Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-45/2025 10.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi “A” və “D” tikililərindən ibarət olmaqla, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışa əsasən “A” tikilisi İddiaçı, “D” tikilisi isə Cavabdeh Yuriyevnaya məxsusdur. Hər iki tikili eyni ünvan nömrəsi ilə qeyd edilsə də faktiki olaraq naturada bir birindən ayrı evlərdir. Hər iki evə aid həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsi üzərində hüquqlarımızı birgə həyata keçirirdik. Hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən qeydiyyat orqanı tərəfindən tərtib edilmiş Texniki Pasportda əks olunmuş parametrlərdən də görünür ki. fərdi yaşayış evinin ayrı-ayrı tərəflərdən iki həyət girişi mövcuddur. “D” tikilisi özgəninkiləşdirilərkən məhz bu parametrlər əsas tutularaq, bizə məxsus tikilinin arxa tərəfinə düşən həyətyanı torpaq sahəsi ayrıca girişlə birlikdə iddia ərizəsi üzrə cavabdeh tərəfin nənəsi olan əvvəlki mülkiyyətçiyə faktiki olaraq verilmişdir. Lakin, cavabdeh tərəf sonradan həmin hissədə, eləcə də onların istifadəmizdə olan hissədə əlavə tikililər inşa etmiş, nəticədə onun istifadəsinə vermiş olduğumuz giriş-çıxışı bağlamaqla onlara aid olan hissədən istifadə etməyə və onlara aid hissəyə iddia etməyə başlamışdır. Bundan əlavə, ara məsafəsinə dair tikinti normalarının pozulması hesabına əlavə tikililər onlara məxsus hissəyə birləşdirilmişdir ki, bu da hüquqlarımızın pozulmasına gətirib çıxarmışdır. Cavadehə dəfələrlə apardığı tikintinin qanunsuz olması və onun mülkiyyətində olan evdən istifadə hüquqlarımın pozulmasına səbəb olduğu barədə bildirsə də Cavabdeh Yuriyevna buna məhəl qoymur, qanunusuz hərəkətlərini bu gündə davam etdirir. Bu səbəbdən pozulmuş hüquqlarımın bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İddiaçının tələbi:
2. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh Yuriyevnanın mülkiyyətində olan “D” tikilisinə qanununsuz olaraq inşa edilmiş əlavə tikililərin cavabdehin hesabına sökülərək “D” tikilisinin əvvəlki vəziyyətinə qaytarılmasına (texniki passportda əks olunan ölçülərə uyğun) dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti:
3. Cavabdehin nümayəndəsi (vəkili) xx.xx.2023-cü il tarixdə iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçı X4 ona qarşı məhkəmədə iddia tələbi irəli sürmüşdür. Hesab edir ki, aşağıda istinad etdiyi faktiki hallara və hüquqi əsaslara görə iddia tələbi təmin edilməməlidir və bu haqda müvafiq qətnamə çıxarılmalıdır. 4.Ona qarşı qaldırılmış sözügedən iddia tələbi qərəzli xarakter daşıyır, belə ki, qeyd edilən ünvanda yerləşən "A"və "D" tikililərinə aid torpaq sahəsindən istifadə qaydaları haqqında iddiaçıya qarşı iddia qaldırdıqdan sonra qonşu kimi münasibəti mənə qarşı dəyişmişdir və bunun nəticəsi olaraq indiki iddianı qaldırmışdır. Belə ki,2005-ci il tarixdən etibarən xüsusi mülkiyyətimdə olan mənzilə köçmüşəm və hazırki vaxta qədər burada yaşayıram.Tərəfimdən yaşdığım "D"tikilisinə aid hər hansı bir əlavə tikinti aparmamışam.
5. Mülkiyyətimdə olan "D" tikilisi özü qanuni tikintidir, müvafiq dövlət reyestrində xüsusi mülkiyyət kimi adına qeydə alınmışdır. Hər iki "A" və "D"tikililərin altında yerləşdiyi və həyətyanı torpaq sahəsi müddətsiz olaraq ümumi istifadəyə verilmişdir, hazırki vaxta qədər həmin torpaq sahəəsindən birgə istifadə edirlər. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsində müdafiə üçün məhkəməyə müraciət etmək hüququ təsbit edilmişdir. Həmin məcəllənin 4.1.əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunun bu tələbi baxımından iddiaçı sökülməsini iddia qaydasında tələb etdiyi hansı tikililərin özünün qanunla qorunan hüquq və azadlıqların pozmasını və bu baxımdan hansı hüquq və azadlıqların məhkəmə qaydasında bərpa etməsini göstərməmişdir.İstinad etdiyi prosessual hüquq normasının tələbinə görə məhkəmə müdafiə hüququnun həyata keçirilməsində məqsəd fiziki və hüquqi şəxslərin pozulmuş hüquq və azadlıqlarını habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir.Qanun bu tələbi baxımından həmin çərçivədə iddiaçı qanunla qorunan hansı hüququn pozulmasını,hansı azadlığın məhdudlaşdırmasını iddia ərizəsində göstərməmişdir, bu baxımdan hesab edir ki,iddia tələbi mücərrəd xarakter daşıyır.
6. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəllənin 14-cil maddəsində mülki hüquq və vəzifələrin mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlməsi ilə bağlı müddəalar iddiaçıya münasibətdə aid edilə bilməz, çünki mülkiyyətində olan "D" tikilisinə münasibətdə onun hər hansı bir aidiyyatı yoxdur. Həmçinin iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mülki məcəllənin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
7. Qanunun bu tələbi baxımından hesab edir ki, "D" tikilisinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri xətai rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/44 nömrəli qərarı ilə ayrılmışdır, icazəsi olaraq sözügedən mübahisəli ev tikilməmişdir,evin konstruksiyası həmin dövrdə mövcud olan şəhərsalma və və tikinti qaydalarına uyğun olmuşdur. Əks halda ev qanunsuz tikinti olduğu halda belə evin sökülməsinə dair iddiaçı subyekt ola bilməz, qanunsuz tikinti və onların sökülməsi ilə əlaqədar müvafiq dövlət orqanları vardır ki,sökülmə ilə əlaqədar salhiyyətlər məhz həmin orqana aiddir.İstinad itdiyi faktiki hallar və hüquq normaların tələblərini rəhbər tutaraq hesab edir ki,iddia tələbi ilə bağlı subyekt olmadığından, digər tərəfdən sözügedən evin qanuni tikinti olması səbəbindən iddia tələbinin təmin ediulməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
İşdə iştirak edən şəxslərin izahatları:
8. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə öz izahatında bildirmişdir ki, iddia tələblərinin əsasını paylı mülkiyyət hüququ üzrə hər iki tərəfə məxsus olan torpaq sahəsi üzərində cavabdeh tərəfindən aparılmış əlavə tikilələrlə bağlıdır. Hesab edir ki, həmin tikililər tikinti normalarının tələblərini pozur. O həmin torpaq sahəsi ümumi istifadədə olmasına baxmayaraq cavabdeh tərəf həmin torpaq sahəsində özü üçün tikililər inşa etmişdir. O həmçinin sədrlik edənin sualına cavab olaraq həmin torpaq sahəsinin hazırda heç kimin mülkiyyətində olmadığını bildirmişdir. O torpaq sahəsini mülkiyyətə almaq imkanın olduğunu bildirmişdir. Tikili olduğu üçün bununla bağlı müraciət etməmişdirlər. O həmçinin qeyd etmişdir ki, həmin tikililər onların 2-ci çıxışa çıxmaq imkanlarını məhdudlaşdırmışdır. O həmçinin cavabdehin torpaq sahəsinin bölünməsi, ilə bağlı məhkəməyə müraciət etdiklərini bildirmişdir. O hesab edir ki, qeyd edilən məsələ ilə bağlı onların subyektiv hüquqları mövcuddur. O bildirmişdir ki, 1990-cı ildə sərəncam var və texniki posport mövcuddur, daha sonra 2005-ci il tarixdə yeni sərəncam verilib əlavvə tikililərin qeydiyyata alınmışdır. Cavabdehin yaşadığı ev əvvəl yardımçı tikili-anbar olub Ramazan Zəki oğlu anbarı söküb daha sonra orada yeni fərdi yaşayış evi tikib. O fərdi yaşayış evinin 1 mülkiyyətçisi olduuğunu bildirirək bununla bağlı icra hakimiyyətinə müraciət edərək torpaq sahəsində tikililər inşa etdiyini bildirərək onların qeydiyyata alınmasını xahiş edir və bundan sonra “D” tikilisini cavabdehin anasına və ya nənəsinə satır. O bundan sonra əlavə tikililərin inşa olunduğunu bildirmişdir. O sənəddə 2 qapı olduğunu bildirmişdir. O əmlakın bölünmədiyini, sadəcə tikilinin bir hissəsinin (ayrıca giriş-çıxışı olan) satılır. O qapının bir neçə ildir bağlandığını bildirib. 0 1990-cı il tarixli sərəncam və onun əsasında tərtib edilmiş texniki posport olduğunu və 2005-ci il tarixli sərəncam və onun əsasında tərtib edilmiş texniki posport olduğunu bildirmişdir. O tikilinin bir qasının bir küçəyə digər qapının isə başqa bir küçəyə açıldığını bildirmişdir. O suala cavab olaraq texniki posportda adlarla bağlı dəfələrlə dəyişiklik olduğunu lakin texniki parametrlərdə dəyişiklik olunmadığını bildirmişdir.
9. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, O iddiaçının hüquqlarının pozulmadığını qeyd etmişdir. O qeyd etmişdir ki, hakim Şəhriyar Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında qəbul edilmiş qətnamədən də görünür ki, 106 kv.m torpaq sahəsini onlar götürmüş, 176 kv.m torpaq sahəsi isə iddiaçıda qalmışdır. Onlar bu bölünməni özlərinin təklif etdiyini qeyd etmişdir. O ekspertin rəyinə əsasən iddiaçıya 3 kv.m düşdüyünü, lakin onlar 3kv.m əvəzinə 70 kv.m sahə verdiklərini qeyd etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) əlavə tikili ilə bağlı qeyd etmişdir ki, əlavə tikili 1990-cı ildə tikilmişdir və XDS-nin İK-nın qərarına əsasən qeyd edilmişdir ki, qanunsuz tikili Ramazov Zəkinin adına qeydiyyata alınsın və bu səbəbdən 2013-cü ildə qüvvəyə minmiş tikinti normaları onlara tətbiq edilmir. O iddiaçının məqsədinin cavabdehin çıxış qapısından məhrum etmək olduğunu və qərəz məqsədi daşıdığını bildirmişdir. O bildirmişdir ki, Ramazan Zəki iddiaçının babasıdır. O bildirmişdir ki, 2005-ci il tarixdə cavabdeh həmin evə köçmüşdür.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş çıxarışa “A” tikilisi X1 məxsusdur və xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır və X2 məxsus “D” tikilisi isə xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
11. xx.xx.2005-ci il tarixli sərəncamdan çıxarışa əsasən X7 öz şəxsi mülkündə olan Y.Əliyev küçəsindəki 12/5 saylı evində aparmış olduğu tikililər aşağıdakı kimi hüquqi qeydiyyatdan keçirilməsi (Sahəsi (3,55+3) (2x5,5) ölçüdə yaşayış otağı, (2,4x3,5) ölçüdə dəhliz, (3,2x3,5) ölçüdə mətbəx və (2,2x2,0) ölçüdə hamam, ayaqyolu) Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüqüqları qeydiyyatı idarəsindən xahiş edilsin ki, vət. Ramazan Zəki oğlunun adına verilmiş texniki pasportda müvafiq dəyişiklik edilməsi, Sərəncamın surəti vətəndaşa və Ti və MHQİ-yə gönderilməsi qərara alınmışdır.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli fərdi yaşayış evinə dair texniki pasport.
13. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-101/2024 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilməsi, ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsinə olan giriş-çıxış qapısı ümumi istifadədə qalmaqla, həmin qapıdan "D” tikilisinin giriş qapısınadək uzunluğu 19 metr, eni 5,6 metr olan sahə Cavabdeh istifadəsində saxlanılması, İddiaçı 100 (yüz) manat dövlət rüsumu alınaraq Cavabdeh ödənilməsi, İddiaçı məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X5, kodu: 210005, VÖEN: **********. Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
14. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli, 10/2942 nömrəli məhkəmə məhkəmə tikinti-texniki ekspertiza rəyinə əsasən, 1-ci və 2-ci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi ev 12/5 ünvanında yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş və Texniki pasport sənədində göstərilən Vaşayış evinin giriş qapısının qarşısında və iddiaçının istifadəsində olan «A» literli fərdi yaşayış evinin divarına bitişik ümumi sahəsi 5,8 kv.m olan əlavə tikili inşa edildiyi və həmin tikilinin ümumi tikinti altı sahəsinin 6,2 kv.m təşkil etdiyi müəyyən edilmişdir. 3-cü sual üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Texniki Pasportda göstərilən “D” literli fərdi yaşayış evinin giriş qapısının qarşısında və iddiaçının istifadəsində olan “A” literli fərdi yaşayış evinin divarına bitişik inşa edilmiş tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.2-1-ci bəndlərinin tələblərinə uyğun olaraq divar ilə mövcud tikili arasında 0,96 m (3,2 x 0,3) qoyulmadan inşa edildiyini nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.2-1-ci bəndlərinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. 4-cü, 5-ci və 6-cı suallar üzrə: Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi ev 12/5 ünvanında yerləşən torpaq sahəsinin faktiki (mövcud) vəziyyətini, planlı yerləşməsini və digər texniki göstəricilərini (giriş-çıxış qapısının bir ədəd olduğunu, üç tərəfdən qonşu sahələrlə, bir tərəfdən küçə ilə əhatə olunduğunu) nəzərə alaraq, tədqiq olunan həyətyanı torpaq sahəsinin bölgüsü (istifadə qaydasının müəyyən edilməsi) Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin "Şəhər, qəsəbə və kənd yaşayış məskənlərmin planlaşdırılması və tikilib abadlaşdırılması"nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.
15. Mülki iş materiallarına əlavə edilmiş sənədlər.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Konstitusiyası:
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. 1964-cü il 11 sentyabr tarixdə qüvəyə minmiş və 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR-nin Mülki Məcəlləsi:
73. hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiəetmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir;
76. iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə, arbitrajvə ya münsiflər məhkəməsi tərəfindən tədbiq olunur;
77. iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə,arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur;
78. iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir;
82. iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rəddetmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir;
105. müəyyən icazə və ya lazımi şəkildə təsdiq edilmiş layihə olmadan,yaxud əsas inşaat normaları və qaydalarını kobudcasına pozmaqla ev və ya onun bir hissəsini (evin yanında əlavə bina) tikən vətəndaş, bu evdən və ya yandan tikilmiş əlavə bina üzərində sərəncam verməyə (satmağa, bağışlamağa, kirayəyə verməyə və s.) haqlı deyildir. Belə ev və ya evin yanında tikilmiş əlavə bina məhkəmənin qətnaməsinəəsasən əvəzsiz olaraq alınıb yerli X6 fonduna verilə bilər, yaxud rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarına əsasən, həmin bina onu özbaşına tikdirən şəxs tərəfindən və ya onun hesabına sökülə bilər;
147. pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədarolmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər;
148. bu Məcəllənin 142-147-ci maddələrində nəzərdə tutulmuşhüquqlar həmçinin, mülkiyyətçi olmasa da, qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edənə də məxsusdur.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 117.2. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.
21. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
22. İddiaçı məhkəmədən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh Yuriyevnanın mülkiyyətində olan “D” tikilisinə qanununsuz olaraq inşa edilmiş əlavə tikililərin cavabdehin hesabına sökülərək “D” tikilisinin əvvəlki vəziyyətinə qaytarılmasına (texniki passportda əks olunan ölçülərə uyğun) dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, ev 12/5 ünvanında yerləşən fərdi yaşayış evi "A" tikilisi İddiaçı, "B" tikilisi Cavabdeh adına olmaqla paylı mülkiyyət kimi dövlət reyestrində qeydiyyata alınmışdır, həmin ünvandakı fərdi evlərin küçəyə çıxışını təmin edən bir əsas giriş-çıxış qapısı vardır və "ünvan 3 ünvanı həmin qapıya aiddir, iddiaçıya məxsus fərdi evin 60 sm enində olan dar və uzun dəhlizlə başqa ünvana çıxışı vardır, tərəfərə məxsus evlərin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, ev 12/5 ünvanındakı həyətyanı torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, üzərində tərəflərin istifadə hüququ vardır, həyətyanı torpaq sahəsinin faktiki ümumi sahəsi 471,1 kv.m, orada inşa edilmiş fərdi evlərin, eləcə də, sanitar qovşaq və qaraj tikilisinin altına düşən sahə 196,5 kv.m, qalan həyətyanı torpaq sahəsinin faktiki sahəsi 274,6 kv.m təşkil edir, həmin həyətyanı torpaq sahəsi tərəflərdən heç birinin xüsusi mülkiyyətində deyil və ümumi istifadədə olan sahə olmuş, iddiaçı və cavabdeh həmin sahədən birlikdə istifadə etmişlər.
24. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-101/2024 saylı qətnaməsindən görünür ki, ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsinə olan giriş-çıxış qapısı ümumi istifadədə qalmaqla, həmin qapıdan "D” tikilisinin giriş qapısınadək uzunluğu 19 metr, eni 5,6 metr olan sahə Cavabdeh istifadəsində saxlanılmışdır. Qeyd edilən qətnamə ilə hazırki mübahisə üzrə cavabdehin uzunluğu 19 metr, eni 5,6 metr olan sahə üzərində hüququ tanınmışdır.
25. Məhkəmə hesab edir ki, sökülməsi tələbedilən tikili hazırda qüvvədə olan Mülki Məcəllə qəbul edilənədək inşa edildiyindən MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisə həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin normaları tətbiq edilməklə həll edilməlidir. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 105-ci maddəsinə əsasən cavabdehin faktiki istifadəsində və sahibliyində olan ev onun mülkiyyətindədir, lakin torpaq sahəsi hər iki tərəfin faktiki istifadəsində və sahibliyində, yəni qanuni sahibliyindədir. Həmin Məcəllənin 147-ci və 148-ci maddələrinə əsasən iddiaçının qanuni sahibliyində olan əmlakdan istifadəyə maneələrin aradan qaldırılmasını tələb etmək hüququ olmuşdur.
26. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 73-cümaddəsinə istinad edərək düzgün olaraq qeyd etmişdir ki, iddiaçının iddia etdiyi hüquq pozuntusu tikili inşa edildiyi vaxtdan yaranmış, lakin iddiaçı (və ya əvvəlki mülkiyyətçi Ramazan Zəki) pozulmuş hüquqlarını müdafiə etmək üçün qanunla müəyyən edilmiş 3 illik ümumi iddia müddəti ərzində iddia qaldırmamışdır. İddia müddəti keçdiyindən 30 il bundan əvvəl tikilmiş tikilinin sökülməsi barədə iddiaçının tələbi iddianın əsaslı olduğu sübut edilmiş olsa belə məhkəmə tərəfindən təmin edilə bilməz.
27. İddiaçı iddia tələbinin əsaslı olduğunu, yəni cavabdehin yaşadığı evin mövcudluğunun hazırda onun mülkiyyətindən istifadə etməsinə hər hansı şəkildə maneə yaratdığını sübut edə bilməmiş, belə bir maneənin mövcud olmadığı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli, 10/2942 nömrəli məhkəmə məhkəmə tikinti-texniki ekspertiza rəyinə əsasən və məhkəməsi tərəfindən yerində müayinə həyata keçirilməklə təsdiq edilmişdir.
28. Məhkəmə araşdırması gedişində məhkəmə tərəfindən işin hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli, 10/2942 nömrəli məhkəmə məhkəmə tikinti-texniki ekspertiza rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Texniki Pasportda göstərilən “D” literli fərdi yaşayış evinin giriş qapısının qarşısında və iddiaçının istifadəsində olan “A” literli fərdi yaşayış evinin divarına bitişik inşa edilmiş tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.2-1-ci bəndlərinin tələblərinə uyğun olaraq divar ilə mövcud tikili arasında 0,96 m (3,2 x 0,3) qoyulmadan inşa edildiyini nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.2-1-ci bəndlərinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi ev 12/5 ünvanında yerləşən torpaq sahəsinin faktiki (mövcud) vəziyyətini, planlı yerləşməsini və digər texniki göstəricilərini (giriş-çıxış qapısının bir ədəd olduğunu, üç tərəfdən qonşu sahələrlə, bir tərəfdən küçə ilə əhatə olunduğunu) nəzərə alaraq, tədqiq olunan həyətyanı torpaq sahəsinin bölgüsü (istifadə qaydasının müəyyən edilməsi) Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1nin "Şəhər, qəsəbə və kənd yaşayış məskənlərmin planlaşdırılması və tikilib abadlaşdırılması"nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.
29. Lakin məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanununa əsasən Məcəllənin bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş müddəaları istisna olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minir. Ancaq məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikili daha əvvəl tikildiyindən hazırda qüvvədə olan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi tətbiq edilə bilməz. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası haqqında qanuna əsasən Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.
30. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan digər rədd edilməlidir.
Məhkəmə xərcləri:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
32. Həmçinin iddia tələbi rədd edildiyindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti də iddiaçıdan tutulmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
3. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova