği azaldılaraq 5 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla cəmi 26 manat məbləğində faiz borcunun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 1 il 3 ay üçün 26 manat məbləğində faiz borcunun tutulmasını tələb etsə də, həmin borcu hansı qaydada hesablaması, 1 il 3 aylıq müddətin hansı dövrü əhatə etməsi kimi halları müəyyən edə biləcək hər hansı mötəbər sənədi iş materiallarına əlavə etməmiş, bu hal məhkəmə araşdırması zamanı ilə işin hər hansı halında aşkarlanmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinin müddəti 02 avqust 2021-ci il tarixdə bitmiş, iddiaçı isə hazırkı ərizə ilə məhkəməyə 13 iyun 2022-ci il tarixdə müraciət etmişdir. Odur ki, borclunun icranı gecikdirdiyi 10 ay üçün 17 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 02 fevral 2021-ci il tarixli müqavilə üzrə 408 manat əsas borc, icranı gecikdirdiyinə görə 17 manat faiz borcu və 5 manat cərimə borcu olmaqla, cəmi 430 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 02 fevral 2021-ci il tarixli müqavilə üzrə 408 (dörd yüz səkkiz) manat əsas borc, icranı gecikdirdiyinə görə 17 (on yeddi) manat faiz borcu və 5 (beş) manat cərimə borcu olmaqla, cəmi 430 (dörd yüz otuz) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-4412/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4412/2022
05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver