Məhkəmə qərarları › İş №e-2(011)-4552/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4552/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4552/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində STN03-6294 saylı alqısatqı müqaviləsi Müqavilə haqqında məlumat bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından 1,920 manat dəyərində“ Mikrodalğalı qızdırıcı ZLN , Çaynik ZLN , Soba ZLN, Tozsoran ZLN ” almışdır.

2. Müqavilə ilkin ödənişsiz,12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 1,920 manat ümumi məbləği 12 ayödəniş etmək şərti ilə, har ay 160 manat ödəniş etməli idi.

3. STN03-6294 № alqı-satqı müqavilə üzrə 1.820 manat əsas borc, 80 manat dəbbə pulu (cərimə borcu) və məhkəməyə ödənilən 40 manat dövlət rüsumu ilə birlikdə İddiaçı MMCyə cavabdeh tərəfindən 1,940 (min doqquz yüz qırx manat) azn ödənilməlidir

İddiaçının tələbi:

4. Cavabdeh 1820 manat məbləğində əsas borc, 80 manat məbləğində dəbbə pulu (cərimə borcu), mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu ilə birlikdə 1,940 (min doqquz yüz qırx manat) manat məbləğində borcun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi, işə sadələşdirilmiş icraat qaydasında iddiaçının iştirakı olmadan baxılması və müvafiq yazışmaları qeyd edilən ünvana göndərilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 1940 (min doqquz yüz qırx manat) manat məbləğində borcun tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

6. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər:

7. 11 yanvar 2024-cü il tarixli maliyyə arayışına əsasən, STN03-6294 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh ödənilməmiş əsas borc məbləği 1820 manat, cərimə üzrə borc məbləği 80 manat məbləğindədir.

8. 20 fevral 2023-cü il tarixli, STN03-6294 nömrəli alqı-satqı müqaviləsi və alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinə əsasən, Mikrodalğa qızıdırıcı ZLN, Qazan dəsti ZLN, Soba ZLN, Tozsoran ZLN markalı əşyalar üçün cəmi 1920 manat ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi 12 ay müddətinə, aylıq 160 manat olmaqla müəyyən edilmişdir.

9. xx.xx.2023-cü il tarixli, STN03-6294 nömrəli təhvil-təslim aktına əsasən, Mikrodalğa qızıdırıcı ZLN, Qazan dəsti ZLN, Soba ZLN, Tozsoran ZLN markalı əşyalar Cavabdeh tam qüsursuz təhvil verilmişdir.

10. Pretenziya (xəbərdarlıq) məktubuna (xx.xx.2024-cü il tarixli poçt qəbzi) əsasən, öhdəliyin icra edilməməsi nəticəsində Cavabdeh 01 fevral 2024-cü il tarixinə İddiaçı MMC-yə 1900 manat borcu yaranmışdır və bu borcun 3 gün ərzində ödənilməsi xahiş olunmuşdur. Əks halda borcun qaytarılması ilə bağlı müvafiq qaydada hüquqi tədbirlər görüləcəyi bildirilmişdir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Məhkəmənin mövqeyi:

13. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

14. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)

15. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

16. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh qalıq əsas borc 1820 manat, cərimə borcu 80 manat, ümumi borc 1900 manat pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. Cavabdeh 20 fevral 2023-cü il tarixli, STN03-6294 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən qalıq əsas borc 1820 manat, cərimə borcu 80 manat olmaqla, ümumilikdə 1900 (min doqquz yüz) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.

4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar