Məhkəmə qərarları › İş №e-2(011)-4548/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4548/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4548/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı cavabdehdən 1215 manat məbləğində vurulmuş zərər və 32.50 manat məbləğində dövlət rüsumunun, cəmi 1247.50 manat alınaraq iddiaçının hesabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz E240” markalı, 99–DZ–082 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il oktyabrın 09-da Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Mercedes Benz E240” markalı, 99–DZ–082 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Həsən Əliyev küçəsində, X1 idarə etdiyi “VAZ 21015” markalı, 99–NE–594 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bakı DYPİ tərəfindən xx.xx.2020-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Bakı DYPİ-in xx.xx.2020-ci il tarixli X7 haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VAZ 21015” markalı, 99–NE–594 dövlət nömrə nişanlı avtomobilə 1215 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində həmin məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan İcbari Sığorta Müqaviləsinə dair məlumata əsasən "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixdə PXA********** saylı icbari sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz E240” markalı, 99–DZ–082 dövlət nömrə nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, PXA70651 saylı Sığorta Aktının surətindən görünür ki, X4 məxsus "xxxx" ASC-də sığortalanmış “Mercedes Benz E240” markalı, 99–DZ–082 dövlət nömrə nişanlı avtomobillə “VAZ 21015” markalı, 99–NE–594 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə 1215 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli qüsur aktının surətindən görünür ki, “VAZ 21015” markalı, 99–NE–594 dövlət nömrə nişanlı avtomobilə vurulmuş zərərlə bağlı görülməli olan təmir işlərinin və ehtiyyat hissələrinin qiyməti 1215 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən, X3 mülkiyyətində olan, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh idarə etdiyi “, “Mercedes Benz E240” markalı, 99–DZ–082 dövlət nömrə nişanlı avtomobil ilə X1 mülkiyyətində olan “VAZ 21150” markalı, 99–NE–594 dövlət nömrə nişanlı avtomobil arasında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21015” markalı, 99–NE–594 dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokolun surətindən görünür ki, Cavabdeh tərəfindən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edilməsi və ara məsafəsi qaydalarının pozulması halına yol vermişdir. Nəticədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332,1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan, xx.xx.2020-ci il tarixli X7 haqqında Qərarın surətindən müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə “Mercedes Benz E240” markalı, 99–DZ– 082 dövlət nömrə nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332,1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yuxarıda istinad edilən normanın dispozisiyasında nəzərdə tutulan hüququ olmayan şəxs dedikdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə, sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "Xalq Sığorta” ASC Cavabdeh qarşı cavabdehdən 1215 manat məbləğində vurulmuş zərər və 32.50 manat məbləğində dövlət rüsumunun, cəmi 1247.50 manat alınaraq iddiaçının hesabına köçürülməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı cavabdehdən maddi zərərin əvəzi olaraq 1215 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32.50 manat, cəmi 1247.50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar